17 Avqust 15:24
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxeoloqlar təxminən 2000 il əvvəl Vezuvi dağından gələn vulkanik axınların Pompey şəhərini dağıtması nəticəsində ölən qadın və kişinin qalıqlarını aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, tapıntının təfərrüatları “Scavi di Pompei” jurnalında dərc olunub.

Arxeoloqlar deyirlər ki, tapıntılar məhv olmaqda olan qədim Roma şəhərindən qaçıb özlərini xilas etməyə çalışan insanların həyatlarının son anları haqda fikir verir.

Pompey müasir Neapolun cənubunda yerləşən səs-küylü kurort şəhəri idi. Şəhər hələ də aktiv vulkan hesab edilən Vezuvidən təxminən 10 km aralıda yerləşirdi.

Qazıntıları 2023-cü ildə başlayan qədim evdə arxeoloqlar skelet qalıqları aşkar ediblər. Qadının skeleti çarpayının yanında, əlində bir ovuc xəzinə ilə tapılıb: qızıl, gümüş, tunc sikkələr və bir cüt mirvari ilə işlənmiş qızıl sırğalar.

Qadının sinəsindən asılmış kimi görünən açarı da var, bu da qaçmazdan əvvəl özü ilə qiymətli əşyalar götürməyə çalışdığını göstərir.

Kəllə və dişlərinin analizinə əsasən, qadın ölən zaman təxminən 35-45 yaşlarında olub.

Kişi skeletinə gəlincə, vulkan püskürməsində ölən zaman 15-20 yaşlarında olan gənc uçan divarın ağırlığı altında əzilib və otağın küncünə, çox dar bir məkana düşüb. O, evin çıxışına az qalmış əcələ təslim olub.

Elm adamları eramızın 79-cu ildə vulkan püskürdüyü zaman şəhərdə 10-20 min arasında insanın yaşadığını və 20 dəqiqə ərzində təqribən 2000 nəfərin piroklastik axınından öldüyünü təxmin edirlər.

Piroklastik axın vulkan püskürməsi zamanı əmələ gələn yüksək temperaturlu vulkan qazları, lava, kül və torpağın qarışığıdır. Axının sürəti bəzən saatda 700 km-ə çatır, qazın temperaturu isə 100-800 dərəcə Selsi olur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər