17 Avqust 2015 17:02
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Razi Nurullayev: “Seçkilərdən sonra partiyalar köklü şəkildə dəyişəcək”

“İndiyə qədər Türkiyə ilə İŞİD arasında imzalanmayan bir barış mövcud idi. Nəticədə Türkiyə İŞİD-ə toxunmurdu. İŞİD adlı qurum isə Türkiyədən kənarda fəaliyyətini aparırdı. Ancaq sonradan maraqlar dəyişdi, Vaşinqton-Ankara arasında razılıq əldə edildi. Bu razılaşma əsasında Türkiyə Suriya sərhədində kürd dövlətinin yaranmasının qarşısını ala bildi, bu məsələdə ABŞ da ona dəstəyini ifadə etdi. Bunun əvəzində isə Türkiyədən İŞİD-ə qarşı mübarizə aparılması istənildi. Bu qarşılıqlı razılaşma əsasında gördüyümüz indiki mənzərə yaranıb. Təbii ki, müharibə başlayacaqsa, hər iki tərəfdən itkilər olacaq. İndi Türkiyə bunda inamlı görünür, üstəlik ABŞ-ın da hər cür dəstəyi var”.

Bunu Teleqraf.com-a müsahibəsində Yeni Demokratiya Hərəkatının sədri Razi Nurullayev bildirib. Müsahibəni təqdim edirik:

- Razi bəy, Türkiyədə mövcud olan indiki qaynar ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?
- Türkiyə kifayət qədər oturuşmuş və demokratik əsasları olan dövlətdir. Bu baxımdan çətinliklərə tab gətirə biləcək. İndi qardaş ölkədə siyasi ab-hava çox rəngarəngdir. Sadəcə, hazırda Türkiyə ilə bağlı bəzi məqamlara görə tərəddüd keçirirəm. Bu məqam qardaş ölkədə demokratik əsasların sarsılması ola bilər. Təbii ki, Türkiyə hazırda Amerikanın dəstəyini tam əldə edib və regionda yeni bir güc formalaşdırır. Hazırda Ankara PKK-ya qarşı ciddi mübarizə üçün kart-blanş alıb, eləcə də, Suriya ilə sərhəddə yeni bir kürd dövlətinin yaranmasının qarşısını kəsə bilib.

- Həmçinin İŞİD-lə də mübarizə aparır...
- Təbii ki, İŞİD adlı silahlı qurum da Türkiyə üçün təhlükə və narahatlıq doğurur. Son parlament seçkilərinin nəticəsi ortadadır. Bu nəticəyə görə, ölkədə təkpartiyalı hökumət formalaşdırılmayıb, aparılan danışıqlar uğursuz olub. Yeni parlament seçkiləri isə daha üç ay vaxt alacaq. Bu isə şübhəsiz ki, ölkədaxili siyasətdə problemlər yaradır. Üstəlik erkən seçkilərə getmək o demək deyil ki, Ədalət və İnkişaf Partiyası (AKP) tam qələbə əldə edəcək və təkpartiyalı hökuməti formalaşdıracaq. Bu mənada müəyyən tərəddüdlər var. Əslində, son zamanlar prezident Ərdoğanın çıxışından da görünür ki, burada təkpartiyalı hökuməti qurmaq üçün qeyri-populyar addımlar atıla bilər. Bu da ölkənin daxilində problemlər yarada bilər. Hazırda ölkə daxilində terror hadisələri törədilir. Bu da hakimiyyətə imkan verə bilər ki, müəyyən məhdudiyyətlər tətbiq etsin. Bununla da AKP iqtidarı təkbaşına hakimiyyətə sahib olmaq üçün manevrlər edə bilər. Əslində, bu proses baş verəcəksə, nəticədə iki reallıq yarana bilər. Birinci variantda Türkiyə yenidən stabil durumuna qayıda bilər, tək hakimiyyətlilik yarana və AKP regional siyasətini davam etdirə bilər. İkinci variantda isə ölkədəki narazı qüvvələr, xüsusilə müxalifət bu addımlarla razılaşmaya bilər və ölkə xaosa sürüklənə bilər. Aydındır ki, Türkiyə bu durumda da proseslərin öhdəsindən gələ biləcək, lakin nəticədə zəifləyəcək. Bu baxımdan indi Türkiyənin vəziyyətini ifadə etmək çətindir. Sanki hazırda Türkiyə bir yol ayrıcındadır. Bu da daxili stabilliyin artıq pozulması faktından irəli gəlir.

- Türkiyə erkən seçimlərə gedərsə, nəticə necə olacaq?
- Bu haqda birmənalı fikir söyləmək çətindir. Bunun üçün 3 ay zaman lazım gələcək. Bu zaman çərçivəsində Türkiyə İŞİD və PKK-ya qarşı əməliyyatlar aparacaq. Belə durumda isə ölkədə hər an vəziyyət dəyişə bilər. Odur ki, seçkinin nəticələrini öncədən proqnozlaşdırmaq çox çətindir. Lakin bəllidir ki, AKP insanların səsləri, rəyləri ilə oynamağa mahirdir. PKK faktoru, bu qurumun düşərgələrinin məhv edilməsi, daha çox terrorçunun öldürülməsi və onların planlarının pozulması faktı vasitəsilə insanların qəlbinə yol aça bilər. İkincisi, ölkədə stabilliyin bərpa edilməsi, Türkiyənin xaosa sürüklənməsinin qarşısının alınması üçün müəyyən çağırışlar ola bilər. Seçici də AKP-yə səs verə bilər ki, ölkə xaosa sürüklənməsin. Bu mənada erkən seçimlərdə AKP daha şanslı görünür. Amma bununla yanaşı, seçkilər ərəfəsində HDP səs itirə bilər. Seçki zamanı onlarla bağlı müəyyən kompromatlar ortaya atıla, onların fəaliyyəti qadağan edilə bilər. Bu halda HDP-nin səsləri AKP və ya CHP-yə gedə bilər. Erkən seçkilərdə MHP-nin ciddi səs qazanacağını demək bir qədər çətindir. Lakin CHP-nin səslərində müəyyən artım ola bilər, amma AKP daha çox səs qazanmaq şansına malikdir. AKP rəhbərliyi bunu bildiyi üçün erkən seçimlərdə maraqlıdır.

- Koalisiya ilə bağlı AKP-MHP danışıqları olacaq. Bu danışıqların nəticəsi olaraq yeni hökumətin konfiqurasiyası meydana çıxa bilərmi?
- Artıq yeni hökumətin yaranması mümkün deyil. Qardaş ölkədə koalisiya hökumətinin qurulması iflasa uğrayıb. MHP sədri Dövlət Baxçalının irəli sürdüyü şərtlər var və bu şərtlər AKP tərəfindən qəbul edilə bilməz. Baş nazir Davudoğlu sadəcə olaraq yaxın 4-5 gündə digər siyasi qüvvələrlə danışıqlar aparmalıdır və bu, konstitusiyanın tələbidir. Bu səbəbdən görüşlər keçirilir. Yəni, formal bir prosesdir. Türkiyə reallığına görə koalisiya hökumətinin qurulması artıq mümkün deyil.

- HDP-nin şanslarını necə qiymətləndirirsiniz?
- HDP-nin imkanları seçki ərəfəsində yaranacaq situasiyadan asılı olacaq. Türkiyə elə bir addım ata, ölkədə elə olay yarana bilər ki, HDP səsini itirməz və parlamentə girə bilər. Mənə elə gəlir ki, belə bir təhlükə yaranacaqsa, bu qurumun terrora dəstəyi hansısa formada meydana çıxacaqsa, onlar siyasətdən kənarlaşdırıla bilərlər. Bu, daha çox Türkiyə ilə PKK arasında baş verən savaşdan asılı məsələdir.

- Hazırda PKK terror təşkilatının addımları, törətdiyi olaylar nəyə xidmət edir?
- AKP iqtidar olandan sonra kürd problemini yoluna qoymaq üçün barış sürəci deyilən layihəni irəli sürdü və bu istiqamətdə addımlar atıldı. Lakin reallıqda bu sürəcin nəticəsi olmadı. HDP isə parlamentə düşdükdən sonra özündənrazı siyasi quruma çevrildi. Demək olar ki, onlarda ümid yarandı ki, parlamentə düşə bilirlərsə, hansısa arzularını da gerçəkləşdirə bilərlər. Nəticədə onlarda ruh yüksəkliyi baş verdi. Həmçinin HDP il başqanlarının verdiyi bəyanatlar, sözləri PKK-nı aktivləşdirdi. Türkiyə hökuməti də PKK-ya qarşı addımlar atmağa başladı. Hökumət barış sürəcinin davam etməsində maraqlı olsa da, bu prosesin əvvəlki kimi sürətlə getməsində maraqlı olmadı. Eyni zamanda kürd dövlətinin yaranması məsələsinin siyasi gündəmdən çıxmasından sonra PKK barış sürəcinin pozulmasında maraqlı oldu. AKP isə buna maneçilik törətmədi. Çünki AKP təkpartiyalı iqtidar olmaq üçün parlamentdə kifayət qədər deputat mandatına malik deyil. Kürdlərlə olan əməkdaşlıq isə AKP –nin reytinqinin azalmasına səbəb oldu. Məhz bu səbəbdən AKP bu layihənin sürətlə irəliləməsində maraqlı görünmür.

