“Hesab edirəm ki, İşçi Qrupunu saxlamaq lazımdır. Bu gün mən orada təmsil olunuram, bir ildən sonra başqası təmsil oluna bilər. Əsas odur ki, İşçi Qrupu işlək mexanizmə çevrilsin. Vətəndaşların şikayətlərini və sözləri hökumətə çatdırılmalıdır. Hökumət hər şeyi bilə bilməz. Dialoqun olması vacibdir. Hökumət sözümüzü eşidir. Mən hər şeyi deyə bilmərəm, ancaq bir çox məsələləri həll edirlər”.
Bunu Teleqraf.com-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Müsahibəni təqdim edirik.
- Novella xanım, daxili işlər naziri Ramil Usubovla və ədliyyə nazirinin müavini Faiq Qurbanovla görüşmüsünüz. Hansı məsələləri müzakirə etdiniz?
- Görüşümüz Xədicə İsmayılovanın həbsindən sonra baş tutmuşdu. Bunu da müzakirə etdik. Görüşdüyümüz bu şəxslər həm də Əfv Komissiyasının üzvləridirlər. Biz üzvlərlə görüşərək xahiş edirik ki, siyahımızda olan məhbuslarla bağlı müsbət rəy versinlər. Əsas bu idi. Ramil Usubovla Leyla Yunus, Xədicə İsmayılova və digər şəxslər haqqında danışdıq. Qeyd etdik ki, əfv olsa, bu, yaxşı durum yarada bilər. Faiq Qurbanovla görüşəndə digər məsələləri də qaldırdıq. Nəzərə alın ki, bizə ancaq aktiv siyasətlə məşğul olan və hazırda həbsdə olan şəxslər müraciət etmir. Həm də digər məhbuslar, eləcə də çoxlu sayda vətəndaşların müraciəti olur. Bu məsələləri də müzakirə edirik. Görüşlərimiz zamanı QHT-lər məsələsini də müzakirə etdik. Bildirdik ki, yuxarı instansiyalarla görüşünüz zamanı bu məsələləri də qaldırın. QHT-lərlə ədliyyə nazirliyi də əlaqəlidir. Hər iki görüşdə mənimlə yanaşı həmkarlarım Səidə Qocamanlı və Səadət Bənəniyarlı da iştirak edib. Arzu Abdullayeva isə obyektiv səbəblərdən görüşlərə qatıla bilməyib. Bugün də görüşümüz var və hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da görüşə qatılacaq. Yaxın iki gün ərzində baş prokuror Zakir Qaralovla da görüşümüz planlaşdırılıb. Bu görüşdə həmkarım Arzu Abdullayeva da iştirak edəcək.]
- Bəs görüşlər zamanı qaldırdığınız məsələlərə qarşı tərəfin münasibəti necə oldu?
- Çox normal oldu. Bizi normal qəbul etdilər, qulaq asdılar, özlərinin məsələlərlə bağlı şərhləri oldu. İşgüzar və anlaşılan formada müzakirəmiz baş tutdu.
- Xədicə İsmayılova Sizi tənqid və bəzən ittiham edirdi. Onun əfv olunması üçün hansısa addım atacaqsınızmı?
- Xədicə İsmayılova məni ittiham etməkdən başqa bildirmişdi ki, əgər onu həbs etsələr müdafiə etməyək. Xədicə indi də deyə bilər ki, onun adını çəkməyək, məsələsini qaldırmayaq. Bilirsinizmi, Xədicə İsmayılova və Leyla Yunus bunu deyə bilər, ancaq ortada aktuallıq kəsb edən məsələlər var. Odur ki, biz həbsdə olan şəxslərin hamısının hüquqlarını müdafiə edəcəyik. Onlar bunu istəsələr də, istəməsələr də. Çünki burada söhbət 2-3 nəfərin həbsindən deyil, Azərbaycana qarşı qlobal proseslərdən gedir. Baxın, İntiqam Əliyev də deyə bilərdi ki, onu müdafiə etməyim. Ancaq o, mənim dostumdur, dəfələrlə çörək kəsmişik, birgə səfərlərdə olmuşuq. Rəsul Cəfərovla aramızda söz-söhbət olsa da, daima hörmətimi saxlayıb. Görüşlərdə Emin Hüseynovun da məsələsini qaldırmışıq. Biz hətta məsələ qaldırırıq ki, Emin Hüseynov da, Rəsul Cəfərov da, İntiqam Əliyev də İşçi Qrupuna daxil olsun. Yəni hərtərəfli müzakirə aparırıq.
- Yeri gəlmişkən, İşçi Qrupunun fəaliyyəti varmı?
- Əlbəttə var. Elə biz İşçi Qrupunun tərkib hissəsi olaraq işləyirik. Sahib Məmmədov başqa istiqamətdə, Əliməmməd Nuriyev digər məsələlərlə bağlı işləyir. Eldar Zeynalov, Arzu Abdullayeva da digər istiqamətdə çalışır. Ancaq sonda fəaliyyəti birləşdirəcəyik, hamımız birgə işimizi İşçi Qrupunun katibliyinə təqdim edəcəyik. Bunların hamısı İşçi Qrupunun fəaliyyətidir.
- Sosial şəbəkələrdə Sizi ciddi tənqid edirlər, yazırlar ki, İşçi Qrupu yaratdılar, ancaq nəticəsi yoxdur...
- Yazsınlar da. Özləri bilərlər. Əvvəllər bizi tənqid etmir, döyürdülər. Yeri gəlmişkən, biz bunlardan çox illər əvvəl həbsxanaya düşmüşük. Bu yolların hamısını çoxdan keçmişik. Odur ki, indi bizim üçün kimin nə deməsi fərq eləmir. İşimizi görürük.
- Dekabr ayı üçün İşçi Qrupunun toplantısı gözlənilirmi?
- Görüşlərimizi bitirdikdən sonra, yəqin ki, İşçi Qrupunun toplantısı olacaq.
- Qarşıdan Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Hansı gözləntiləriniz var?
- Ümid edirik ki, əfv olacaq. İşçi Qrupu ona görə yaranıb ki, hamımız birgə işləyək, əfv məsələsi olsun, insanların yarısı indi, yarısı da Novruz bayramında azadlığa çıxsın. Dekabr üçün əfv veriləcəyinə ümidimiz var.
- Həbsdə olanlarla görüşmək haqda düşünürsünüz?
- Həbs edilən şəxslərin çoxu Bakı İstintaq Təcridxanasında saxlanılır və istintaq altındadır. Qanun bu insanlarla görüşməyi qadağan edir. Bu, istintaq bitdikdən sonra mümkündür. Siz həm də nəzərə alın ki, cəzaçəkmə müəssisələri ilə bağlı daha çox Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinə nəzarət məqsədilə yaradılan İctimai Komitə məşğul olur. Komitə üzvləri həbsxanalara gedir, məhbuslarla görüşür, onların saxlanılma şəraiti, qida və verilən ərzaqla tanış olur, gördükləri nöqsanları qeyd edirlər. Bizi isə Bakı İstintaq Təcridxanasına buraxmırlar. Səbəb odur ki, qanunla istintaqı gedən şəxslə görüşmək olmaz. Ancaq İctimai Komitə onların şəraiti ilə maraqlana bilər və sizə deyim ki, bunu da edirlər. Həbsxanalara isə gedə bilərik. Bu saat İlqar Məmmədov, Tofiq Yaqublu və digər məhbuslarla görüşməklə bağlı problem yoxdur. Sadəcə olaraq işimiz o qədər çoxdur ki, çatdıra bilmirik. Biz ancaq bu insanlarla bağlı işləmirik. Təsəvvür edin ki, çoxlu sayda vətəndaş bizə ərizə ilə müraciət edir. Odur ki, bizim üçün çox çətindir. Biz bu tip müraciəti daha tez həll edə bilirik. Ramil müəllimlə görüşümüz zamanı bu ərizələri bizdən götürdülər. Bəzi məsələləri həll etmişik, bəzilərini həll edəcəyik. Bir qadını yaxın günlərdə buraxacaqlar. Ümid edirik ki, prokurorluqla görüşdə də bunu yoluna qoyacağıq. Demək istəyirəm ki, bizə edilən müraciətin çoxunu həll edə bilərik. Çünki ərizələrin çoxunda məhkəmələr düzgün