31 Mart 2015 17:37
2 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2003-cü ilə qədər Gürcüstan universitetlərində cəmi 17 azərbaycanlı tələbə təhsil alırdı. 2012-ci ilin sonunda artıq Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 1700-ə qədər oldu. Bu səbəbdən mən Azərbaycan Dövlət Neft Şirkətinə, Azərbaycan dövlətinə xüsusi təşəkkürümü ifadə edirəm. Çünki onlar bizim tələbələrin təhsil haqlarının ödənilməsinə dəstək verirlər. İndiki hökumət isə bizə irad tutur ki, azərbaycanlılar gürcü dilini bilmirlər. Ancaq mən buna inanmıram. Qeyd edim ki, 100 mindən çox azərbaycanlı gürcü dilində təhsil alıb, minlərlə insan gürcü dilində universitetləri bitirib və əsasən də, gürcülərin yaşadığı bölgədən çıxıblar. Onlar gürcü dövlətini hər bir sahədə təmsil edə bilərlər”.

Bunu Teleqraf.com-a müsahibəsində Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov bildirib. Müsahibəni təqdim edirik:

- Azər müəllim, Gürcüstanda ictimai-siyasi vəziyyət necədir?
- İctimai-siyasi vəziyyət mürəkkəbdir, devalvasiya prosesi yaşanıb, insanların yaşayışı bir qədər də çətinləşib. Bu da, sözsüz ki, problemlər və narazılıq yaradır. Hakimiyyətdə olan siyasi qüvvə seçiciyə verdiyi vədlərin heç birini yerinə yetirməyib. Gürcüstanın milli valyutasının ucuzlaşması prosesi gedir, vəziyyətdən çıxış yolu da yoxdur. Hökumət çıxış yolu üçün hansısa təkliflər irəli sürmür və cəmiyyətə bəyan etmir. Müxalifət partiyaları yaranan bu durumdan çıxış üçün hazırladığı təklifləri cəmiyyətə açıqlayıb, eləcə də, hökumətə təqdim edib. Ancaq hökumət müxalifət partiyalarının irəli sürdüyü təşəbbüs və təkliflərə diqqət etmir, onu sanki qəbul etmək istəmədiyini ifadə edir. Bu gün iqtisadiyyatda gərginlik müşahidə olunur, hökumət proseslərə nəzarəti həyata keçirə bilmir. Fikrimcə, növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmə gələcək. Martın 21-də Gürcüstanda müxalifətin böyük bir aksiyası keçirildi. Aksiya Azadlıq meydanında baş tutdu. Məqsəd əslində dövlətə dəstək idi. Qeyd edildi ki, çıxış yolları müəyyən addımların atılması, kabinetin dəyişməsindən keçir. İndilikdə faktiki olaraq iqtisadi böhran mövcuddur, insanlar iş yerlərini itirirlər və hökumət də effektiv addımlar atmır.

- İki gün əvvəl milli valyutanın devalvasiyası ilə bağlı Gürcüstanda aksiya olub, hətta larini dəfn ediblər. Bu nə aksiyası idi?
- Belə aksiyalar olur və təbii baxmaq lazımdır. İnsanlar etirazlarını bildirir və yaxşı yaşamaq istəyirlər. Martın 21-də Milli Hərəkat Partiyasının aksiyası oldu. Burada siyasi fəaliyyətin zəifliyi, hökumətin böhrana qarşı effektsiz fəaliyyəti, ölkədə kriminalın artması halları kəskin tənqid olundu. Gürcüstanda əhali artıq düşünür ki, indiki hökumət imtahandan çıxa bilmədi, 2012-ci ildə verilən vədlərə əməl edə bilmədi. Bu gün artıq hökumət istefa vermək kimi bir ərəfədədir.