- İŞİD-in Türkiyə ilə hansı problemləri var?
- İndiyə qədər Türkiyə ilə İŞİD arasında imzalanmayan bir barış mövcud idi. Nəticədə Türkiyə İŞİD-ə toxunmurdu. İŞİD adlı qurum isə Türkiyədən kənarda fəaliyyətini aparırdı. Ancaq sonradan maraqlar dəyişdi, Vaşinqton-Ankara arasında razılıq əldə edildi. Bu razılaşma əsasında Türkiyə Suriya sərhədində kürd dövlətinin yaranmasının qarşısını ala bildi, bu məsələdə ABŞ da ona dəstəyini ifadə etdi. Bunun əvəzində isə Türkiyədən İŞİD-ə qarşı mübarizə aparılması istənildi. Bu qarşılıqlı razılaşma əsasında gördüyümüz indiki mənzərə yaranıb. Təbii ki, müharibə başlayacaqsa, hər iki tərəfdən itkilər olacaq. İndi Türkiyə bunda inamlı görünür, üstəlik ABŞ-ın da hər cür dəstəyi var. Yəqin ki, ortada da müəyyən zəmanət var və İŞİD-in Türkiyəyə qarşı real addımları NATO dövlətlərinin də bu silahlı quruma qarşı fəaliyyətini stimullaşdıracaq. Bəlkə də, elə ABŞ-ın istəyi bundan ibarətdir.

- AXCP-dən ayrıldınız, ictimai hərəkat qurduğunuz elan etdiniz. Qarşıdan gələn parlament seçkilərinə münasibətiniz necədir?
- Siyasətlə məşğul olan qurum seçkilərdə iştirak etməlidir. Biz də seçkilərə qatılmaq niyyətindəyik.

- Belə xəbərlər yayılıb ki, seçkidən dərhal sonra siyasi quruma çevriləcəyinizi elan edəcəksiniz...
- Yox. Sadəcə, 2015-ci il parlament seçkilərindən sonra Azərbaycanda siyasi partiyalar köklü şəkildə dəyişəcək. Əminəm ki, seçkidən sonra bir çox siyasətçilərin və partiyaların sonu olacaq.

- Əminliyiniz haradan doğur?
- Azərbaycanın siyasi mühitinə baxsanız, bunu görərsiniz. Bizdə ən zəif seçki fəallığı 2010-da müşahidə edilib. Həmin vaxt seçki fəallığı yox idi. Seçkidən bir ay sonra ərəb baharı yaşandığı üçün siyasi partiyalarda aktivləşmə müşahidə olundu. 2015-ci il parlament seçkiləri isə daha passiv olacaq. Hazırda siyasi partiyaların seçkilərlə bağlı fəaliyyəti görünmür, faktiki olaraq passivlik mövcuddur. Üstəlik beynəlxalq qurumlar da seçkilər məsələsi haqqında danışmır. Siyasətçilərin də seçkilərlə bağlı fəallığı yoxdur. Çünki xalq tərəfindən dəstək yoxdur. Odur ki, bu seçkilərdən sonra bir çox məsələlər üzə çıxa bilər. Seçkidən səs ala bilməyən, obyektiv və subyektiv səbəbdən qələbə qazana bilməyən partiyaların liderlərinin əlavə şansı olmayacaq. Fikrimcə, yeni planların ortaya çıxdığının şahidi oluruq, 2016-cı ildən bu proses müşahidə ediləcək. Məncə, parlament seçkilərindən sonra bir çox partiya sədrləri, siyasətçilər siyasətlə vidalaşmağa məcbur olacaq.

- Siz, bu məqamı qiymətləndirərək siyasi quruma çevrilmək və ya çevrilməmək haqqında düşünürsünüz, yəni situasiyaya baxıb adekvat qərar verəcəksiniz?
- Təbii ki, bu prosesin baş verməsində əsas hərəkətverici qüvvələrdən biri də bizik. Biz hazırda bu prosesin iştirakçısıyıq.

Nemət


Müəllif:

Oxşar xəbərlər