14 Noyabr 2014 12:46
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz bu yaxınlarda “Əski Əhəməni yazısı” adlı ilk kitabı çapdan çıxan tarixçi Cavid Mehrəliyevdir.

- Cavid bəy, çoxdandır gözlənilən ilk kitabınız “Əski Əhəməni yazısı” artıq çap olundu, kitab nədən bəhs edir?
- Bu kitab tarixşünaslığımızda bir ilk, bir başlanğıcdır. Nə qədər gecikmiş addım olsa da, yenə də uğurumuz sayıla bilər. Təsəvvür edin ki, bu mövzuları batı tarixçiləri XIX əsrin sonu, XX əsrin önlərində araşdırıblar. Tarix elmimiz, sovetlərdən sonra başlayıb və tarixdən başqa hər bir şeyə bənzəyən sovet tarixşünaslığının da, ölkəmizdə necə bir komediya yaratdığını anlatmaqda çətinlik çəkirəm. Təsəvvür edin, Elmlər Akademiyası deyilən bir qurumu ibtidai sinifə çevirən, özünü də imla yazdıran sinif rəhbəri kimi aparan direktorlar var idi (örnək, İqrar Əliyev kimilər) və bəzən də bu sevimsiz sinif rəhbərinə qarşı təmiz duyğularıyla çıxan şagird-tarixçilər vardı. Bu zaman nə baş verirdi? Məzarımda da fars izləri arayacam deyən İqrar cənabları, o ”dikbaş” şagirdlərin üzərinə çımxırır, ”biz yazıları orjinal mixi mətnlərdən oxuyuruq, siz bizə dərs mi keçəcəksiniz? Öncə gedin araşdırın!” deyir, beləcə, KQB-nin proqramına uyğun bir şəkildə ”tarix” elmini qoruyub yaşadırdı. O zaman da, bizim çarəsiz tarixçilərimizin fiziki imkanları, indikinin yüzdə biri belə deyildi. Bir kitab üçün Moskvaya, Peterburqa gedirdilər, ingilis, fransız, alman dillərindən xəbərsiz olduqlarından, qərb kitabxanalarından yararlana bilmirdilər, hətta dil bilgiləri yetərli olsaydı belə, yetərincə obyektiv, professional yazılmış qərb ədəbiyyatlarına əl çatmırdı. Yalnız çürümüş rusdilli kitablar vardı ki, dünya elmi ədəbiyyatının da cəmi 5-10 faizi rus dilinə süzgəcdən keçirilərək tərcümə edilmişdi. Beləcə, zəhmətkeş alimlərimiz, o dar imkanlar içində belə, nələrsə etməyə çalışırdılar, ancaq, bu, tarix deyil, tənqidçilik idi. Hansısa qərəzli yazarıcığı tənqid etmək, məncə onun cızma-qarasını dəyərə mindirir. Gerçək bir tarixçi, yalnız öz fundamental əsərləri ilə yalan tarixin önündə divar təkin dayana bilər.

- Ölkəmizdə mixi yazıların öyrənilməsi durumu hazırda necədir, universitetlərdə, akademiyada bununla məşğul olanlar varmı?
- Olduqca həssas bir dönəm sayılan, bir çox politikaların, özəlliklə Azərbaycan-Ermənistan, Azərbaycan-İran gərginliyinin təməllərini oluşduran oriental tarix, demək olar ki, bizdə öyrədilmir. Azərbaycanlı tarixçilərin əksəriyyəti və tələbələr, mixi yazıların yalnız görüntüsünü bilir, heç birini digərindən ayırd belə edə bilmirlər. Durum çox üzücü və şaşırtıcıdır. Amma əslində hər şey bilirsiniz mi necə asandır? Adicə bilgisayarın başında oturub istənilən dili öyrənmək, istənilən kitabxanalara çıxıb doyana qədər bilgi almaq olar. İndi bizim yazdığımız bu kitab, dediyimiz kimi, bir başlanğıcdır və bundan sonrası, tarixçilərimizin və tələbələrimizin milli duyğularına, istedadlarına, qavrama gücünə qalıb. Kiminsə mixi yazılarla məşğul olduğuna gəlincə, elə birisini tanımıram və zənnimcə yoxdur da. Məhz bu üzdən, bir neçə il öncə, dəyərli xocamız Firudin Ağasıoğlu, mixi yazıları öyrənməmi tövsiyə etmişdi.

