10 Avqust 2016 10:30
3 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yazıçı, filosof Əlisa Nicatın 80 illik yubileyidir. Teleqraf.com Ə.Nicatla müsahibəni təqdim edir:

- Əlisa müəllim, sevgi necə yaranıb?

- Əvvəllər hər şey kimi qadınlar da ümumi idi. Təkamül keçəndən sonra kişidə “mənimdir” hissi formalaşmağa başladı. Bu, tədricən, min illər ərzində yarandı. Eqoizm formalaşdı. İlk insanın artıq qarşıdakı xoşuna gəlməyə başladı və başqalarının ona sahib olmasına imkan vermədi. Artıq bundan sonra bir-birinin xoşuna gələn cütlük ayrı yaşamaq üçün daldalanacaq tikməyə başladı. Tədricən ailə yarandı.

- Aradan illər keçib, gənclik sevgililərinizdən xəbər tuta bilirsinizmi?

- Şərqiyyədən xəbərim yoxdur. O, məndən 2-3 yaş kiçik idi. Zemfira 1941-ci ildən idi, yaşadığını bilmirəm. Onunla Bakıda 2-3 ay görüşmüşdüm. 1959-60-cı illər idi. Hamı məəttəl qalmışdı ki, Əlisa necə olub ki, bu gözəl qızı razı sala bilib? Anam onlara getdi, və qayıdanda dedi ki, bizimki tutmaz, çünki "raykom" qızıdır. Səbahəddin Əlinin bir cümləsi var: Öpməyə qıyamadığım... Mən onu öpməyə qıymırdım. Bir dəfə yalandan qucaqlamışdım. Nüşabədə də belə oldu. Təsəvvür edə bilmirəm ki, insan sevgilisinə necə qovuşa bilərdi. Yəqin ki, adam dəli olardı. O qədər böyük xoşbəxtlik idi ki. O qədər mənim üçün əlçatmaz, ağlasığmaz idilər ki... Sevgilərimin heç biri baş tutmadı.

- “Keçmişlə köçənlər” adlı xatirələrinizdə 90-cı illərin üstündən tələsik keçmisiniz. Nə ilə bağlıdır?

- O dönəm çox dolaşıq, ağır idi. “Dünya filosofları” kitabım çıxana qədər həyatımın ən ağır dövrü idi. Hətta Novruz bayramını keçirə bilmirdik. İmkan olmurdu. Hətta yağ yox idi, belə fikrə düşmüşdüm ki, zeytun ağaclarından zeytun dərib qaynadıb yağ əldə edək. Belə edənlər vardı. O dövrün detallarına girməyi adam istəmir. “Turan” jurnalı 40 min çıxmışdı, əlavə də 20 min oğurluq çap eləmişdilər. Satılmışdı. Amma əsas dolanışıq “Dünya filosofları” çıxanda oldu.

- Hazırda hansı tərcümə işi ilə məşğulsunuz?

- Konfutsini tərcümə edirəm.

- Yazıb itirdiyiniz əsərlər olubmu?

- Köçəköçlərdə itənlər olub. İki povestim vardı. Biri cavan bir oğlanın həyatından idi. Martin İden kimi. Opera yazan gənc idi. Sevgililəri onu tərk edirdi. Digər povest məktəb həyatından idi.

- Əlyazmalarınızı saxlayırsınız?

- Bəzilərini saxlayıram. “Qızılbaşlar”ın da əlyazması qalır.

- Mirzə Şəfi ilə tanışlığınız necə başladı?

- Mirzə Şəfinin kitabı ilk dəfə Rusiyada çıxanda mənim üçün bomba effekti oldu. Azərbaycan poeziyasında bu qədər həyat, bu qədər gözəllik yox idi... Nə yaxşı ki, Mirzə Şəfinin yaradıcılığı almanca qalıb. Nə yaxşı ki, Bodenştedtə qismət olub. Ruscaya onu bir yəhudi tərcümə etmişdi. İki dəfə çap olundu, sonra sanki ruslar ayıldı. Artıq çapını saxladılar. Ömər Xəyyamı 300-400 dəfə çap ediblər, amma Mirzə Şəfini son 30 ildə çap etməyiblər. Birinci nəşr çıxanda tamamilə satılıb qurtardı. Mən birinci nəşrdən tapa bilmədim. İkinci nəşrdən 5 dənə almışdım, ona-buna payladım. Bir dənəsi qalıb, balaca, miniatür kitabdır. Bodenştedt “Şərqdə min bir gün” əsərində Mirzə Şəfidən nümunələr verirmiş, bir gün mətbəəyə gələndə görür ki, kitabı əllə yığan fəhlələr oradan şeirlər köçürürlər. Düşünür ki, hələ bunlar fəhlədirlər, köçürürlər, demək ki, kitab yaxşı satılar. Qərar verir və beləcə çap edir. Bundan sonra davamlı şəkildə çap edilir. Buna bir mühazirədə deyirlər ki, müəllim, sizi elə Mirzə Şəfi adlandıra bilərik? O da deyir ki, bəli, elə mənəm. Qəribədir, alman vicdanı necə buna yol verib.

- Əlisa müəllim, neçə ildir bu evdə yaşayırsınız?

- 12 ildir.

- Son romanlarınızı bu evdə, özünüz üçün ayırdığınız bu otaqda yazmısınız. Sizin yazı saatınız nə zamandır?

- Ancaq gecələr yazıram. Neçədə oyansam, o zaman. Saat on iki, üç, dörd ola bilər. Əvvəlcə doyunca yatıram, dincəlirəm, sonra oyanan kimi başlayıram.

- Yazı prosesində ətrafınızda nə olur?

- Kitablar, müxtəlif materiallar olur.

- Bir də Kafka, Nitşenin kitabları...

- “Ehram” və “Artakserks” romanları Nitşe və Kafkanın təsiri ilə yazılıb. Yəni, onlar olmasaydı, bu əsərlər olmazdı. Amma təsir yoxdur, mənim öz dünyagörüşümdür, həm forması, həm məzmunu mənə xasdır. Amma sözsüz ki, Kafkanın təsiri var. Mən Kafkanı oxuyandan sonra gördüm ki, ədəbiyyat, həyat nədir. Nitşeni oxuyandan sonra isə adamların nə olduğunu bildim.

- Romanlarda ilk cümlə məsələsi var. Necə seçirsiniz ilk cümləni? Çox fikirləşirsiniz?

- Yox. O ki mövzu birdən-birə yaranır, başlayıram yazmağa. “Artakserks”də ağlıma gəldi ki, bu adam elə həmişə bizlə olub, bizi bədbəxt edib, həmişə vardı. Ani mövzular gəlir.

- Axırıncı povestləriniz olan “Rza xan”, “Azadlıqdan doyanlar”da Rza xanın və Babəkin həyatının sadəcə bir hissəsini vermisiniz. Niyə daha geniş toxunmadınız?

- “Rza xan”da məqsədim o idi ki, Rza xanın necə ustalıqla hakimiyyətə gətirilməsini göstərim. Azərbaycanlıların bədbəxtliyinin başlanğıcını yazdım orda, ondan sonrakını onsuz da hamı bilir ki, nə gündə yaşayırlar.

- Sovet dövrü yəhudiləri ilə bağlı nə deyə bilərsiniz?

- Yəhudilərin dissidentləri qəhrəmandırlar. Sovet dövlətini onlar yıxdı. Qorbaçova da, Yeltsinə də onların təsiri oldu. Yeltsinin arvadı da yəhudi idi. Amma Nitşe deyir ki, Roma böyük fahişəxana oldu və yəhudi Allah oldu. Yəhudi qanına kimi işbazdır, hərisdir.

- SSRİ dağılmasaydı, o cür şərait davam etsəydi, yaradıcılığınız indi necə olacaqdı?

- Yolunu tapmışdım. “Gərəksiz”, “Əsarət bayramı”nı yazmışdım, bu formada davam edəcəkdim. Amma “Ehram”, “Artakserks” olmayacaqdı. O ikisi olmadısa, mən yox idim. 50 cild əsər yarada bilməzdim.

- Amma o da var ki, diktatura rejimlərində daha mükəmməl əsərlər yarana bilir.

- Çünki mövzu var. Azadlıq yoxdur, amma əvəzində azadlıq istəyi var. Bundan böyük mövzu ola bilərmi? Qaranlıqdasan, mağaradasan, işığa həsrətsən. İşıqda olanda nə yazasan ki... Belə dövrlərdə yazmaq üçün müxtəlif formalar tapılır. Məsələn, məndə “Dərvişin xatirələri”, “Gərəksiz”, “Əsarət bayramı” hərəsi fərqli bir formadır. “Əsarət bayramı”nda bir gün anladılıb. Mən bu formanı birinci dəfə Henrix Bölldə gördüm. O dövrdə dəbdə idi. Çünki insanın bir gündə yaşadığının sayı-hesabı yoxdur. Evdən çıxırsan, nələr düşünürsən, yolda nələrə rast gəlirsən, işə gedirsən, işdə nələr olur... Gücün olsa, bunu detallı təsvir eləsən, bütöv romandır. Bəziləri deyir ki, mövzu tapa bilmirəm. Ay bədbəxt, bütün ətraf, adamlar mövzudur da. Götür, Fazil Qəzənfəroğlunun bir gününü yaz. (Gülür). Yalnız içiboş adamlar deyə bilər ki, mövzu yoxdur.

- Kantın bir kəlamı var, deyir ki, ağıl qaranlıqda daha yaxşı işləyir.

- Qaranlıq deyəndə sakitliyi deyir. Gündüz ancaq praqmatik şeyləri yazmaq olar. Amma ruhi şeyləri gecə yazmaq olur. Mən tək otağı özüm üçün tikdirdim. 15 ildir. Bu otaq olmasaydı, heç nə yaza bilməzdim. Ümumiyyətlə, insanın yox olmağıyla barışa bilmirəm. Ona görə də Allahın varlığına şübhəm yaranır. Bu qədər ədalətsizliklər var. Cənnət, doğrudan da, olmalıydı. Hər kəs üçün yox, dahilər üçün.

- Əlisa müəllim, Motsart yalnız yola salınmağa məhkum idi?

- Deyirlər ki, guya Motsartın dəfni günü yağış yağırmış, hava pis olub, ona görə dostları, arvadı daxil olmaqla heç kim getməyib. İki nəfər vyanalı axtarıb həmin günkü hava məlumatını tapıblar. 200 il əvvəlin! Məlum olub ki, yalandır! Adi hava olub, yağış yağmayıb. Ona görə Salyeri Motsartı aparanda deyir: “Canım qurtardı, get, get...”.


- Sizin həyatınızda Salyerilər nə qədər olub?

- Sayı-hesabı yoxdur. Mənə Yazıçılar İttifaqında, ətrafda pislik edən nə qədər adam olub. On dəfə məni zəhərləmək istəyiblər. Qəzet redaktoru vardı, dostum idi. Masallıda yanına getmişəm, çörək yemişəm. Zəhərli... Səhərəcən qıvrılmışam. Xəstəxanaya getdim. Neçə dəfə olub... Əl çəkmirdilər. Təəccüblüdür ki, öldürmürdülər. Başıma vurub bir kənara ata bilərdilər. Quyumuza zəhər atdılar. İki yaxın dostum kənddəki evimizə gəldilər. Biri ilə gündüz görüşmüşdüm. Mən bunlar üçün çay gətirməyə gedəndə yoldaşım görür ki, ikisi də təzə qazdırdığım quyunun taxtasını qaldırıb nəsə atırlar. İki dəfə quyunun suyunu boşaltdım, yağ kimi bir şey idi.

- Bunun müqabilində onlara KQB nəsə verirdi?

- Yox, heç nə lazım deyildi. Könüllü edirdilər. Özlərini xoşbəxt hesab edirdilər ki, bunlara iş tapşırıblar.

- Amma Sovet vaxtı hökumət içində sizə rəğbəti olanlar da, yəqin ki, vardı...

- Çox idi, bildirmirdilər. Papaq altda idilər.

- Artakserksin ömrü nə qədər olacaq?

- Xalqda heç bir təşəbbüs yoxdur. Tamamilə kənarın ümidinə qalıb. 1917-də inqilab oldu, müstəqil olduq, yenə Sovet dağıldı, 1991-də müstəqil olduq. Yəni, xalqın özünün təşəbbüsü yoxdur. “Viva la morte” yoxdur axı. Bir nəfər özünə qıyan insan yoxdur. Məsələn, cənubda bir nəfər ayətullahın birini partlatsa, istədiklərinə çatarlar.

- Üzeyir bəyi görmək ən böyük arzunuz idi...

- Yeganə insandır ki, əlini öpmək istəyərdim. Hələ də onu dinləyirəm. Evdə ona aid böyük arxivim var. Plastinkalar da qalır. “Koroğlu”nu başdan-axıra əzbər bilirəm.

- Hansı əsərinizə film çəkilməsini istəyərdiniz?

- “Yol” hekayəsi var. Misirlə bağlı. “Gərəksiz”i də Sovet dönəminin güzgüsü kimi çəkmək olar.

- 80 illik yubileyinizdir. Nə arzularınız qalıb?

- Həyətimizdə lalə bitib, baxıram, yazığım gəlir. Necə gözəldir. Həyət bütün qızarıb. Nə qədər kövrək, zərifdir. Fikirləşirəm ki, necə gözəl materialdır... Torpaq bunu necə tapıb. Heç bir ipək o gözəllikdə deyil. Heç bir insan bu cür gözəl bir şey toxuya bilməz. Yazığım gəlir, heç nədən sınıb gedir... İnsan ömrü də belədir. Ona görə də külliyyatımın çapından başqa heç bir arzum yoxdur. Əlbəttə, ailəmlə bağlı arzularım var, amma əsas olan əsərlərimdir. Külliyyat az da olsa, təsəllidir. Ölməzlik sadəcə sözdədir. Bilirsən ki, sözlərdə yaşayacaqsan.

- Necə ki, Konfutsini tərcümə edərək bir ömür də siz yaşadacaqsınız.

- Əlbəttə, elədir. Amma bunun Konfutsiyə dəxli yoxdur. Heç bir xeyri də yoxdur. Ona görə də insana sağlığında dəyər verilməlidir. Elə bil ki, insan təbiətin əlində oyuncaqdır, necə istəyir, elə də yonur.

- Əlisa müəllim, kiçik xalqların yazıçıları daha ümumbəşəri fikirlər irəli sürür, amma böyük ölkələrin yazıçılarında millətçi hisslər daha güclüdür.

- Böyüklər ancaq özlərini düşünürlər. İnsan necə millətçi olmaya bilər? Şekspir millətçi idi. İstənilən alman, fransız, ingilis yazıçısını götür, millətçi olmaya bilər? Millətçi öz xalqını sevən, onun dilində yazan, danışan, onun tarixinə xidmət edəndir. Heç görmüsünüzmü ingilis fransız dilində yazsın? Ya fransız ingilis dilində?

- Azərbaycan Cümhuriyyətinin işğalından sonra bir çox siyasilərimiz, ziyalılarımız Türkiyəyə və digər ölkələrə mühacirətə getdilər, bəziləri orada tanınmış insanlar oldular. Sovet vaxtı – 60-70-80-ci illərdə mühacirlərdən kimlərsə tanış idi sizə?

