“Onların imkanı var idi ki, əks arqumentlərlə çıxış etsinlər”
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov qəzetimizə müsahibə verib.
Müsahibədə bir sıra vacib məqamlara, o cümlədən ölkədə hüquq müdafiəçiliyinin durumu, QHT-lərin vergidən yayınması, bu günlərdə məhkəmə prosesi başa çatmış Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barədə çıxarılmış məhkəmə hökmünə toxunulub.
- Rufiz bəy, Leyla və Arif Yunusların artıq başa çatmış məhkəmə prosesinə münasibətiniz nə cürdür?
- İstintaq və məhkəmə orqanları bu məsələni kifayət qədər araşdırıblar. Yəqin ki, onların əlində tutarlı faktlar olduğu üçün sözügedən şəxslər barədə bu cür ağır cəza kəsildi. Vətənə xəyanət, düşmən ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək və xarici ölkələrdən təlimat, maliyyə alıb öz ölkəsinə qarşı təbliğat aparmaq, qara piar təşkil etmək, eləcə də, öz ölkəsi barədə yalan, düzgün olmayan məlumatlar yaymaq insan üçün ən utanc gətirən və qatı cinayətlər sayılır. Bu baxımdan məhkəmənin onlar barədə çıxardığı hökmlər çox güman ki, tutarlı dəlil və faktlar olmaq şərtilə verilib.
- Onlar barədə cəza çıxarıldıqdan sonra beynəlxalq ictimaiyyətdən verilən reaksiyanı necə qiymətləndirirsiniz?
- Onların həbsinə reaksiyalar gözlənilən idi. Onları təlimatlandıran, maliyyə verən, xüsusən erməni dairələri ilə birləşərək Azərbaycan əleyhinə dünyada ikili standartlardan çıxış edərək təbliğat aparan beynəlxalq qurumlar və onların havadarları sözsüz ki, öz maliyyələrini, öz adamlarını müdafiə etməli idilər. Leyla və Arif Yunus onların təlimatlarını, göstərişlərini yerinə yetirdikləri üçün müdafiə olunmaları da gözlənilən idi. Ölkə ictimaiyyətinin reaksiyası bu məsələdə birmənalıdır. “Qeyri-hökumət təşkilatları” haqqında qanun var. Bu qanuna uyğun olaraq qeyri-hökumət təşkilatları fəaliyyətlərində şəffaf olmalıdır. Əgər şəffaf deyil, gizli şəkildə fəaliyyət göstərir, gizli maliyyə alaraq bunu dövlət və dövlətçilik əleyhinə yönəldir, hər hansı ölkənin xüsusi xidmət orqanlarına işləyirsə, aydın məsələdir ki, bu, ölkə ictimaiyyətində birmənalı fikir yaradır. İnsanlar haqlı olaraq düşünürlər ki, bu insanlar bu əməlləri törədiblərsə, sözsüz ki, onlar haqqında çıxarılmış cəza da düzgündür. Yəqin ki, onlar bunun məsuliyyətini də dərk etməli idilər. Bəzi beynəlxalq dairələrin hüquq müdafiəçilərinə qarşı qanunsuzluğun baş verməsi adı altında dedikləri absurd fikirlərdir. Ortada faktlar və bu faktlara uyğun olaraq da cinayət hadisəsi varsa, heç şübhəsiz, burada cəza da olmalıdır.
- Bəzən hər iki şəxsə bəraət qazandırılması hallarına da rast gəlirik...