- Mixi yazılı mənbələrdə sizing rast gəldiyiniz, bizə məlum olmayan ilginc nələrlə rastlaşdınız?
- Bu, bir ayrı müsahibə mövzusudur. Orada elə ilginc bilgilər, gizlədilmiş gerçəklər, yazılmış gerçəklər var ki, oxuduqca gah şaşırır, gah sevinir, gah üzülürdüm. Anlatılması zor şeylərdir. Ona şaşırıb qalmışdım ki, bu qədər göz önündə olan şeyləri, indiyədək necə olub da burnumuzun ucunda görməmişik? Tarixçilərimizin bunca illər ərzində nə qədər əmək, zaman və enerji itirdiyinə çox üzüldüm. Kitabı yazarkən, 25-dən çox ingilis, fransız və almandilli elmi ədəbiyyat, bir o qədər də müxtəlif qərb araşdırmaçılarının elmi məqalələrini, bundan başqa, fars şovinizminin kövrək təməli sayılan Bisütun qayasının məşhur barelyefindəki 5 sütunun hamısını, Persepolis adlanan məkanın bütün divar yazılarını, Nəqşi-Rüstəmin bütün qəbir yazılarını incə-incə oxudum. Oxuduqca heyrət və sevinc içində qaldım. Məgər, hələ tələbəykən o özfəaliyyət dərnəyində bizə aşılanan avropafobiya, qərbin türk düşmənçiliyi və s heç də gerçək deyilmiş. Əlbəttə, bir iki irqçi, uyduruqçu yazarların kitablarıyla da qarşılaşdım, ama Harvard, Oksford, Kembric və s. kimi dəyərli universitetlərin sayğın professorlarının, araşdırmaçılarının sadəcə professional, obyektiv olduğunu gördüm. Çox ilginç olan, farsların uydurduğu tarixin, gurultuyla qeyd etdikləri ”İran dövlətçiliyi”nin, ari irqi deyilən safsatanın əslində Mazandarandan o tərəfə keçmədiyinə şahid oldum. Bu gün üzərimizdə daşıdığımız bilməm “qərb qanımıza susayıb, dünya tarixi əleyhimizə çalışır” və s kimi fobiyaları, sadəcə özümüz nədənsə yaratmış və inanmaqdayıq. Bu gün nəinki orta məktəb, hətta universitet dərsliklərində belə, Əhəməni imperiyasının bir İran, fars dövləti olduğu anlatılır. Başdan ayağa qırmızı yalan, mifdir! Əhəmənilərin farslarla heç bir əlaqəsi yoxdur və olmayıb da. Əhəməni dilinin rus dili ilə oxşarlığı daha çoxdur, nəinki fars diliylə. Yaxşı ki, fars dilindən anladığım var və kitabı yazarkən, mümkün olduğu qədər Əhəməni dilinin fars dili ilə fərqliliklərini aydınlatmağa çalışmışam. Fransız araşdırmaçısı Şarpın dediyi kimi, İskəndərin yürüşündən sonra Əhəməni deyilən bir etnos, yer üzündən zamanla silindi. İlginc faktlardan biri, İranda şahlıq taxtına oturmuş mehtər Rza Pəhləvinin gülməli əməlləridir. Bu adam, özündən qəbirlər düzəldib, üstünə yazılar yazdırıb, sonra da bulduraraq öz uzmanları olmadığından Avropaya göndərmiş, ilkin kimyəvi baxışla saxtakarlıq üzə çıxmışdır. Təsəvvür edin, bu məxluq bu tür işləri bir neçə dəfə təkrarlamış, hər dəfə bəsit metodlarla qərb alimlərini aldada biləcəyini sanmış, hər dəfə də rəzil olmuşdur. Ama, bu gün İran adlanan yerdə, onun qondardığı qəbirlərə və yazılara inanan yüz minlərcə sürü var. Ən önəmlisi, nəinki Bisütunu, hətta Əhəmənilərin çizdiyi ən adi boşqabı belə yenidən oxudum və ari irqi, ari xalqı və s. kimi bircə sözə belə rast gəlmədim. Heç belə bir söz, o dilin lüğətində yoxdur. Bu bardə kitabda çox geniş dəlilli açıqlamalar vermişəm və gerçəkdən, bu baxımdan kitabımızın qondarma fars tarixşünaslığını sarsıdacağından əminəm.

- Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlətlərə - Manna, Midiya- aid yazılı mənbələrin olmadığı deyilir, bu doğrudurmu?
- Manna, Midiyadan çox əskidir və əslində onların ikisi də elə eyni dövlət kimidir. Baharlı (Qaraqoyunlu) ilə Bayandırlı (Ağqoyunlu) kimi. Manna haqqında, var olduğu dövrünə görə, Assur qaynaqlarında bilgilər vardır, Midiya haqqında isə, hər yer bilgiylə doludur. Özəlliklə də, Əhəməni yazıtları. Əlbəttə, düşməncə yazılmış mətnlərdir, açıq aydın. Ancaq, yenə də hər şeyi ortaya çıxarmaq mümkündür. Ayrıca Midiya dilinə gəlincə, sırf bu adda bir xalqın və dilin olmadığını deyə bilərəm. Midiya, başda maqlar olmaqla bir neçə türk tayfasının ittifaqından oluşmuş dini bir imperiya idi. Mixi əlifba işlədiblər, sadəcə mətnlər tapılmayıb və ya bu günədək saxlanılıb. Midiya mətnlərinin eynən alban mətnlərinin taleyini yaşadığını düşünürəm. Çünki, eski əhəməni mixi yazısının Midiya mixi yazısından yaradıldığı, bütün dünya elminin qəbul etdiyi faktdır. Belə olduqda, Midiya yazısının olmaması fikri yanlışdır. Əlifba varsa, yazılar, mətnlər də vardır demək. Bilirsiniz mi, minlərcə oxunmamış kitabələr var və onların hansı dildə olduğu söylənməyib. Hamısını bir-bir araşdırmaq lazımdır və Midiya yazılarının bu günümüzkü dilimizdən çox da fərqlənməyən bir türkcədə olacağına əminəm. Bu, elə də bəsit bir məsələ deyil. Bisütun yazılarını oxuyunca, əhəmənilərlə maqlar arasında çox gərgin bir dini-iqtisadi-hərbi mübarizə getdiyini görürük. İlginç olan, maqlar, atəşpərəst deyillərmiş. Qam Atanın hakimiyyəti qısa sürəliyinə ələ keçirincə, bütün atəşpərəst tapınaqlarını məhv etdiyini Dara özü söyləyir və Daranın hakimiyyətə gəldikdən sonra da, eyni şeyləri yapdığına şübhəm yoxdur - Maq məbədlərini və məbədlərdə qorunub saxlanılan dəyərli yazıların məhvi..