addım atmayıblar. Bizə edilən müraciətlərin çoxu məhkəmə qərarları, onun yerinə yetirilməməsi ilə bağlıdır. Faiq Qurbanovla görüş zamanı da məktubların bir hissəsini ona təqdim etdik. O, da çox sağ olsun, artıq bu işlərlə bağlı addımlar atılır. Hesab edirəm ki, İşçi Qrupunu saxlamaq lazımdır. Bu gün mən orada təmsil olunuram, bir ildən sonra başqası təmsil oluna bilər. Əsas odur ki, İşçi Qrupu işlək mexanizmə çevrilsin. Vətəndaşların şikayətlərini və sözləri hökumətə çatdırılmalıdır. Vətəndaşların şikayətlərini və sözləri hökumətə çatdırılmalıdır. Hökumət hər şeyi bilə bilməz. Dialoqun olması vacibdir. Hökumət sözümüzü eşidir. Mən hər şeyi deyə bilmərəm, ancaq bir çox məsələləri həll edirlər Xədicə İsmayılova xoşumuza gəlməsə də, onun həbsindən narahat olduq.
- Xədicə İsmayılova İşçi Qrupunun tərkibinə qatılmamaqla səhv etmədimi?
- Bu, onun öz işidir. Biz İşçi Qrupunda təmsil olunuruq. Ancaq bu o demək deyil ki, biz cinayət və ya qanunsuz iş görsək, həbs edilməyəcəyik. Qanun hamı üçündür və hamı da qanuna tabedir. Təbii ki, şikayət varsa, ona baxılmalı və araşdırılmalıdır.
- Müsavat Partiyasında maraqlı proseslər gedir, nədən partiyanızla maraqlanmırsınız?
- Niyə belə düşünürsünüz? Mən partiyaya gedirəm də, tərəflərlə də söhbət edirəm, hər kəslə də normal münasibətim var. Bilirəm ki, Müsavat Partiyası öz kursuna gələcək. Odur ki, baş verənlər çoxlarından fərqli olaraq məni o qədər də narahat etmir. İndilikdə bircə onu deyə bilərəm ki, İsa Qəmbər başqanlıqdan getməməli idi.
- Deyirsiniz ki, partiyada tərəflərlə normal münasibətiniz var. Deməli, Müsavatda bir-birini qəbul etməyən tərəflər var və Siz bunu inkar etmirsiniz...
- Əlbəttə, tərəflər var və bu, indi açıq-aşkar görünür. Ancaq bu o demək deyil ki, tərəflərdən biri partiyadan gedir. Bəli, tərəflər var və ciddi diskussiya aparırlar. Əgər bir partiyada mübahisə, fikir dartışması getmirsə, deməli o, partiya yaşamır. Partiya yaşadığı üçün tərəflər var, kimsə kimisə müdafiə edir, polemika yaşanır və s. Bu, əslində partiyaya köməklik edən məqamlardır.
- Ancaq istefalar da var. Hikmət Hacızadə, Səxavət Əlisoy və onlarla insan istefa verdi...
- Bəli, bunlar böyük itkidir. Ancaq onlar da ürəkdən müsavatçıdırlar. Bu ideologiyadır. Odur ki, buradan gedənlərdə də, qalanlarda da Müsavat sevgisi olacaq.
- Müsavat nə zaman parçalanacaq?
- Parçalanmayacaq. Mən bu ehtimalı görmürəm.
- Siz hansı tərəfi müdafiə edirsiniz?
- Mən hər iki tərəfi və İsa Qəmbəri müdafiə edirəm. İsa Qəmbərin yanındayam.
- İsa Qəmbərin Arif Hacılının yanında olduğunu nəzərə alaraq demək olarmı ki, siz də Hacılının yanındasınız?
- Yox, hamısının yanındayam. Yaşım da İsa Qəmbərin yaşından çoxdur. Mən bütün tərəflərin yanındayam.
Nemət ORUCOV