"Azərbaycana gələndə özümü sanki başqa planetdə hiss etdim"
“Səfir xanımı” layihəsi çərçivəsində Meksikanın Azərbaycandakı səfirinin xanımı Edit Orteqa ilə müsahibə üçün qarlı havada fotoqrafımız Elçin Muradla diplomat Rodriqo Labardininin iqamətgahına yollandıq. Xanım Edit bizi qapıdaca “Xoş gəlmisiniz, bura həm də sizin evinizdir” deyə azərbaycansayağı qarşıladı. Dediyinə görə, salamlaşmaq üçün vacib sözlərdən başqa ən çox işlətdiyi sözlərdən biri “endirim” sözüdür. Xanım Edit söylədi ki, alış-veriş zamanı bu söz onun karına çox gəlir. Söhbətin sonunda isə xanım Edit bizi “Qorditas” adlı Meksika yeməyinə qonaq elədi: "Bu yeməyin lavaşını anam Meksikadan göndərib".
Beləliklə, Teleqraf.com Edit Orteqa ilə Meksika və meksikalılar haqda maraqlı söhbəti təqdim edir:
- Söhbətimizə Azərbaycandakı yaşayış tərzinizlə bağlı sualla başlamaq istərdik. Bakıda adaptasiya prosesi çətin olmadı ki?
- 2015-ci ilin mayından etibarən Azərbaycandayıq. Bakıya adaptasiya dövrü dil məhdudiyyəti olduğuna görə çətin oldu. Bundan sonra ölkəni tanımaq üçün müxtəlif vasitələrə əl atdım, Azərbaycan dilini öyrənməyə başladım. Buradakı adət-ənənələr mənim üçün bir qədər yad idi, çünki yaxından bələd deyildim. Ənənənin müxtəlifliyi mənim geyimimdə də öz əksini tapdı. Meksikalı qadınların heç biri qısa libas geysələr belə, kapron corabdan istifadə etmirlər. Bakıya gələndən sonra kapron corabdan istifadə etməyə başladım (gülür).
- Meksikalı qadınların corabdan istifadə etməməsi hava şəraiti ilə əlaqədardır, yoxsa ənənə bu cürdür?
- Bu, Meksikanın dəyişik dövrü ilə bağlıdır. 40 il öncə meksikalı qadınlar kapron corabdan istifadə edirdi, ölkə müstəqil olandan sonra bir sıra dəyişikliklər oldu. Bunlardan biri də qadınların corabsız gəzməsi idi. Bu, qadınların özlərini daha rahat hiss etməsi ilə bağlı idi. Rəsmi üslubda geyimdə belə kapron corabdan istifadə olunmur. Bu, sırf ənənəyə bağlı məsələdir.
- Dediniz ki, adaptasitya dövrü çətin idi. Bu çətinlikləri necə dəf etdiniz?
- Ölkənizə gəlməzdən öncə işlə bağlı Nikaraquada yaşamışdıq, Azərbaycana gələndə özümü sanki başqa planetdə hiss elədim. Həm coğrafi baxımdan ölkələrimiz arasında məsafə çox böyük idi, həm də vaxt baxımından 10 saat fərq var. Mənə elə gəldi ki, digər planetdə yaşayıram. Düzdür, Meksika ilə 10 saat fərq olan ölkələrdə daha öncə səyahət məqsədilə olmuşdum, amma Meksikadan uzaq ölkədə uzun müddət yaşamamışdım. Özümü ailəm və dostlarımdan uzaq hiss elədim. Ona görə bir qədər sıxıntı çəkdim. Həyat yoldaşım mənə dedi ki, sənin evin yaşadığın yerdir, Azərbaycanda yaşayırsansa, bu ölkə sənin doğma evin olmalıdır. Onun bu sözlərindən sonra mənə inam gəldi, Bakını tanımağa, insanlarla ünsiyyət qurmağa başladım. Halbuki dili bilmirdim. Səfirin həyat yoldaşı olaraq mənim missiyam var. Bu iş cənab səfiri diplomatik görüşlərdə müşayiət etmək, bir sıra şam yeməklərinə getmək və ya iqamətgahda şam yeməyi təşkil edib qonaqları qəbul etməkdən ibarətdir. Bu sırada öz işim var və onlardan biri logistika tərəfidir, tədbirlər və şam yeməklərinin təşkili zamanı logistika işlərinə özüm baxıram. Bu işlərlə özümdə inam tapdım. Həmçinin şəhərə çıxıb Bakını tanımağa başlayanda insanlarla təmasda oldum, biz bir-birimizi dil vasitəsilə başa düşmürdük, amma ürəklərimiz o qədər açıq və yaxın oldu ki, bir-birimizi anlamağa başladıq. Özüm incəsənətə bağlı insanam, rəssamlıqla məşğul olmağa başladım. Azərbaycanın tanınmış gənc rəssamı Cəlal Ağayevdən dərs alırdım. Həyat yoldaşımın “Azərbaycanda yaşayırsansa, bu ölkə doğma evindir” fikrinin yaratdığı inam hissi ilə bildim ki, Azərbaycanın mənə bəxş etdiyi gözəlliklər var. Ümid edirəm ki, mən də Azərbaycana öz xoş töhfəmi verəcəyəm.