- Farslar indiki yaşadıqları yerlərə nə zaman gəliblər, oxuduğunuz mətnlər bu barədə nə deyir?
- O zaman fars etnosu deyə bir şey olmadığından, bu barədə heç nə deyilmir, sadəcə Dara, söylədiyi bir çox yalanlar içində (ki, bir sütun digər sütunu inkar edir, özü öz yalanına dolaşır) yalan doğru nəsillərinin Haruva adlı yerdən Parsaya gəldiyini deyir. Farslar, indi olduğu kimi, hind-puştun etnosunun kiçik bir azınlıq qoludurlar və hardasa İskəndərin yürüşündən yaranan təlatüm nəticəsində, ya da hunların basqıları nəticəsində indiki İran adlı bölgənin yaşama yararsız güney-doğu qumsallarına yerləşmişlər.

- Bizə təqdim olunan mixin yazılar düzgünmü oxunub, yoxsa tarix elmi bu məsələdə siyasətə alət olunub?
- Bizə heç mixi yazılar təqdim olunmayıb ki. Bunu, bizə təqdim olunub olunmayanlar haqqında deyil, genəl bir məsələ haqqında cavablaya bilərəm. Bisütun qayasına həkk olunan yazıların beşinci sütunu bərbad durumdadır və pozulmuş hissələri Kent kimi ”tarixçi”lər, özlərindən uyduraraq ”bərpa”lar ediblər ki, bu bərpalar heç bir filoloji qaydalara uymur. Bu barədə kitabda çox geniş açıqlamalar vermişəm. Özəlliklə qərb tərəfində irqçilik dönəmi boyu vəhşi irq sayılan ruslar, özlərini qondarma ari irqinə bağlamaq üçün min dərədən su gətirərək elə gülməli şeylər uydurublar ki, oxuduqca deməyə söz tapmaq olmur. Bizim tarix kitabları da rus yazarlarından tərcümə olduğudan elə gülməli şeylərlə doludur.

- Kitabınız gənclərin mixi yazıları öyrənməsi üçün nə dərəcədə kömək edəcək?
- Kitabın girişində də qeyd etdiyim kimi, mixi yazılar çox dərin bir mövzudur və Əhəməni yazılarını öyrənmək, adi bir xarici dil öyrənmək kimi bəsit də deyil. Öyrənəcək öyrəncinin ən azından öz dilini, eski türkcəni, hind-avropa dillərinin təməl prinsiplərini, bundan başqa ümumdünya təməl dil qanunlarını bilməsi gərəkdir. Yalnız bundan sonra arzulayanlar üçün müsbət nəticə əldə oluna bilər.

- Gələcəkdə mixi yazılarla bağlı hansı planınız var?
- Əlbəttə, çox istərdim bütün zamanımı və gücümü bu sahəyə yönəldim, sadəcə yaşam şərtlərimin əlverişsiz olması, təhsilimin yarımçıq qalması, attestatımın BDU-da qalması başqa ölkələrdə təhsil almağıma əngəllər törədir, araşdırmalarımı ləngidir. İstərdim ki, təkcə öz çabalarımla deyil, qərbin bilgə universitetlərində bu mövzularla bağlı təhsil alıb öz töhfələrimi tarix elmimizə verim. Planlarıma gəlincə, nəyin bahasına olursa olsun, prototürk dillərindən biri olan və işlənməmiş Elam yazısını işləyib tarix elmimizə hədiyyə etmək fikrindəyəm.

- Kitabınızda hansı qaynaqlardan istifadə etmisiniz?
- Kitabın sonunda göstərdiyim ədəbiyyat siyahısı var, ancaq, orda yalnız, yararlandığım fundamental əsərlərin listəsini vermişəm. Bir o qədər də samballı, obyektiv, professional qərb alimlərinin elmi məqalələrindən istifadə etmişəm. Qeyd edim ki, istifadə etdiyim ədəbiyyatlar, tarixçilərimizin bu günədək heç adlarını belə eşitmədiyi araşdırmaçılar və onların kitablarıdır.

Dilqəm Əhməd

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər