16 Avqust 2016 16:05
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com AMEA-nın Fəlsəfə İnstitutunun professoru, analitik Əli Abbasovla müsahibəni təqdim edir:

- Əli müəllim, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan diplomatik təmasları necə qiymətləndirirsiniz?

- Hələlik maraqlı situasiya var. Hər halda aprel hadisələrindən sonra dəyişiklik müşahidə olunur. Danışıqlar və ya diplomatik təmaslar gizli formada aparılır. Əlbəttə, dünya mediasında bu səpkidə müxtəlif yazılara rast gəlinir. Biz məlum olan situasiyada aparılan danışıqların əlamətinə əsasən fikir deyə bilərik. İkincisi, indi regionda yeni ittifaq yaranır. Düzdür, bu ittifaq hələlik güclü deyil. Sanki Rusiya-Türkiyə və İran Qərbə qarşı tədbir görmək istəyir. Daha doğrusu, Rusiya və Türkiyə sanki Qərbə əzələ nümayiş etdirir ki, əgər bizimlə qarşıdurma istəyirsənsə, yeni ittifaq yaradacağıq və bu, sənə qarşı da ola bilər. Bu mövqeyə qarşı da iki mövqe var. ABŞ mövqeyi bunu qəbul etmir, çalışır ki, belə bir ittifaqı dağıtsın. İkincisi, Avropa Birliyi sanki iki daşın arasında qalıb. Bir tərəfdə ABŞ, digər tərəfdə isə bu iki dövlət. ABŞ-ın kəskin siyasətini son dövrlər Avropa Birliyi qəbul etmir. Vəziyyət bundan ibarətdir. Bu ilin sonuna qədər güman edirəm ki, hansısa proseslər olacaq. İnanmıram ki, Qarabağ məsələsində kəskin dəyişiklik baş versin, amma hansısa dəyişikliyin ola biləcəyini real hesab edirəm. Xüsusilə, Ermənistanın işğal etdiyi torpaqlarımızın bir hissəsini Azərbaycana qaytarmasını nəzərdə tuturam.

- Türkiyə-Rusiya yaxınlaşması Qarabağ prosesinə pozitiv təsir edə bilərmi?

- Əslində, beynəlxalq siyasətdə Qarabağ məsələsi böyük məsələ deyil. Böyük siyasətdə belə düşünülür ki, hələlik bu məsələ qalsın, vəziyyət pis deyil, çalışaq ki, tərəflər hərbi əməliyyata başlamasın. Biz bu siyasətin içərisində olmaq üçün öz xəttimizi göstərməliyik. Fikir verdinizsə, aprel hadisələrindən sonra danışıqlar prosesi gücləndi, münaqişənin həllinin vacibliyinə dair reaksiyalar ortaya çıxdı. Hesab edirəm ki, biz bu məsələdə regional və dünya gücləri arasında manevrlər etməliyik. Diqqət edin, Ermənistan tərəfi belə hallarda özünün ortaya qoyduğu strategiyadan istifadə edir. Gah Avropa Birliyinə yaxınlaşmaq istədiyini nümayiş etdirir, gah da Avrasiya Birliyində olduğunu ifadə edir. Hesab edirəm ki, biz də belə məqamlardan istifadə etməliyik. Təxminən Türkiyə kimi.

Baxın, Türkiyə iki qütb arasında məharətlə siyasət aparır. Bir tərəfdən Qərb və Avropa ilə birlikdə, NATO çərçivəsində, digər tərəfdən isə Avrasiya İttifaqı, Rusiya ilə yaxınlaşır. Həmçinin Çinlə, Hindistanla, Braziliya və Cənubi Afrika ilə işləyir. Beləliklə, Ankara çalışır ki, Qərb ölkələri Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza yasağını ortadan qaldırsın, eləcə də ABŞ Türkiyə ilə ikibaşlı siyasətdən əl çəksin, konkret olaraq Ankara ilə səmimi əməkdaşlıq etsin. Başqa sözlə, PKK və kürd məsələsindən istifadə etməsin, İraq, İran məsələsində Türkiyəyə qarşı fəaliyyət istifadəsini dayandırsın və s.

- İndiki mərhələdə regional dövlətlər olan Azərbaycan, İran və Rusiya əməkdaşlığını necə qiymətləndirmək olar?

- Mən bu əməkdaşlığa hələlik hərbi deyil, iqtisadi əməkdaşlıq kimi baxıram. Sözsüz ki, nə zamansa bu hərbi əməkdaşlıq kimi də ortaya çıxa bilər. Əsas odur ki, Rusiya, İran və Azərbaycan Şimal-Cənub dəmir yolunun çəkilişində maraqlıdır. Bu da, faktiki olaraq böyük əraziləri əhatə edəcək dəmir yollarından gedir. Əlbəttə, bu xəttin işləməsi nəticəsində tərəflər böyük qazanclar əldə edə bilər. Eyni zamanda bu prosesin siyasi qazancları da ola bilər.

- Sizcə, indiki mərhələdə ABŞ Qarabağ münaqişəsinin həlli prosesini Rusiyanın ixtiyarına buraxıb?

- Bəli, ABŞ dəfələrlə qeyd edib ki, Rusiyanın münaqişənin həllinə dair təşəbbüslərini dəstəkləyir. Ancaq bu o demək deyil ki, ABŞ Rusiyanın ortaya qoyacağı hər bir həll variantını dəstəkləyə bilər. Hər halda biz görürdük ki, Qarabağ məsələsində həmsədr dövlətlər fərqli zamanlarda təşəbbüskarlıq göstəriblər. Məsələn, bir müddət Fransa öndə oldu. İndi Rusiya daha çox bu proseslə məşğul olur. İstisna etmək olmaz ki, Moskvanın bu təşəbbüsündən sonra Paris də prezidentləri bir araya gətirmək üçün təşəbbüsdə olsun. Eləcə də Vaşinqton və Avropa Birliyi də bu məsələlərlə maraqlanır. Yəni cürbəcür formatlarda təmaslar olur. Səfir Uorlik də elan edib ki, Rusiyanın təşəbbüslərini dəstəkləyir. Fikrimcə, Uorlik də bu istiqamətdə çox işləyir. Ancaq Rusiyanın münaqişənin həllinə dair əldə edəcəyi nəticələr Minsk Qrupu formatında müzakirəyə çıxarılacaq.

- Hazırda Amerikanın başı daha çox daxili işlərinə, prezident seçkilərinə qarışıb. ABŞ seçkiləri, seçkilərdən sonrakı vəziyyəti, bunun dünyanın istiqamətinə təsirini necə görürsünüz?

- ABŞ-da olan seçkilər daima dünyanın mərkəzində olub. Ona görə ki, seçiləcək ABŞ prezidenti yeni siyasət proqramı ortaya qoya və bunun dünyanın hər yerinə təsiri ola bilər. Və ya ənənəvi siyasəti davam etdirə bilər. Mən konkret bilirəm ki, çoxları çalışır ki, ABŞ-da olan seçkilərdə hansısa formada iştirak etsin. Xüsusilə, son turda qalan iki şanslı namizəddən birini dəstəkləmək, ona maliyyə və digər köməklik göstərmək istəyirlər. Bu da, göstərir ki, hələlik Amerika dünyada bir nömrəli ölkədir və siyasi proseslərə ciddi təsir göstərir. Odur ki, ABŞ-da keçirilən prezident seçkilərinə diqqət maksimum olur. Bu dəfə də, seçkiyə və namizədlərə diqqət yüksəkdir. Çünki tarixdə ilk dəfə olaraq ABŞ prezidenti Afro-amerikan oldu və bundan sonra yeni prezident də xanım ola bilər. Bu baxımdan situasiya olduqca maraqlıdır və hər kəs çalışır ki, bu vəziyyətdən məlumatlı olsun. Bu saat dünyada bir nömrəli proses məhz bu seçkilərdir. ABŞ ilk növbədə özünün daxili siyasətinə fikir verir, bundan sonra xarici siyasətə keçid edir. Məncə, bu, vacib mərhələdir və yeni Amerika prezidenti xanım ola bilər.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər