Rusiyada məhkəmə sosial media platformalarından biri olan "Telegram"ı 3 milyon rubl (təxminən 34 min dollar) məbləğində cərimələyib.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyinin (Roskomnadzor) "Telegram"a qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.
Məhkəmə Rusiyada hökumət əleyhinə məzmuna "Telegram" vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 3 milyon rubl cərimələyib.
"X", "Facebook" və "İnstagram" kimi platformalara çıxışın olmadığı Rusiyada "Telegram" ölkədə ən populyar sosial media və mesajlaşma proqramları sırasındadır.