“Azərbaycanda pinyata layihəsi həyata keçirmək istəyirik”
- Bu töhfə hansı formada ola bilər? Məsələn, hansısa layihə həyata keçirməyi düşünürsünüzmü?
- Əlbəttə ki, müxtəlif layihələr həyata keçirmək istərdik. Bu il pinyata yaradıcılığı layihəsi üzərində düşünürük. Əlimdə gördüyünüz uzunqulaq şəklində dekor edilmiş əşyaya pinyata deyilir. Bu, karton kağızdan hazırlanır, onun ərsəyə gəlməsi üçün böyük vəsait tələb olunmur. Belə ki, lazım olmayan kartonlarla maket düzəldilir, üzərində müxtəlif formalarda rəngli kağızlar yapışdırırıq. Onu da qeyd edim ki, yapışqan da ucuz başa gəlir, onu mağazadan almırıq, un və su vasitəsilə özümüz düzəldirik. Bir sözlə, pinyatanın hazırlanması üçün çox xərcə ehtiyac yoxdur. Pinyatanın özəlliyi ondan ibarətdir ki, hər il dekabr ayında Meksikada Posada deyilən bayram keçirilir, bayramda qohumlar, qonşular, dostlar bir yerə yığışır, pinyatanın dağıdılması prosesini həyata keçirirlər. 7 guşəli ulduz şəklində pinyata hazırlanır. İnsanlar əsas 7 günahını pinyata vasitəsilə dağıdır. Pinyatanın içinə əvvəlcədən şirniyyatlar, konfetlər və ya meyvələr qoyulur, iplə asılır, hər bir ailə üzvü pinyatanı taxta ilə bir neçə dəfə vurur, kim pinyatanı dağıtmağı bacarırsa, həmin şəxs qalib gəlir. Pinyatanın daxilində olan şirniyyatlar və konfetlər yerə tökülür, hər kəs, xüsusilə uşaqlar onu yığmağa başlayır. Yeri gəlmişkən, bu mərasimi təkcə dekabr ayında yox, digər şənliklər zamanı da keçiririk. Dekabr ayında 7 guşəli ulduz formasında pinyata hazırlamışıqsa, digər aylarda müxtəlif növ pinyatalar hazırlana bilər. Uşaqların ad günlərində yalnız tort olmur, mütləq şəkildə cizgi filmi qəhrəmanlarının formasında pinyata da hazırlanmalıdır.
- Bəs gözün bağlanması nə ilə əlaqədardır?
- İnsanın gözünü bağlamaqla onu günahsız hesab edirik. Yəni o, nəyi dağıtdığından xəbərsizdir, gözləri bağlı halda sanki təmiz olur. 7 günah deyəndə söhbət həmin şəxsin günahından getmir. Burada paxıllıq, qısqanclıq kimi oyana bilən mənfi hisslər nəzərdə tutulur. İnsan gözübağlı və günahsız şəkildə həmin hissləri "vurub dağıdır". Azərbaycanda pinyata mərasimi keçirməyi planlaşdırırıq. İnsanların bu mərasimdən zövq almasını, pinyatanın hazırlanmasında bilavasitə iştirak etmələrini istərdik. Ələlxüsus məktəblilərin əylənməsini arzulayırıq.
