24 Aprel 2015 11:32
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türklər tarixdə ermənilərə qarşı “soyqırımı” cinayəti etməyib. Ancaq indi elə etmək lazım deyil ki, biz erməniləri qıraq və sonra bu cinayəti üzərimizə götürək. Türkiyənin, elə Azərbaycanın üzərinə gələnlər buyurub Xocalı aktına münasibət bildirsin, ərazilərimizin 20 faizinin işğal edilməsindən, bir milyon məcburi köçkünümüzün olmasının tarixindən bəhs etsinlər. Bütün bunlar sadəcə təzyiq xarakteri daşıyır. Azərbaycanın dünyada söz sahibinə çevrilməsini, nüfuzunun artmasını həzm edə bilmirlər”.

Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, yazıçı Aqil Abbas bildirib. Müsahibəni təqdim edirik:

- Aqil müəllim, bu gün saxta erməni genosidi ilə bağlı İrəvanda tədbir düzənlənəcək, antitürk çıxışlar olacaq. Saxta soyqırımı məsələsinə münasibətiniz necədir?
- 24 aprel mənim üçün saxta genosid günü deyil, Çanaqqala zəfərinin yüz illik yubileyidir. Bu, bizim zəfər bayramımızdır. Ermənistana dörd ölkənin prezidenti gedəcəkdi. Ancaq bu ölkələrdən Serbiyanın prezidenti imtina edib. Ola bilsin ki, başqa dövlətlərin də nümayəndə heyətləri iştirak etsinlər. Amma Çanaqqala tədbirinə səksən ölkənin yüksək çinli dövlət adamı qatılacaq. Onların içərisində təxminən iyirmidən çox prezident olacaq. Cənab Ərdoğan Ermənistanda olan tədbirə gözəl münasibət bildirdi. Dedi ki, özləri çalıb, özləri də oynayacaqlar. Əlbəttə, bu, türkə qarşı təşkil edilən bir tədbirdir. Ancaq heç nə edə bilməyəcəklər. Ermənistana gedənlərdən biri Yunan Kiprinin prezidentidir. Kiprdə yunanlar türklərə qarşı soyqırımı törədib, kəndləri yandırıblar. Məzarlıqlar ortadadır. Ancaq orada bir şəhər var, 40-50 min əhali yaşayıb. Bu şəhər yunanlarındır və türklər ələ keçirib. Təsəvvür edin ki, şəhər nə dağıdılıb, nə də yandırılıb. Mənzillərdə televizor və digər əşyalara da toxunulmayıb. Yəni ki, bu şəhər bizim deyil, nə zamansa yunanlar geri dönə bilərlər, birgə yaşayış olar. Mən həmin şəhəri görmüşəm. Bir türk mənzilə daxil olub çöp belə götürməyib. Türklər budur. Bilirlər ki, günün birində barış əldə ediləcək. Ancaq siz başqa kəndlərə gedib yunanların qırdığı türklərin toplu məzarlığını görə bilərsiniz. İndi yunan Kiprinin prezidenti İrəvana gedir, “soyqırımı” şousunda iştirak edir. Guya nə olacaq? Nə qədər istəyirlər toplaşıb danışsınlar, erməni konyakı içsinlər. Bəlkə də gələn qonaqlara ermənilər nəsə təqdim və ya təşkil etdilər. Bu, ermənilərə xas haldır.

- Fransa prezidenti də iştirak edəcək. Amma bir zamanlar fransızların özləri Əlcəzairdə qətliam həyata keçirib.
- Fransa prezidentinin özünü deyə bilmərəm. Fransız xalqı zamanında soyqırımı törədib. Təkcə Əlcəzairdə deyil, Şimali Afrikada böyük qırğınlar törədiblər. Fransızlar və italyanların Afrikadakı addımları bəllidir. Bu proses indi də davam edir. Liviya kimi müstəqil dövləti ilk olaraq kim bombaladı? Əlbəttə, fransızlar. Bu gün Suriyada, İraqda, Yəməndə, Liviyada, Fələstində bu proses davam edir. Bunlar görünən məsələdir. Ancaq məsələnin ikinci tərəfi odur ki, prezident Olland həm də Azərbaycana gələcək. Bu o deməkdir ki, Ermənistana gəlmişdim, ancaq sizinlə də dərdləşmək, baş çəkmək istədim. Məsələ bu cürdür.

