7 İyul 2016 16:40
3 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə müsahibəni təqdim edir:

- Zəlimxan bəy, Borçalı Cəmiyyətində son fəaliyyət nədən ibarətdir?

- Mayın 28-də konfrans keçirdik. İdarə Heyəti hesabatını verdi. MNTK və digər strukturların hesabatı dinlənildi. Eləcə də İdarə Heyətinin 15 nəfərdən ibarət tərkibi təsdiq edildi. Yeni dönəm üçün fəaliyyət istiqamətləri müəyyən olundu. Hazırda cəmiyyətin strukturları normaldır. Konfrans zamanı qarşıdurma və ya parçalanma kimi hallar olmadı. Konfransdan sonra mənim Qarsa səfərim baş tutdu. Qarsda əhalinin 30%-dən çoxu Borçalı türkləridir. Onlar ötən əsrin əvvəllərində məcburi ora miqrasiya ediblər. Qars səfəri zamanı kəndlərdə olduq, ziyalılar, partiya və ictimai qurumlarla müzakirələrimiz keçirildi. Hər kənddən və qurumdan bu il keçiriləcək Elat Bayramında nümayəndə iştirak edəcək. Eləcə də Qarsın bələdiyyə başqanı, dostumuz Karaçanta da bu tədbirə qatılmağa çalışacaq. Bakıda isə hazırda Elat Bayramına hazırlaşırıq. İyulun 9-da isə müşavirəmiz olacaq.

- İyunun 25-də bir qrup cəmiyyət üzvü konfrans keçirərək özlərinə yeni sədr seçib, sizi rəhbər kimi görmədiklərini ifadə ediblər. Borçalı Cəmiyyəti daxilində nə baş verir?

- Onların cəmiyyətə heç bir aidiyyəti yoxdur. Cəmiyyətin adından toplantı keçirmək qanuna ziddir. Ən azı ona görə ki, cəmiyyətin idarə heyəti, rəhbər orqanları, sədri kiməsə Borçalı Cəmiyyətinin adından danışmaq və tədbir keçirmək səlahiyyəti verməyib. Eləcə də kiminsə gedib cəmiyyət adından tədbir keçirmək səlahiyyəti yoxdur.

- Ancaq keçiriblər və hətta Kərəm Məmmədovu cəmiyyətin sədri elan ediblər...

- Əgər cəmiyyət varsa, onun rəhbər heyəti, strukturları var. Kimsə fövqəladə nəsə keçirmək niyyətində olardısa, bunun üçün müraciət etməli idi. Şübhəsiz ki, cəmiyyət üzvlərinin belə hüququ var. Ancaq növbədənkənar konfrans keçirmək istəyənlər bunu rəhbər strukturlara müraciətində əsaslandırmalı idi. İdarə Heyəti də buna baxar və məqsədə müvafiq hesab edərdisə, bu zaman konfrans keçirilərdi. Ancaq bunlar İdarə Heyətinə saymazlıq, yeni qrup yaratmaq xətti seçiblər. Onlar orda-burda toplaşır, danışırlar. Lakin onların Borçalı Cəmiyyətinə heç bir aidiyyəti yoxdur.

- Bu adamlar Borçalı Cəmiyyətinin üzvləridirmi?

- Onların içərisində cəmiyyətin üzvü olan şəxslər olub. Ancaq təsəvvür edin ki, bəzisinin 5, bəzisinin 15, eləsi də var ki, 20 ildir ki, Borçalı Cəmiyyəti ilə əlaqəsi, kontaktı yoxdur. Amma qəfildən cəmiyyət üzvü kimi peyda olmaq istəyir. Bu da təbii ki, Azərbaycan dövlətinin qanunlarına, cəmiyyətimizin nizamnaməsinə ziddir. Təbii ki, məsələ hüquq müstəvisində öz həllini tapmalıdır.

- Hüquq müstəvisi deyərkən konkret nəyi nəzərdə tutursunuz?

- Zəlimxan Məmmədli olaraq mən Azərbaycan ictimai-siyasi həyatında sözümü demiş insanam. Mən məsələyə kifayət qədər dolğun baxıram. Bəlli qrupun mətbuat savaşı, qarşıdurmalar, ictimai rəyi çaşdırmaq, ucuzlaşmalar kimi hədəfləri var. Ancaq biz bu hədəflərə alət olmayacağıq. Azərbaycan dövlətinin ədliyyə orqanları var. 1993-cü ildə yaradılan Borçalı Cəmiyyətinin hər il ümumi yığıncağı olmalı olduğu təqdirdə 2 dəfə bərpa konfransı keçirilib. Amma 2009-cu ildən bu yana biz nizamnaməyə və QHT-lər haqqında qanuna uyğun olaraq hər il ümumi yığıncağımızı keçirmişik və nizamnaməyə əməl etmişik. Əgər onlar nizamnamə dışında hərəkət edirlərsə, bu ayrı məsələ.

Fikrimcə, bu insanlar faydalı iş görmək istəyirlərsə bir qurum yaradardılar, bizi də dəvət edərdilər, gedib xeyir-duamızı verərdik. Beləcə iş birliyi olardı, insanlar Borçalı probleminin həlli üçün səfərbər olardı. Bu dövlətimizə, millətimizə və mədəniyyətiməzə sayğı nümunəsi olardı. Ancaq indi mövcud olan bir cəmiyyəti dağıtmaq cəhdi var. Bu da, qəbul edilən hərəkət deyil. Nə soydaşlarımızın, nə bu işə rəvac verənlərin, nə də Azərbaycan dövlətinin və Gürcüstanın milli maraqlarına uyğun deyil. Bu gün Borçalı Cəmiyyətinin timsalında borçalıların icmalaşması prosesini əngəlləmək cəhdləri var. Subyektiv mülahizələr əsasında mənim Gürcüstana buraxılmağım qadağan olunub. Bundan da sui-istifadə etmək halları var.

Bizim son konfransdan sonra sənədlərimiz Ədliyyə Nazirliyinə təqdim edilib. Nazirlik baxar. Ədliyyə orqanı ədalət orqanıdır və mənə elə gəlir ki, bu qurum ədaləti bərpa edəcək. Beləliklə, hər kəs öz yerini biləcək. Onlar fəaliyyət göstərmək istəyirlərsə, cəmiyyətin qərarlarına sayğılı olsunlar, proseslərdə iştirak etsinlər, rəhbər strukturlar təmsil olsunlar, güclü olsunlar və məndə onların əlindən sıxaraq təşəkkür edim və beləliklə də, real varislik prosesi başlasın. Amma zorakılıqla, günorta vaxtı tutaq ki, Nemət Orucovun küçədə qarşısını kəsirəm, deyirəm ki, sənin adın Nemət deyil. Belə hal hörmətsizlik, mənimsəmək cəhdidir və heç kimə şərəf gətirən iş deyil.

- Qarşı tərəflə sizin təmaslarınız olubmu və onların hansı məqsədlə bu addımları atdığını soruşmusunuzmu?

- Onlar mətbuatda hər şeyi deyirlər. Hətta bir-birinə zidd fikirlər də söyləyirlər. Onlardan nəsə soruşmağa da ehtiyac qalmır. Əgər qanundan kənar nəsə varsa, bunun məsuliyyətini də həmin şəxslər daşıyır. Biz hüquqi şəxs olaraq, eləcə də mən cəmiyyətin qanuni təmsilçisi olaraq yeni seçilən İdarə Heyəti ilə birlikdə yolumuza davam edirik.

- Ancaq demisiniz ki, dəstək məqsədilə kürəyinə əlinizi qoyaraq yüksəltmək istədiyiniz adamlar az qala ayağını çiyninə qoyaraq sizi aşağı sıxmaq istəyir...

- Zaman-zaman olub. Həyatdır yaşayırıq. Böyük övliyalar, peyğəmbərimizin, Həzrət Əlinin həyatında da belə hallar baş verib. O qədər olub ki, mənim vasitəmlə allah əlini çörəyə çatdıranlar mənə dirsək göstəriblər, üzümə duranları görmüşəm. Təbii ki, indi də bu addan sui-istifadə etmək cəhdləri var. Elə məsələlər var ki, onu zaman həll edəcək, diktə edəcək ki, obrazlı desək, mənim əlimi çiyninə qoyduğun kimlər idi, ayağını mənim çiynimə qoyanlar kimlər olub. Yaxın zamanlarda o da bilinəcək.

- Elat Bayramına hazırlıq hansı səviyyədədir?

- Hazırlıqlar yüksək əhval-ruhiyyə ilə gedir. Borçalı Cəmiyyətinin nümayəndə heyəti bölgə qubernatoru, ictimaiyyət nümayəndələri ilə görüşüb. Bu proses davam edir, gündə onlarla pozitiv mesajlar alırıq. İnsanlarımız və elimiz bu bayrama hazırdır. Türk dünyasının çeşidli yerlərindən, MDB ölkələrindən, Avropadan yüzlərlə insan Elat Bayramında iştirak edəcək. Artıq bu el ruhu hopan bir bayramdır. Bunu əngəlləmək, qarşısını almaq qeyri-mümkündür. Elin ruhu olan şey çox güclüdür. Burada ən mühümü elin ruhudur. Bölgə qubernatoru da müsbət mesajlarını verib.

- Bu il Gürcüstanda seçki ilidir. Sizin cəmiyyətin seçkilərlə bağlı mövqeyi nədən ibarətdir?

- Biz Azərbaycanda olduğu kimi Gürcüstanda da seçki prosesinə qətiyyən qarışmırıq. İnsanların azad seçim hüququna hörmətlə yanaşacağıq. Bu, Borçalı Cəmiyyətinin tarixi qərarıdır və bizim təşəbbüsümüz əsasında verilib. Ancaq bizə qədər olan dönəmdə Borçalı Cəmiyyəti hər zaman siyasətin yedəyi olub.

- Gürcüstan tərəfi Elat Bayramına necə münasibət göstərir?

- Mənim də bölgə qubernatoru ilə telefon danışığım olub. Kifayət qədər normal yanaşılır. Bizim təkliflərimiz və arzularımız olub ki, Elat Bayramı rəsmi keçirilsin, təqvimə daxil edilsin. Artıq Gürcüstan rəsmiləri mənə bu bayramı rəsmi dövlət səviyyəsində keçirmək istədiklərini bildiriblər. Məndə bunu birmənalı olaraq arzulayıram. Borçalı insanları Gürcüstan dövlətinin vətəndaşlarıdır. Hakimiyyətlər daima bir-birini əvəz edə bilər. Biz də kiməsə acıq etmək niyyətində deyilik. Elat bayramı bizim soydaşlarımızın adı ilə mədəniyyətlərin, dinlərin, toplumların uyğunlaşan harmoniyasının təmin edildiyi tədbirdir.

Burada gürcü və Azərbaycan mədəniyyət nümayəndələri iştirak edəcək. Eləcə də digər millətlərin, mümkündür ki, osetinlərin və digər xalqların istəkləri ola bilər. Bizim iyunun 9-da keçiriləcək müşavirədən sonra daha bir heyətimiz Gürcüstana gedəcək. Elat Bayramının ssenarisi, tədbirin idarə olunması məsələlərini həll edəcək. Artıq Elat Bayramı Qafqazda birlik üçün ciddi ictimai təkandır. Bu, gələcəkdə Cənubi Qafqazda birlik və bərabərlik havasının əbədi olmasına, dövlətlərimizin, xalqlarımızın və mədəniyyətlərimizin yaxınlaşmasına gətirib çıxaracaq.

- Alternativ cəmiyyət yaratmaqda məqsəd həm də Elat Bayramını pozmaq ola bilərmi?

- Mən bir söz deyə bilmərəm, amma bu adamlar mətbuatda hər şeyi deyirlər. Ağsaqqal, ziyalı yerini aydın bilməlidir. Dünya 5 günlük olmaqla bərabər həm də fani deyil. Dünyanın əbədiliyi də var və orada yaxşı əməllərlə qalmaq olur. Mən onları yaxşı işlərə dəvət edirəm. Bu xətadır və dərinləşməməsi üçün toplaşsınlar, yeni qurum yaratsınlar, biz də iştirak edək, əməkdaşlıq içində olaq. Hamını bir yerə toplamaq çox çətin məsələdir. Müxtəlif ideologiyalar, təfəkkürlər və insan tipləri var. Əslində, çoxpartiyalı sistem fəlsəfəsinin arxasında həm də bu amil durur. Hamının ağasıyam, hamının rəhbəriyəm kimi iddiada deyiləm. Görəvim Borçalı Cəmiyyətinin rəhbərliyində təmsil olunmaqdır. Nizamnamə və qanunlar var. Biz bu proyekti həyata keçiririk, maneçilik yaratmasınlar. Öz adlarını da qorusunlar. Bundan da elimiz, xalqlarımız, mədəniyyətlərimiz xeyir götürsün.


NEMƏT ORUCOV


Müəllif:

Oxşar xəbərlər