Azərbaycanın Dubayda Baş Konsulu Pərviz İsmayılzadənin müsahibəsi:
- Son aylar ərzində Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn turistlərin sayında əsaslı artım özünü göstərir. Bu əsasən hansı amillərlə bağlıdır?
- Qeyd etmək lazımdır ki, 2015-ci ilin 1-2 aprel tarixlərində BƏƏ-nin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun Azərbaycana, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin 1-2 fevral tarixlərində BƏƏ-yə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına xüsusi təkan verdi. Dubaydakı Baş Konsulluğumuz ölkəmizin BƏƏ-dəki səfirliyi ilə birlikdə və əlaqələndirilmiş şəkildə akkreditə olunduğu Dubay və Şimal Əmirlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.
Dövlətimizin başçısının tapşırığına əsasən, 2015-ci ilin 1 noyabr tarixindən etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi onların turist kimi ölkəmizə axınını əsaslı dərəcədə sürətləndirdi. Artıq Baş Konsulluq tərəfindən BƏƏ vətəndaşlarına turist vizaları verilmir, onlara sadələşdirilmiş qaydada ölkəmizin beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilməsi həyata keçirilir.
Ümumiyyətlə, ölkəmizə gələn əcnəbi turistlərin sayının artmasında Azərbaycanı qlobal səviyyədə tanıdan Avroviziya, Birinci Avropa Oyunları və Formula 1 Avropa Qran Prisi kimi mötəbər tədbirlərin xüsusi rolu var.
Ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik, turizm infrastrukturunun inkişafı, Azərbaycanın füsunkar təbiəti, xalqımızın mədəniyyəti, tarixi və mətbəxi kimi amillər də turistlərin cəlb edilməsinə öz əsaslı töhfəsini verir.
Coğrafi və mədəni-dini yaxınlığı, BƏƏ və ümumiyyətlə, Körfəz Əməkdaşlıq Şurası ölkələrinin turist ixrac potensialını nəzərə alaraq, ölkəmizin turizm marketinq strategiyasında bu region əsas hədəf istiqamətlərdən biri seçilib və BƏƏ-dəki diplomatik nümayəndəliklərimiz Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu istiqamətdə davamlı fəaliyyət həyata keçirməkdədir.
Azərbaycan ənənəvi olaraq “Arabian Travel Market” turizm sərgisində təmsil olunur. 3 minə yaxın sərgi stendi, 40 minə yaxın turizm sektorunun mütəxəssisini özünə cəlb edən bu sərgidə Azərbaycan stendi həmişə öz cazibədarlığı və məlumat yüklülüyü ilə fərqlənib. Bundan əlavə, mütəmadi olaraq, ölkəmizin mədəniyyəti və turizm imkanlarını təbliğ edən tədbirlər keçirilir və yerli kütləvi informasiya vasitələrində məlumatlar yayımlanır.
Nəticə etibarilə, 2015-ci il ərzində Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayında 16.1% artım baş verib. Bununla yanaşı, qeyd edək ki, BƏƏ-dən 2016-cı ilin ilk 4 ayı ərzində gələn turistlərin sayı 6 624 nəfər, 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olub.
Regionun əsas ticarət və nəqliyyat mərkəzlərindən biri kimi Dubayda çoxlu sayda digər ölkələrin də vətəndaşları yaşayırlar. Azərbaycanın turizm imkanlarının təbliğatı yerli vətəndaşlarla bərabər onlara da sirayət edir. Əsasən Qəmər adaları, Suriya, İran, İraq, Yəmən, Hindistan, Pakistan və İordaniya Haşimilər Krallığının vətəndaşları olmaqla, 2016-cı il yanvarın 1-dən avqustun 1-dək olan dövr ərzində Dubaydakı Baş konsulluğumuz tərəfindən qeyri-BƏƏ vətəndaşlarına verilən turist vizalarının sayında 40 faiz artım özünü göstərir.
Ölkəmizə BƏƏ-dən gələn turistlərin səfərlərinin davamlılığının təmin edilməsi və turistlərin sayının gələn mövsümlərdə daha da artırılması qarşımıza qoyduğumuz əsas hədəflər sırasındadır.
- BƏƏ-dən Azərbaycana gələn turistlər hansı kateqoriyalar üzrə təsnif edilə bilər? Məsələn ailəvi, ov, əyləncə, tibb, işgüzar və sair.
- Statistikaya əsasən, BƏƏ-dən Azərbaycana gələn turistlər sırasında ailəvi turizm üstünlük təşkil edir. Nəzərə almaq lazımdır ki, ailə institutunun güclü olduğu BƏƏ-də vətəndaşlar ailəvi turizmə daha çox üstünlük verirlər. Təbii ki, ailəvi turizm səfərinə çıxan zaman səfər edilən ölkədəki təhlükəsizlik və sabitlik şəraiti ciddi surətdə nəzərdən keçirilir. Bu mənada da Azərbaycan nümunəvi ölkədir.
BƏƏ-də əsasən səhra iqlim şəraiti hakim olduğu üçün bu ölkədən gələn turistlər paytaxt Bakı ilə bərabər ölkəmizin dağlıq və dağətəyi turizm regionlarına da üz tuturlar. Ovçuluğun özünəməxsus ənənələri olan BƏƏ-də vətəndaşlar ov turizminə də xüsusi maraq göstərirlər. Bu baxımdan müvafiq mövsümlərə uyğun olaraq ov turizmi məqsədilə ölkəmizə gələnlərin də sayında artım müşahidə olunur. Digər bir kateqoriya kimi işgüzar səfərlər müəyyən edilə bilər. Son dövrlər ərzində işgüzar məqsədlərlə ölkəmizə səfər edənlərin də sayında əsaslı artım var.
Qış mövsümündə isə əsas hədəfimiz xüsusilə qış turizm infrastrukturunun inkişaf etdiyi regionlarımıza turist axınının təmin olunmasıdır. (“Trend”)