- Roma Papasının erməni “soyqırımı”ndan bəhs etməsi, daha sonra Avropa Parlamentinin saxta genosidlə bağlı qətnamə qəbul etməsi, ardınca Avstriya parlamentinin bunu qəbul etməsini necə qiymətləndirmək olar?
- Əlbəttə, burada xristian təəssübkeşliyi var. Bu, danılmaz faktdır və hər kəs də bunu açıq şəkildə deyir. Ancaq təkcə bu da deyil. Türkiyə hazırda bölgədə söz sahibinə çevrilir. Eyni zamanda 10 milyon əhalisi, 24 yaşı olan Azərbaycan dövləti də söz sahibi olmaqdadır. Başqa sözlə, ikinci bir türk dövləti nüfuz qazanır, Azərbaycansız regionda hansısa məsələni həll etmək olmur. Baxın, nə qədər çalışsalar da, Ermənistan üzərindən heç bir layihə reallaşdıra bilmədilər. Çünki Azərbaycan buna razı olmadı. Məsələnin bu tərəfi də var. Bütün bunlar erməni sevgisi ilə bağlı deyil. Ermənini kim sevəcək ki? Hələ özbəklər, qazaxlar, qırğızlar bunun ağrısını hiss etmirlər. Lakin zamanında ayağa durmasalar, onlar da bunun ağrısını hiss edə bilərlər. Başqa sözlə, Türkeşin dediyi turançılıq adı altında bir yerə toplaşmasalar, bir-birinə dəstək verməsələr, hər bir türk dövləti bunun ağrısını yaşaya bilər. Demək istəyirəm ki, bizi müsəlman deyil, türk olduğumuz üçün hədəfə alıblar. Məqsəd də odur ki, türklər bir araya gəlməsin, birləşməsin, bir-birinə dəstək verməsin. Dünyada Avropa Birliyi var, hazırda Avrasiya İttifaqı yaradılır. Düşünürlər ki, birdən türk xalqları və dövlətləri konfederasiyada, hansısa formatda bir araya gələ bilər. Lap Avropa Birliyi kimi. Hazırda dünyada 7 müstəqil türk dövləti var, böyük ehtimalla 2-3 türk dövləti də yaranacaq. Bunları birləşməyə qoymamaq üçün belə təzyiqlər edir, “erməni kartı”ndan yararlanırlar. Təsəvvür edin ki, bu türk dövlətləri bir araya gəlsə, dünyada 300 milyonluq yeni türk nüfuzu yaranır. Bunların da gözü Attiladan, Çingizdən, Teymurdan və digər türk sərkərdələrindən qorxub. Məsələ bundan ibarətdir.

- Avstriya parlamentindən sonra digər ölkələr də bu saxta “soyqırımı” qəbul edə bilərmi?
- Nə qədər istəyirlər, qəbul etsinlər. Bunun heç bir nəticəsi olmayacaq. Türkiyənin arxasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan var. Türkiyəyə gücləri çatmayacaq. Bəli, indi sənədlər qəbul edir, bəyanatlar verirlər. Məqsəd həm də Türkiyəyə ləkə yaxmaq, imicini korlamaq, daxildə qeyri-stabillik yaratmaqdır. Baxın, dünyada iqtisadi böhran yaşandı, Avropa qitəsində Almaniyanı çıxmaq şərti ilə bütün ölkələr ziyanla çıxdı. İndi də Yunanıstan torpağını, şəhərlərini satır ki, borcdan çıxsın. Təsəvvür edirsinizmi? Amma Avropada iki dövlət bu böhranı yaşamadı, əksinə, böhrandan mənfəətlə çıxdı və hazırda da irəliyə gedir. Bunlar da Azərbaycan və Türkiyədir. Mən bunları özümdən demirəm, statistikadan, ortada olan faktlardan danışıram. Həm də nəzərə alın ki, Türkiyə Almaniya, Böyük Britaniya deyil. Türkiyənin kəndlərində, şəhərlərində iqtisadi və sosial problemlər çoxdur. Amma bununla belə Türkiyə və Azərbaycan bu krizisdən çıxdı. Təbii ki, bu da həmin ölkələrin xoşuna gəlmir. Odur ki, imkan düşən kimi bu ölkələri qaralamaq, nüfuzlarına zərbə vurmaq haqqında düşünürlər. İndi də saxta “soyqırımı”ndan bu məqsədlə yararlanırlar. Ancaq onu da qeyd edək ki, həm Türkiyə, həm də Azərbaycan cəmiyyətinin içində kərtənkələlər var.

- Türkiyədən tələb olunur ki, saxta “genosid”i etiraf etsin, ermənilərdən üzr istəsin və Ermənistanla sərhədləri açsın. Bunu mümkün sayırsınız?
- Bu, tamamilə yersiz və absurd tələblərdir. Bu tələblər heç vaxt həyata keçə bilməz. Amerikanın qanunlarında belə bir maddə var: bir şəxs bir cinayətə görə ikinci dəfə məsuliyyətə cəlb oluna bilməz. Yəni bir insan başqasını öldürmək istəyib, lakin öldürə bilməyib. Məhkəmə də həmin şəxsə 15 il cəza verib. 15 ildən sonra həmin şəxs həbsdən çıxıb küçədə öldürmək istədiyi şəxsi görür və onu öldürürsə, daha cəza çəkmir. Hesab olunur ki, cinayətkar cəzasını çəkib. Türklər tarixdə ermənilərə qarşı “soyqırımı” cinayəti etməyib. Ancaq indi elə etmək lazım deyil ki, biz erməniləri qıraq və sonra bu cinayəti üzərimizə götürək. Türkiyənin, elə Azərbaycanın üzərinə gələnlər buyurub Xocalı aktına münasibət bildirsin, ərazilərimizin 20 faizinin işğal edilməsindən, bir milyon məcburi köçkünümüzün olmasının tarixindən bəhs etsinlər. Bütün bunlar sadəcə təzyiq xarakteri daşıyır. Azərbaycanın dünyada söz sahibinə çevrilməsini, nüfuzunun artmasını həzm edə bilmirlər. Təsəvvür edin ki, biri redaksiyada çalışır, 50 yaşı var. Redaksiyaya gənc jurnalist gəlib daha yaxşı işləyəndə yaşlı jurnalist çalışır ki, onu zəiflətsin, bəhanə kimi səhvlərini tutsun. Başqa sözlə, sıxışdırsın. İndi Qarabağı, Xocalını görməməzlikdən gəlmələrinin mahiyyətində bu durur. Amerikalılar, avropalılar dəqiq bilirlər ki, kim kimin torpağını işğal edib. Lakin bu sadəcə olaraq türklərə qarşı olan təzyiqdir. Cinayətimiz də odur ki, biz türkük.

- Bu gün saxta “soyqırımı” mərasimi keçirib sakitləşəcəklər, yoxsa bu piar davam edəcək?
- Bu “soyqırımı” tədbiri deyil, “şouqırımı”dır. Buyurub eləsinlər. Türkiyəyə bata bilməzlər. Azərbaycan da öz torpaqlarını azad edəcək. Bizim güclü ordumuz, müdrik ali baş komandanımız var. Biz heç bir islam və türk dövlətindən kömək gözləmədən torpağımızı müharibə ilə azad edəcəyik.

- Avropa Şurası Parlament Assambleyasında saxta “soyqırımı” məsələsini yad edərkən iki türk deputatının da sayğı duruşuna qalxmasını necə qiymətləndirmək olar?
- İsmət İnönünün nəvəsinin bu addımı məni təəccübləndirib. İsmət İnönü böyük şəxsiyyətdir. Ola bilsin ki, onun nəvəsi anlamadan ayağa qalxıb. Ancaq bildiyiniz kimi deputatlarımız elə oradaca ayağa qalxan türk deputatlara ağır sözlər deyiblər. Azərbaycan türkü, dövləti budur. Bir müddət əvvəl Praqada keçirilən tədbirdə Sərkisyan Türkiyə rəhbərliyinin toplantıda iştirak etmədiyindən istifadə edərək müəyyən fikirlər işlətdi. Bizim Prezidentimiz də çıxışı zamanı bəyan etdi ki, Türkiyə rəhbərliyi burada deyil, amma mən buradayam. Sərkisyanın da cavabını necə lazımdırsa, verdi.

Nemət


Müəllif:

Oxşar xəbərlər