Teleqraf.com siyasi analitik, professor Əli Abbasovla müsahibəni təqdim edir.
- Əli müəllim, Ermənistan prezidenti Serj Sarkisiyanın son açıqlamalarını necə qiymətləndirirsiniz?
- Fikrimcə, onun fikirlərində xüsusi bir yenilik yoxdur. Moskvaya gedib bir cür danışır, daha sonra İrəvana qayıtdıqdan sonra başqa cür bəyanatlar verir. Məsələn, adam deyib ki, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır və s. Normalda bir ölkənin ərazi bütövlüyünü tanımamaq həmin dövlətə müharibə elan etmək kimi bir şeydir. Bu adam Azərbaycanın 20 faiz torpağının işğal edilməsində rol alıb. Odur ki, sözlə əməl üst-üstə düşməlidir. Sarkisiyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, buyurub bunu addımlarla ortaya qoysun. Əks halda, deyilənlərə ciddi yanaşmağa dəyməz.
- Sarkisiyan həm də Azərbaycan prezidenti ilə “qaynar xətt” yaratmaq təşəbbüsü ilə çıxış edib...
- Mən bilən əvvəllər belə kontaktlar olub. Ancaq görünən budur ki, indi belə kontakt yoxdur. Mən deyə bilmərəm ki, rəsmi Bakı Sarkisyanın bu təşəbbüsünə müsbət və ya mənfi cavab verəcək. Normalda dialoq, birbaşa ünsiyyət yaxşıdır. Çox güman ki, bu təşəbbüslə çıxış edən Sarkisiyanın həm də başqa məqsədləri var. Ola bilsin ki, Bakı bu təşəbbüsü rədd etsə, Sarksiyan dərhal deyəcək ki, onun sülh çağırışlarına qarşı tərəf mənfi reaksiya göstərir və s. Normalda birbaşa əlaqələr yaxşıdır, sadəcə qarşı tərəf dediklərini əməldə sübut etməli, ortaya qoymalıdır. ABŞ və SSRİ-nin ən kəskin dönəmlərində birbaşa əlaqələr var idi.
- Sarkisyan regionda silahlanma haqda danışarkən bəyan edib ki, hərbi balansı saxlamaq məqsədilə Rusiyadan “İsgəndər” kompleksi almağa məcbur olublar...
- Açığı, mən inanmıram ki, Rusiya bu silahı birbaşa Ermənistan ordusuna versin. Məncə, rusların başqa bir məqsədi var, onlar Qafqazda silah və əsgəri heyətlərini çoxaltmaq istəyirlər. Bu silahın Ermənistana verilib-verilmədiyi şübhə altındadır. Sözsüz ki, bu silahı Ermənistana hərbi parad keçirilən zaman aparılmışdı. Ancaq sonra ondan xəbər çıxmadı. Bu silah Ermənistandakı rus hərbi hissələrinə də verilə bilər. Hazırda bu regionda Rusiyanın yeganə hərbi qüvvəsi Ermənistandadır. Azərbaycan və Gürcüstanda belə bir hissələr yoxdur. Deməli, həm də Ermənistanı bərkitmək istəyirlər.
Digər tərfdən, əgər “İsgəndər” kompleksi Ermənistana gedirsə, baxmaq lazımdır ki, bu silah daha çox kim üçün təhlükəlidir. Məncə, hazırda Türkiyə-Rusiya münasibətləri pis deyil, lakin dünənə qədər gərgin idi. Fikrimcə, bu silah daha çox NATO alyansına qarşıdır. Mənim fikrimcə, bu silahla Azərbaycanı qorxutmaq bir qədər doğru olmazdı. Ola bilsin ki, burada psixoloji təsir və ya təzyiq elementləri ola bilər. Amma güman etmirəm ki, bununla Azərbaycanı qorxuda bilərlər.
- Amerika-Rusiya münasibətlərinin perspektivi necə ola bilər?
- İndidən qəti söz demək doğru deyil. Təbii ki, son dəfə Obama ilə Putin arasında qısa görüş olub, tərəflər müzakirələr aparılıb. Ancaq söhbət Obamadan sonrakı münasibətlərdən gedirsə, indi nəsə demək doğru deyil. Hazırda analitiklər fərqli mövqelərdən çıxış edirlər. Bəziləri hesab edirlər ki, Rusiya-Amerika münasibətləri normallaşacaq. Başqaları isə düşünürlər ki, Donald Tramp prezident kürsüsünə əyləşdikdən az sonra Rusiya ilə bağlı fikirlərində dəyişiklik olacaq, Rusiya ilə o qədər yaxın olmaq olmaz və s. İndi biz gözləyək görək, Tramp prezident səlahiyyətlərinə sahibləndikdən sonra hansı addımları atacaq. Açığı, mən Donald Trampı təcrübəsiz şəxs hesab edirəm. Ancaq o, hansısa dəyişikliklərə, reformalara gedə bilər. Təbii ki, bu zaman xətalar da buraxıla bilər. Tramp yeni bir şəxsdir. Hesab edirəm ki, bunu nəzərə almaq lazımdır.
