Yaponya "Apple" və "Google" ilə bağlı qanun qəbul edib.
Teleqraf.com xəbər verir ki, yeni qanuna əsasən "Apple"ın iOS və "Google"un Android smartfon əməliyyat sistemlərinin, proqram mağazalarının və ödəniş platformalarının provayderlərinə birbaşa yerli platformaların özləri ilə rəqabət aparan proqram və xidmətlərin satışını bloklamağı qadağan edəcək.
Qanun istehlakçılara fayda verməyi və innovasiyaları təşviq etməyi hədəfləyir. Bundan başqa böyük şirkətlərin digər şirkətlərə süni əngəl yaratmasına mane olacaq.
Qanun pozularsa, "Apple" və "Google" gəlirinin 20 faizi məbləğində cərimələnəcəklər. "Apple" və "Google" rəqabəti məhdudlaşdıran təcrübələrə son qoymasalar, 30 faizədək cərimələnəcəklər.
Qanun həmçinin texnologiya nəhənglərinə internet axtarış sistemlərində öz xidmətlərini önə çıxarmağı qadağan edəcək.
Ədalətli Ticarət Komissiyasının nəzarətində olacaq antiinhisar qanununun 2025-ci ilin sonuna kimi qüvvəyə minməsi gözlənilir.