- Pinyata mərasimi Meksika mədəniyyətinin bir parçasıdır, yoxsa latın Amerikasının ənənəsidir?
- Meksikaya məxsus ənənədir. Pinyatanın kökləri çox qədim zamanlara, hətta ispanların Meksikaya gəlişindən öncəki vaxta gedib çıxır. İspanların gəlişindən əvvəl meksikalıların bir çox tanrıları vardı. İnsanların yağış, su, günəş, qarğıdalı tanrıları və bir çox inancları mövcud idi. İspanların gəlişindən sonra meksikalıların həyatına xristian dini daxil oldu və insanlar artıq tək Allaha inanmağa başladı. Xristian dini ilə yanaşı bir sıra müqəddəslərin adı da Meksika həyatına gəldi. Yuxarıda adlarını çəkdiyim tanrılara olan inanc tamamilə sıradan çıxdı. İspanların Meksikaya gəlişi mədəniyyətdə də öz əksini tapdı. Yerli sakinlər öz adət-ənənələrini qorumaq məqsədilə bəzilərini gizlətməyə başladılar. Meksikalıların pinyata mədəniyyətinin qoruyub saxlaması nəticəsində bu gün bu ənənəni davam etdiririk. Pinyata məhz Meksika mədəniyyətinin bir parçasıdır. Həmçinin biz xınadan da istifadə edirik, əlimizə, ayağımıza xına yaxırıq. Bu sırada Azərbaycan mədəniyyəti ilə oxşarlıq tapırıq. Meksika mədəniyyətinin zəngin nümunələrindən biri də piramidalardır.
“Fatimə adlı rəfiqəm əlimə xına yaxmışdı”
- Xınanı, adətən, xanımlar toydan öncə xınayaxdı mərasimində əllərinə yaxır. Heç özünüz canlı şahidi olmusunuz?
- Bəli, bu haqda məlumatım var, qızlar toydan qabaq xına yaxırlar. Mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəssamlıq kursuna gedirdim, orada Fatimə adlı rəfiqəm mənim əlimə xına yaxmışdı.
- Deməli, Azərbaycanda özünüzə rəfiqə tapmısınız...
- Bəli, deyə bilərəm ki, Azərbaycanda rəfiqələrim var. Onların əksəriyyəti Azərbaycanda fəaliyyət göstərən diplomatların həyat yoldaşlarıdır. Dostluq etdiyim azərbaycanlı xanımlar var. Bəzən dil məhdudiyyəti ilə rastlaşırıq, amma buna baxmayaraq, bir-birimizi anlayırıq.
- Hansı səfir xanımı ilə daha sıx təmasdasınız?
- Bütün səfirlərin xanımı ilə xoş münasibətdəyəm. Biz rəsmi görüşlərdə bir yerə toplaşıb söhbət edirik, bir-birimizi salamlayırıq.
“Azərbaycanda özümü yenidən kəşf etdim”
- Divarda asılan rəsmlər öz əl işinizdir? Azərbaycandan öncə Meksikada da rəssamlıqla məşğul idiniz?
- Bəli, divardakı “Balıq” və “ İlanlar” rəsm əsərləri mənə məxsusdur. İlan Meksikanın simvollarından biridir. Bu rəsmin orijinal versiyası London muzeyində saxlanılır, o rəsmə əsasən çəkmişəm. Buna oxşar cizgiləri Meksika piramidalarında da görə bilərsiniz. Özüm ixtisasca hüquqşünasam, Azərbaycana gəlməzdən öncə heç vaxt rəsm çəkməmişdim, rəssamlıqla heç bir bağlılığım yox idi. Həyat yoldaşımı tanımazdan öncə uzun illər ərzində Meksikada vəkil kimi çalışmışam. Ailə qurandan sonra öz işimi kənara qoydum və həyat yoldaşımın işləri ilə əlaqədar digər ölkələrə getmək qərarına gəldim. Azərbaycana gələndən sonra bir çox özəlliklərimi üzə çıxardım. Bunlardan biri də rəssamlıq oldu. Rəssamlıqda bu cür maraqlı olduğumu dərk etmirdim, Azərbaycanda özümü yenidən kəşf etdim. Rəssamlıq Akademiyasında dərs almışam. İqamətgahın mərkəzi divarında asılmış əsər isə müəllimim Cəlal Ağayeva aiddir.
“Mən müasir dövrün “Adelitası”yam”
- Azərbaycanda da bəzi qadınlar həyat yoldaşının istəyi və ya işi ilə əlaqədar öz karyerasından imtina edir, sonradan peşman olanlar da olur, təəssüflənməyənlər də. Bəs siz sonradan peşmançılıq çəkmədiniz ki?
- Əlbəttə, həyatda bəzən insan seçim qarşısında dayanmalı olur. Həyat yoldaşımın işi ilə əlaqədar xarici ölkəyə getdiyimə görə həm karyeramdan, həm də ailə üzvlərimdən uzaqda qaldım. Seçim qarşısında belə qərar verməli oldum. Sizə Meksikaya aid jurnaldan şəkillər göstərəcəyəm. Gördüyünüz bu qadınlara vaxtilə Meksikada “Adelitalar” deyilirdi. “Adelitalar”ı xalq Meksika inqilabı zamanı tanıdı. Onların əynində, əsasən uzun ətəklər, əllərində silahlar var idi. Onlar kənd təsərrüfatı ilə bağlı işlərini və ailələrini bir yana qoyub, əllərinə silah alıb inqilabı hər bir şeydən üstün tutdular. Bu günlə müqayisə etsəm, mən müasir dövrün “Adelitası”yam, belə ki, iş və ya diplomatik missiya seçimi qarşısında mən axırıncını seçdim.
- Vurğuladınız ki, özünüzü rəssam kimi Bakıda kəşf etmisiniz. Bakıya məxsus hansısa ornamenti və ya tarixi abidəni çəkmək barədə fikirləşmisiniz?
- Əlbəttə ki. Artıq belə rəsmim var. Müəllimimlə birgə İçərişəhərin görüntüsünü çəkmişəm.
- Sərgi keçirməyi planlaşdırırdınız?
- Yox, sərgi planım yoxdur. Rəssamlığı öyrənmək üçün Rəssamlıq Akademiyasına gedəndə orada 4-5 il ərzində dərs alan uşaqları gördüm, bu onların ixtisasıdır. Mən isə həvəskaram, rəssamlığa hobbi kimi yanaşıram. Onlar ola-ola sərgi təşkil etməyim düzgün olmaz.
“Tahir Salahov mənim də rəsmimi çəkdi”
- İncəsənətə bağlı insansınız, bəs teatr, konsertlərdə tez-tez iştirak edirsiniz? Bizim incəsənət xadimlərindən kimləri tanıyırsınız?
- Səfirin həyat yoldaşı olmaq insanın üzərinə böyük məsuliyyət qoymaqla yanaşı geniş imkanlar da yaradır. Meksikada vəkil idim, ölkəmdəki insanlar vaxt məhdudluğuna və ya maliyyə vəziyyətinə görə bir çox muzeylərə, teatrlara gedə bilmir. Xarici ölkələrə gedəndə isə hamı mədəni istirahətə can atır. Azərbaycana gələndən sonra gördüm ki, səfirin həyat yoldaşı kimi mədəni müəssisələrin qapısı üzümüzə açıqdır. Nəticədə bir çox görkəmli şəxsiyyətlərlə tanış oldum. Öz vətənimdə vəkil kimi çalışdan işim məhkumlar və bu sferaya aid insanlara bağlı idi. Amma Azərbaycanda tanınmış ziyalılar, aktyorlar, rəssamlar, ifaçılarla tanış oldum. Bu, mənim üçün böyük imkandır. Əgər Azərbaycana gəlməsəydim, onların heç biri ilə tanış ola bilməzdim. Bir çox məşhur sənət adamları ilə görüşmüşəm. Gördüyünüz bu rəsmi görkəmli rəssam Tahir Salahov çəkib. Onu tanımaq mənim üçün böyük şərəfdir. Həmçinin Rəssamlıq Akademiyasının rektoru, görkəmli şəxsiyyət Ömər Eldarovla tanış oldum. Bu yaxınlarda “Söz” adlı poeziya gecəsi keçirilirdi, orada bilavasitə iştirak etdim, gənc şairlərlə tanış oldum.