- Burada necə bəraət ola bilər? Onlara yəqin ki, vəkillər ayrılmışdı. Sözsüz ki, istintaq gedən müddətdə onların imkanları var idi ki, əks arqumentlərlə çıxış etsin və ortaya faktlar qoymaqla istintaqı inandırsınlar. Yəni, doğrudan da, bu əməlləri törətməyiblərsə, barələrində qaldırılmış cinayət işinin yalan olmasını sübuta yetirməli idilər. Lakin əgər bu, ortada yoxdursa, istintaq və məhkəmə zamanı hər hansı təkzibedici faktlar olmayıbsa, hansı bəraətdən söhbət gedə bilər?! Yalnız hüquqi prosedura uyğun olaraq apelyasiya məhkəməsinə müraciət oluna bilər. Eyni zamanda cənab Prezidentin səlahiyyəti var ki, cinayət törətmiş istənilən məhkumu – sözsüz ki, əgər müraciət edərsə – əfv edə bilər. Mənə elə gəlir ki, bu cür ağır cinayətlərdə ittiham olunan şəxslərə əfvin tez bir zamanda şamil olunması bir qədər çətin məsələdir. Yəqin ki, gələcəkdə cənab Prezident çoxsaylı məhkumu əfv edərsə, Leyla və Arif Yunus da törətdikləri əməlin fərqində olsalar, bu əməlin həqiqətən də düşmənlə birləşib öz ölkələrinə qarşı xəyanət olduğunu dərk etsələr, peşmançılıq keçirsələr, hansısa bir formada müraciət etsələr, bu müraciətlərə baxıla bilər. Onların əfv olunmaları isə şübhəsiz ki, cənab Prezidentin səlahiyyətindədir. Bu da gələcəyin işidir.
- Onların həbsi ətrafında həm də ajiotaj yaranmışdı...
- Bəzi beynəlxalq təşkilatlar Azərbaycana həmişə qərəzli yanaşıblar. İlk Avropa Oyunları ərəfəsində bunun bariz nümunəsini gördük. Həmin ərəfədə baş verənlər ölkəmizə qarşı qara piar kampaniyasının ən yüksək səviyyədə təşkil olunmasının nəticəsi idi. Biz Vətəndaş Cəmiyyəti Koalisiyası olaraq həmin qara piar kampaniyasını, beynəlxalq ajiotajı təşkil edənlərə sözümüzü dedik. Söhbət ondan gedir ki, bu gün onların həbsi ətrafında kimlərsə ajiotaj yaradaraq nəyəsə nail olacaqlarını düşünürlərsə, bu, mümkünsüz bir işdir. Yenə deyirəm, ortada təkzibolunmaz faktlar, istintaqın gəldiyi qənaət varsa, bu faktlar məhkəmədə sübuta yetirilibsə, bu zaman istənilən ajiotajın heç bir əhəmiyyəti ola bilməz. Digər tərəfdən bu insanlar ötən müddət ərzində Azərbaycan dövlətçiliyinə kifayət qədər zərər vurublar. Demək, Azərbaycanda müsbət mənada nə baş veribsə, onlar hamısını, ağı qara kimi görüblər. Bunlar Azərbaycanda ölkənin çörəyini yeyib, suyunu içib, özlərini azərbaycanlı sayaraq, Azərbaycandan bu qədər vəsait qazanaraq, ölkəni bəyənmirlər, onun əleyhinə iş aparırlar. Düşmənlə, erməni xüsusi xidmət orqanları ilə birləşib öz ölkələrinə qarşı təbliğat aparırlar. Sözsüz ki, bu zaman sual yaranır; müharibə gedən hansısa ölkədə hüquq müdafiəçisi QHT adı altında düşmənlə birləşib öz ölkəsinə qarşı mübarizə apararsa, o vətəndaş bağışlanarmı?! Heç bir ölkə bunu bağışlamaz.
- Demək olarmı ki, hər iki şəxsin ittiham olunduğu dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma, saxta sənədlərdən istifadə etmə kimi maddələr bütövlükdə QHT-lərin cəmiyyətdə nüfuzdan düşməsinə səbəb olur?
- Xeyr, mən belə düşünmürəm. İki, yaxud beş-on nəfərə görə QHT-lərin nüfuzdan düşməsi mümkün deyil. Bu gün Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 3 mindən artıq qeyri-hökumət təşkilatı var. Eyni zamanda mindən yuxarı da qeyri-rəsmi fəaliyyət göstərən QHT var. Yəni, biz faiz nisbəti ilə baxsaq, görərik ki, bu qədər QHT içərisindən bir neçə nəfərin belə əməllər törətmələri normal haldır. Yəni, hər bir cəmiyyətdə QHT-lərin qanunu pozmaları halları baş verə bilər. Qanunu pozanlar isə qanun qarşısında cavab verməlidirlər. Yəni, bunu QHT-lərin nüfuzdan düşməsi kimi qiymətləndirmək düzgün deyil və bununla razı ola bilmərəm. Çünki bu gün Azərbaycanda kifayət qədər QHT-lər dövlətinə, dövlətçiliyinə, Vətəninə xidmət göstərir.
Səxavət HƏMİD