- Sizcə, ABŞ kimi dövlətdə təcrübəsiz şəxs prezident seçilə bilərmi?
- Mümkündür. Bunun üçün ABŞ-ın siyasi sisteminə diqqət etmək lazım gəlir. Amerikanın siyasi sistemi elə qurulub ki, belə hallara rast gəlmək mümkündür. Məsələn, Ronald Reyqan kim idi? Aktyor. Ancaq gəlib Amerikanın prezidenti seçildi. Deməli, siyasi sistem o qədər möhkəmdir ki, belə hallara imkan verir. Sistem özü belə şəxslərin hansı addımlar atmaq lazım olduğuna işarə vurur.
İkincisi, belə iddialar var ki, Donald Tramp Reyqan kimi şəxs ola bilər. Çünki məhz Reyqanın zamanında "soyuq müharibə"də faktiki olaraq ABŞ qalib gəldi, az sonra SSRİ kimi ölkə dağıldı, siyasi sistem çökdü və s. Ancaq Trampın atacağı addımlara baxmaq lazımdır. Daha əvvəl onun quracağı komandanın kimlərdən ibarət olacağı da əhəmiyyətlidir. Bu, vacibdir. Düzdür, hələlik bu kadrlar haqda söz-söhbətlər gedir. Tramp ətrafına möhkəm və təcrübəli şəxsləri toplayır. Ancaq bunun davamlı olub-olmayacağı barədə bir söz demək olmaz. Onu deyə bilərik ki, indilikdə Trampın ətrafında olan şəxslərin çoxu anti-Rusiya ab-havasında olan siyasətçilərdir. Açığı, mən bilmirəm ki, Rusiyada media və ekspertlər hansı səbəblərdən Trampın prezident seçilməsinə sevinirdilər. Baxaq görək, bundan sonra nələr yaşanacaq.
- Suriya probleminin gələcəyi necə olacaq?
- İndi dünyada bir nömrəli problem Suriya münaqişəsidir. Bəli, seçki kampaniyası dövründə Tramp elan edirdi ki, əgər prezident seçilərsə, Suriya məsələni Rusiya ilə birlikdə həll edəcək. Yəni belə bir vəd verib. Ancaq iş ondadır ki, buna qədər çoxları da vədlər verib, lakin sonra baxanda məlum olub ki, fikirlərini dəyişib.
- Gürcüstanda parlament, Bolqarıstan və Moldovada isə prezident seçkilərinə Rusiya meylli qüvvələr udub. Sizcə, bu proses hansı nəticələr yarada bilər?
-Bəli, dediklərinizdə həqiqət var. Hazırda belə bir proseslər gedir və hesab edirəm ki, bunlar ciddi proseslərdir. Ancaq bu proseslərin hansı nəticələr yaradacağını indidən demək olmaz. Əlbəttə, Rusiya bu ölkələrə dəstək göstərə, köməklik edə bilər. Ancaq "Rusiyanın özünün iqtisadi-maliyyə imkanları necədir" sualı yaranır. Odur ki, prosesləri hələlik izləmək lazımdır.
- Donald Trampın prezidentliyi dönəmində NATO zəifləyə və hərbi blok olaraq sıradan çıxa bilərmi?
- Əlbəttə, NATO-nun sıradan çıxması perspektivi yoxdur. NATO hərbi alyansdan əlavə olaraq siyasi müttəfiqlik platformasıdır. Kim imkan verər ki, belə bir platforma dağılsın və ya dağıdılsın? Heç kim. İndi NATO-nun dağıla bilmə ehtimalı haqda deyilənlər sadəcə söz-söhbətlərdir. Belə bir perspektiv yoxdur. İkincisi, belə söz-söhbətlər çox ola bilər. Ancaq reallığa baxanda bəlli olur ki, NATO get-gedə daha da möhkəmlənir. Başqa ölkələr də NATO üzvü olmaq istəyirlər. Bu halda necə ola bilər ki, NATO dağılsın? Əlbəttə, dəyişikliklər, islahatlar aparıla bilər və bu, normaldır. Lakin konkret olaraq NATO-nun dağılması reallığa uyğun olmazdı.
NEMƏT