- Səfir xanımı kimi siyasətlə, diplomatiya ilə aranız necədir? Bu sahəyə marağınız varmı?
- Əslində yox, diplomatiyaya və siyasətə nə marağım, nə də bağlılığım var. Diplomatiya sahəsi elə sahədir ki, orada gənc yaşlarından fəaliyyətə başlamalısan. Artıq diplomatiya sahəsində işə başlamaq üçün yaşım da keçib, heç marağım da yoxdur.
“Xaş hazırlamağı öyrənmək istərdim”
- Azərbaycan mətbəxindən hansı təam xoşunuza gəlir? Özünüz yeməklərimizdən hansınısa hazırlamağı öyrənmisiniz?
- Azərbaycan mətbəxi çox zəngindir, Bir çox təamlar var ki, onları hazırlamaq istərdim, təəssüflər olsun ki, bacarmıram. Onlardan biri də xaşdır. Meksikada xaşa oxşar təam var, ancaq bizdə xaşın rəngi qırmızı, sizdə ağ olur. Lülə kabab bişirməyi bacarıram, mənə öyrədiblər. Təəssüflər olsun ki, aş dəmləyə bilmirəm, bu təamı hazırlamaq mənə çətin gəlir. Meksikada aşa bənzər yemək var, Meksikanın özündə də onu yaxşı bişirə bilmirdim. Şirniyyata gəldikdə, mənə Napoleon tortunun hazırlanma qaydasını öyrədiblər.
- Lülə kababı kişilərin çoxu bişirməyi bacarmır...
- Görürsünüz, mən öyrənmişəm (gülür).
- Səhv etmirəmsə, tako adlı yeməyiniz məşhurdur...
- Takonu hazırlamaq üçün qalın və kiçik ölçüdə qarğıdalı unundan lavaşa oxşar yuxadan istifadə edilir. Onun içinə müxtəlif ərzaqlar qoyulur və bükülür. Mal və ya toyuq əti, düyü, qarışıq tərəvəzlər əlavə edilə bilər.
- Biz filmlərdə Meksikanı tamam fərqli obrazda görürük, Azərbaycan oxucusu üçün ölkənizi necə təqdim edərdiniz?
- Yəqin Meksikanı “Prosto Mariya” və digər telenovellalar vasitəsilə tanıyırsınız. Filmlərdə gördüyünüz meksikalılar əsl meksikalılardan çox fərqlənir. Kinolarda başında sombrero papağı, əlində tekila içkisi, yanında tako təamı olan, qadınına əmrlər verən kişiləri görmüsünüz. Artıq Meksikada bu cür kişilər demək olar ki, yoxdur. Ailədə həm kişi, həm də qadın demokratdır, işlər birgə bölüşdürülür, evə qapanıb uşaq böyütməklə məşğul olan qadınlar yoxdur, Meksikada müasir tipli qadınlar mövcuddur. Elə ailələr var ki, orada heç kişi işləmir, qadın çalışır, kişi ev işlərində öz xanımına köməklik edir, dükana da gedir, evləri də təmizləyir, uşağa da baxır, yemək də hazırlayır, bu xüsusda heç bir problem yaşanmır.
- Bir vaxtlar Meksikada çoxuşaqlı ailələr çoxluq təşkil edirdi, deyəsən bu ənənə də aradan qalxır...
- Keçmiş zamanda ailələrdə 10-12 uşaq olurdu, bu, normal hal kimi qarşılanırdı. Hazırda uşaqların sayı kəskin şəkildə azalıb. Hazırda 2 uşaqlı ailələr daha çoxdur. Ailədə uşağın sayı maliyyə vəziyyəti ilə də birbaşa bağlıdır. Əvvəllər Meksikada hər kəsin şəxsi evi və həyətyanı sahəsi vardı. Bu cür evlərdə böyüyən insanlar artıq mənzillərdə yaşayırlar.
Azərbaycan təhlükəsiz ölkədir. Düşünürəm ki, sizin bəxtiniz gətirib, uşaqlar rahat şəkildə küçəyə çıxıb dostları ilə oynaya, vaxt keçirə bilərlər. Ona görə də özlərini çox xoşbəxt hiss edirlər.
Nərgiz Ehlamqızı
FOTO: Elçin Murad