25 İyun 2015 15:54
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyaları davam edir. Elektrik enerjisi tariflərinin artmasına etiraz edən aksiya iştirakçıları prezident sarayına yürüş edərək dövlət başçısından tariflərin artırılması barədə qərarın ləğv edilməsini tələb etmək niyyətindədilər. Olay nəticəsində 20-ə yaxın insan yaralanıb, 237 nəfər həbs olunub. Beynəlxalq təşkilatlar aksiyanı zorakılıqla dağıdan Ermənistan hakimiyyətini tənqid ediblər. Siyasi ekspertlər Ermənistandakı aksiyaların şiddətlənəcəyini və hətta hakimiyyət dəyişikliyi səviyyəsinə qədər yüksələcəyini istisna etmirlər.

Politoloq Zərdüşt Əlizadə Ermənistanı bürüyən etirazlarla bağlı fikirlərini Teleqraf.com-a bölüşüb.

Politoloq bildirib ki, Ermənistanda keçirilən sosial aksiyaların siyasi aksiyalarla əvəzlənməsi gözləniləndir: "Ümumiyyətlə, avtoritar ölkələrdə siyasi dəyişikliklər sosial narazılıqdan başlanır. İnsanlar ac qalmayınca, ciblərində pulları qurtarmayınca ayağa qalxmırlar. Ermənistanda xalq bahalaşmaya etiraz edirsə, deməli hökumət düzgün siyasət yürütməyib. Tarif Şurası qərar qəbul edərkən xalqın vəziyyətini öyrənməlidir. Ermənistan hakimiyyəti ilk gündə aksiya iştirakçılarına qarşı zor tətbiq etdi. Görünür, Sərkisyan hakimiyyətinin uzaqgörənliyi yoxdur. İrəvanda aksiya keçirənlər müxalifət partiyalarına müraciət etməyiblər və heç bir siyasi liderə dəvət göndərməyiblər. Bəlkə də onların içərisindən siyasi lider çıxdı. Əgər belə siyasi lider çıxarsa, o, demokratik islahatlara, qonşularla dinc siyasətə önəm verəcək. Ermənistanda hakimiyyətə gələcək yeni siyasi qüvvə Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat almalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Əgər yeni qüvvə Azərbaycanla münasibətləri dəyişməsə, o zaman vay Ermənistanın halına... Belə olarsa, hakimiyyətdə Sərkisyanın, Petrosyanın, Mkrtçın olmasının heç bir fərqi qalmır. Yeni düşüncə, islahatçı qüvvələr hakimiyyətə gəlməlidir".

Z.Əlizadə hesab edir ki, Ermənistandakı aksiyalarda Qərbin əlinin olması barədə deyilənlər şişirdilib: "Qərb Ermənistanda heç nə edə bilməz. Orada milli qüvvələr hakimiyyətə gəlməlidir. Biz Qərbin Gürcüstan, Ukrayna və digər ölkələrdəki fəaliyyətini gördük. Hər iki ölkənin ərazisi işğal altındadır. İnanmıram ki, eyni şey Ermənistanda da təkrarlansın. Bu ölkədə ağıllı siyasi qüvvələr varsa, Qərbin siyasi oyunlarına uymayacaq. Qərbpərəst yox, praqmatik və vətənpərvər olmaq, rüşvət almamaq lazımdır. Çin, Yaponiya Şərq ölkələridir. Orada ağıllı insanlar ölkəni idarə edirlər və dünyanın aparıcı dövlətləridir".

Politoloqa görə, Ermənistanın Rusiyanın nəzarətindən çıxması mümkün deyil: "Ermənistan Rusiyanın qəfəsindədir. Qəfəsin bir tərəfi Dağlıq Qarabağla tutulub. Ermənistan bu qəfəsin daxilində hər şey edə, özünü o tərəf - bu tərəfə çırpa bilər, amma kənara çıxması mümkün deyil. Ermənistanda yeni qüvvə hakimiyyətə gəlsə, yenə də ilk səfər Rusiyaya ediləcək. Rusiya prezidenti ondan soruşacaq ki, Dağlıq Qarabağın Azərbaycana verilməsini istəyirsiz? O da "yox, nə danışırsız, Qarabağı versək, xalq bizi devirər" deyəcək. Bundan sonra yeni prezident Rusiyanın şərtlərini qəbul edəcək. Bilirsiniz, Ermənistan qaz, benzin, qızıl və s. məhsulların qiymətlərinin aşağı salınması məsələsində Rusiya ilə müzakirələr apara bilər, amma qəfəsdən çıxmağı gündəmə gətirə bilməz. Həmin an onlar Dağlıq Qarabağ məsələsi ilə cəzalandırılacaqlar. Dağlıq Qarabağın Ermənistanın nəzarətində qalmasının yeganə təminatçısı Rusiyadır. Ermənistanda Qərbpərəst qüvvələrin hakimiyyətə gələcəyi və Rusiyanın bundan hirslənərək Dağlıq Qarabağı Azərbaycana verəcəyi barədə deyilənlər nağıldan başqa bir şey deyil".


Müəllif:

Oxşar xəbərlər