- Mitinq gözlənildiyi qədər effektiv olmayıb və orada iddia olunduğu kimi çoxlu sayda insan iştirak etməyib...
- Mitinqdə 50 minə yaxın insan iştirak edib. Bunu biz deyil, ekspertlər deyir. Əslində, biz özümüz də, bu qədər insan gözləmirdik. Bütün Gürcüstan mitinqə gəlməli deyildi. 50 min insanın mitinqə gəlməsi kiçik Gürcüstan üçün böyük rəqəmdir. Əhali dövlətə qırmızı kart göstərdi, mesaj verdi ki, vədlər yerinə yetirilməsə, aksiyalar tez-tez keçiriləcək. Martın 21-də aksiyada iştirak üçün Gürcüstanın regionlarından da insanlar gəlmişdi. Ancaq bir çox hallarda süni maneələr yaratdılar və qoymadılar ki, daha çox insan bu prosesdə iştirak etsin. Həmin mitinqdə mənim özüm də çıxış etdim. İnternetə daxil olaraq mitinqdə nə qədər insanın iştirak etdiyini görə bilərsiniz. Gürcüstan tarixində ilk dəfədir ki, bu aksiyada çoxlu sayda azərbaycanlı iştirak etdi. Çünki azərbaycanlıların yaşadığı kompakt ərazilərdə gedən proseslər də, xoşagələn deyil.

- Ancaq gürcü mediası yazır ki, aksiyada 20 mindən çox insan iştirak etməyib...
- Bu, ola bilsin ki, hökumətə yaxın mediadır və qısqanclıq məqsədilə bunu iddia edirlər. Qısqanclıq hissi keçirənlər reallıqdan uzaq danışırlar. Azadlıq meydanı haradasa 70-80 min insan tutur. Demək olar ki, aksiya zamanı meydan dolmuşdu. Meydanın sahəsini kvadratmetrə vuraraq nə qədər insanın iştirak etdiyini müəyyən etmək mümkündür. Odur ki, kimlərinsə aksiyada 20 min insanın iştirak etməsini iddia etməsinə ciddi yanaşmıram. Ancaq onu da qeyd edim ki, hətta 20 min insanın mitinqə çıxması o deməkdir ki, hökumətdən ciddi narazılıq var.

- Növbəti aksiyalar planlaşdırılırmı?
- Hələlik müxalifət aksiya keçirib, hakimiyyət qarşısında tələblərini irəli sürüb. May ayında yeni mitinqimiz ola bilər. Əgər maya qədər böhrandan çıxılmasa, konkret çıxış yolları göstərilməsə, böyük ehtimalla mayda daha geniş tərkibli aksiya həyata keçiriləcək.

- Niyə sadə gürcülər deyir ki, Milli Hərəkat Partiyası hakimiyyətə gələ bilər, ancaq Saakaşvili nə prezident, nə də baş nazir olmayacaq?
- Məsələ onda deyil ki, Saakaşvili prezident və ya baş nazir olacaq. Məsələ ondadır ki, 2012-ci ildə insanlar daha yaxşı yaşamaq istədi. Bu zaman “Gürcü Arzusu” koalisiyası böyük vədlər verdi, elan etdilər ki, ucuz kreditlər veriləcək, qaz və elektrikin qiyməti endiriləcək. Ancaq bunun əvəzində başqa məsələlər müşahidə etdik. Amnistiya aktı verdilər, nəticədə 25 minə yaxın insan həbsdən buraxıldı. Onların arasında kriminal insanlar da var idi. İki gün əvvəl Gürcüstanda böyük bir biznesmen güllələndi. Hər şeyi Saakaşvilinin üzərinə yıxmaq doğru deyil. Saakaşvili keçmişdədir, gəlin, bu gündən və reallıqdan danışaq. Ancaq Saakaşvilinin qayıtması gürcü xalqının tələbi ilə olacaq. Bu gün onun Gürcüstana gəlməsi real deyil, çünki barəsində cinayət işi var. Ancaq hesab edirəm ki, Saakaşvili tezliklə Gürcüstana qayıdacaq.

- Saakaşvili Gürcüstana qayıtsa nə dəyişəcək?
- Saakaşvili Gürcüstanda əsas müxalifət partiyasının rəhbəridir. İkincisi, 2003-cü ildə Milli Hərəkat Partiyasının hansı dövləti qəbul edib, 2012-ci ildə hansı dövləti təhvil verdiyini də hər kəs bilir. 2003-cü ildə kriminal, qazsız, susuz, işıqsız, yolları bərbad Gürcüstanı təhvil aldı, 2012-ci ildə infrastrukturu olan, rüşvət və korrupsiyanın işləmədiyi Gürcüstanı təhvil verdi. Bunu gürcü əhalisi yaxşı bilir. Bəli, mümkündür ki, biz hakimiyyətdə olanda səhvlərimiz olub. İndilikdə hesab edirik ki, Gürcüstanı bu vəziyyətdən çıxaracaq yeganə insan Saakaşvilidir. Gürcüstan əhalisi də ona inanır. Hazırda Gürcüstanda baş nazirlə parlamentin sədri yola getmir, hökumətin içində fikir ayrılıqları var. Saakaşvili zamanı bu kimi hallar mövcud deyildi. Hesab edirəm ki, gürcü xalqı sonda Saakaşvilini bura dəvət edəcək.

- Nədən Gürcüstanda hakimiyyətlər dəyişsə də, bizim soydaşlarımızın durumu dəyişmir, problemləri həll olunmur?
- Mən sizə bir fakt deyim. 2003-cü ilə qədər Gürcüstan universitetlərində cəmi 17 azərbaycanlı tələbə təhsil alırdı. 2012-ci ilin sonunda artıq Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 1700-ə qədər oldu. Bu səbəbdən mən Azərbaycan Dövlət Neft Şirkətinə, Azərbaycan dövlətinə xüsusi təşəkkürümü ifadə edirəm. Çünki onlar bizim tələbələrin təhsil haqlarının ödənilməsinə dəstək verirlər. İndiki hökumət isə bizə irad tutur ki, azərbaycanlılar gürcü dilini bilmirlər. Ancaq mən buna inanmıram. Qeyd edim ki, 100 mindən çox azərbaycanlı gürcü dilində təhsil alıb, minlərlə insan gürcü dilində universitetləri bitirib və əsasən də, gürcülərin yaşadığı bölgədən çıxıblar. Onlar gürcü dövlətini hər bir sahədə təmsil edə bilərlər. Baxın, Gürcüstanın hörmətli baş naziri son seçkilər zamanı Cavaxetiyaya getdi, iki ermənini özünün layiqli vətəndaşı kimi qiymətləndirərək “Gürcü Arzusu”ndan namizədliyini irəli sürdü. Nəticədə bu şəxslər icra başçısı seçildilər. Bunun müqabilində Borçalıdan bir azərbaycanlının namizədliyini “Gürcü Arzusu” blokundan irəli sürməyə layiq bilmədilər. Əksinə, seçkilərdə iştirak etmək istəyən azərbaycanlılara mane oldular, səsimizi parçaladılar, imkan vermədilər ki, namizədimizi seçkidə qalib edək. Bu, onların azərbaycanlılara münasibətidir. Mən proseslərin içərisindəyəm və qeyd edirəm ki, onlar azərbaycanlılara qarşı qısqanc münasibət bəsləyirlər. Baxın, bizim 180 məktəbimiz var idi, indi onlardan 110-u qalıb. Sanki Azərbaycan məktəblərinin bağlanması hökumətin proqramındadır. Bir sözlə, Gürcüstanda yaşayan azərbaycanlıların problemi artmaq üzrədir. Çıxış yolu da, vəziyyətə etiraz etməkdir. Son mitinq zamanı da, minlərlə azərbaycanlı iştirak etdi. Qeyd etdilər ki, Gürcüstanın müstəqilliyi uğrunda canımıza verməyə hazırıq, lakin bizə ikili standartlarla baxılmamalıdır.

- Doğrudanmı, Gürcüstan parlamentində təmsil olunan bəzi azərbaycanlı deputatlar gürcü dilini bilmir?
- Yalnız bizim həmkarımız Mahir Dərziyev bu məsələdə çətinlik çəkir. Bu partiyalar sistemi ilə seçilən deputatlardır. Mahir Dərziyev gürcü dilini zəif bilsə də, milli məsələlərdə hamımız eyni mövqedəyik. Vurğulayım ki, biz burada bir-birimizə ləkə atmaqla məşğul olmamalıyıq. Əlbəttə, bizim ideoloji fikirlərimiz arasında fərqlilik ola bilər, fərqli siyasi partiyaları təmsil də edə bilərik. Amma milli mövqeyimiz bir olmalıdır. Başqa cür ola bilməz.

Nemət


Müəllif:

Oxşar xəbərlər