- Əhməd Cəfəroğlunu bilirdim. Bir dəfə aşırı türkçü vaxtlarımda biri Əhməd Cəfəroğlunu söymüşdü. İşdə əsəbləşmişdim. Onu müdafiə edirdim ki, dünya şöhrətli alimimizdir, institutlar dəvət edir. Yazıçı Oqtay Altunbay vardı. Onun atası Sovet dövründə hərbi təyyarəçi olub. Quruluşa nifrət edirdi, təyyarəyə minib sərhədi keçmişdi. Məhəmməd Altunbay gedib orada dövlətdə işləyib, evlənib, rejissor olub. Burada da arvadı vardı, gözəl, əzəmətli qadın idi. Türkiyə ilə əlaqələr yaranandan sonra atası Oqtay üçün nələrsə göndərirdi. Bir dəfə də qızıl qalın bilərzik göndərmişdi. Ki, SSRİ kasıb ölkədir, satıb dolansınlar. Oqtay mənə dedi ki, bir türk gəlib, bir şey gətirib, gedək görüşək. Mən də indiyə qədər türk görməmişdim, bir mehmanxanaya getdik. Türk Oqtayla danışır, mən də ona elə diqqətlə baxıram ki, bir də ayıldım ki, türk qorxdu, özünü yığışdırdı. Qaçmaq istədi. Sən demə, o qədər heyranlıqla baxırammış ki... Türkiyə Kommunist Partiyasının Moskvada nümayəndəsi vardı. Getdim onu tapdım. Türklərin tarixi ilə bağlı 6 fəsil yazmışdım: Şumerlər, hetlər, midiyalılar, skiflər, etrusklar haqqında idi. Düşündüm ki, Türkiyədə bunları bilmirlər. Nümayəndə ilə görüşdüm, gördü ki, türk dəlisiyəm. Yemək yedik, dedi ki, oğlum, (35 yaşım vardı), mən bu əsəri ora keçirə bilərəm, amma səni burda yaşamağa qoymazlar, məhv edərlər. Sənin üçün təhlükəlidir.

- Moskvada görüşdünüz?

- Elədir.

- Bunu məncə ilk dəfədir danışırsınız.

- 70-ci illərin əvvəlləri idi.

- Qorxu həyatınızın hər dönəmində var idi?

- Təhlükə başımın üstündə idi. Nifrət edirdim, gecə-gündüz “Azadlıq” radiosuna qulaq asırdım. Orada “Əli və Nino”nu oxuyurdular, mənə ləzzət edirdi. Dəhşət anti-Sovet, anti-erməni əsər idi.

Üzeyir Hacıbəyovun əsərlərini qoyur, dinləyirik.

- 14-15 yaşındaydım. Patefonumuz vardı. Qonşumuzda Üzeyirin II Fantaziyasının bir hissəsi vardı. Gətirərdi, həyətdə oturub qulaq asardıq. Nə etdim onu mənə vermədi. Heç özü qulaq asmırdı, ona mənasız gəlirdi. Vermədi ki, vermədi. Plastinkaya 2-3 dəqiqəlik əsər yazılırdı. Sonra maqnitofon çıxdı, həyatım dəyişdi, əsərləri əldə etdim.

- Üzeyir bəyin ölümünü xatırlayırsınızmı?

- 12 yaşım vardı. Kommunist qəzetində ölüm xəbəri çıxmışdı. Onu görmüşdüm. O vaxtı musiqini çox anlamırdım. Əsasən, 14-15 yaşımdan sonra başladım. Sənətin, sənətkarın arxasında xalq dayanmalıdır. Amma bizdə o yoxdur.

- Yuxularınızda nə görürsünüz?

- Çox fantastik, qorxulu, qəribə yuxular görürəm. Arabir sevgi yuxuları görürəm, ilə 2-3 dəfə. Amma çoxlu hekayə mövzusu görmüşəm, durub yazmışam. Yuxu neyronların şıltaqlığıdır.

Hazırladı: Dilqəm ƏHMƏD


Müəllif: