21 Avqust 2015 18:44
2 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erkən seçkilərə gedilsə, demokratiyadan geri çəkilmə olacaq. Bunun üçün əsaslar da var. Seçki daha sərt tədbirlərlə keçiriləcək. Üstəlik PKK-nın güclü olduğu yerlərdə seçkilər böyük ehtimalla keçirilməyəcək. Cənab Ərdoğan istəyirdi ki, AKP təkbaşına iqtidar olsun, lakin son seçkidə bu baş vermədi. Ancaq erkən seçkilərdə bu, baş verə bilər. Çünki erkən seçimlər həm də HDP-nin sıradan çıxarılması anlamına gələcək. Sorğulara əsasən erkən seçkilərdə MHP bir qədər səs itirəcək. Səbəb isə koalisiya hökumətinin qurulmasında maraqlı olmamasıdır. CHP və AKP-nin səslərində artım ehtimalı var. Əgər HDP prosesdən kənarlaşsa, barajı keçə bilməsə, AKP təkbaşına iqtidar olmaq üçün lazımı səs əldə edə biləcək”.

Bunu qəzetimizə müsahibəsində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib. Müsahibəni təqdim edirik:

- Elşad bəy, təmsil olunduğunuz “Azadlıq-2015” Seçki Bloku bəzi dairələr üzrə namizədlərini müəyyən edə bilmir. Buna səbəb nədir?
- “Azadlıq-2015” Seçki Blokunun 60 seçki dairəsi üzrə vahid namizədləri müəyyənləşib. Bir sıra seçki dairələri var ki, orada partiyaların irəli sürdüyü namizədlər üst-üstə düşür. İndi bunları təhlil etmək, araşdırmaq, razılaşdırmaq lazımdır. Bəzi dairələr var ki, partiya üzvləri oradan namizəd olub-olmayacağını dəqiq müəyyən etməyib. Başqa xüsusi bir problem yoxdur.

- Ümumiyyətlə, blokun perspektivini necə qiymətləndirirsiniz?
- Seçkidə yeganə müxalifət bloku “Azadlıq-2015” Seçki Bloku olacaq. Çünki digər müxalifət partiyalarının seçki bloku, ittifaq yaratmaq istəkləri alınmayıb. Hələlik üzdə olan və görünən “Azadlıq-2015”-dir.

- Ancaq təmsil olunduğunuz bloka qarşı ciddi ittihamlar da irəli sürülür...
- Hansı ittihamları nəzərdə tutursunuz?

- Milli Şuranın sədri Cəmil Həsənli, Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal hesab edir ki, siz imitasiya ilə məşğulsunuz, saxta müxalifət blokunu real müxalifət bloku kimi təqdim edirsiniz...
- Vidadi Mirkamal və Cəmil Həsənli professordurlar. Açığı, onlara sərt cavab vermək olmur. Çünki indiyə qədər heç kimə qarşı təhqiramiz fikirlər işlətməmişəm. Lakin adamlar da ağıllarını başlarına yığmalıdırlar. Hansı əsasla bizə qarşı ittiham irəli sürürlər? Vidadi Mirkamal universitetdə işləyib, rüşvətxor bir adam olub. 1993-cü ildən 2000-ci ilə qədər İqtisad Məhkəməsinin sədr müavini olub. Vidadi Mirkamalın 70 yaşı var, amma bir dəfə də mitinqə çıxmayıb. Nə özü çıxıb, nə də övladları. Onun nə haqqı var, hansı əsasla bizə qarşı belə ittiham irəli sürür? Cəmil Həsənli ağlı başında olan adamdır, əlində əsas olmadan hansı ittiham irəli sürür? Cəmil Həsənli vaxtilə Əbülfəz Elçibəyi sataraq Əli Kərimlinin yanına gedib. Sonra isə Əli Kərimlini satıb parlamentdə əyləşib. İndi utanmadan danışırlar. Abır-həya lazımdır. Məncə, dillərini özlərində saxlamalı, heç kimi də ittiham etməməlidirlər. Kiminlə bağlı sözləri varsa da, açıq formada həmin şəxsin üzünə desinlər.

- Sizcə, “Azadlıq-2015” Seçki Blokunun hədəfə alınması nə ilə bağlıdır?
- Blokun hədəfə alınması rəqabətlə bağlıdır. Hər kəs başqa siyasi qüvvənin davranışlarına, qəbul etdiyi qərarlarına hörmətlə yanaşmalıdır. Milli Şura seçkiyə gedir-getmir öz işidir. Necə olur, siz seçkiyə gedəndə satqınlıq olmur, amma başqası gedəndə olur? Cəmil Həsənli niyə gedirdi seçkilərə? Bundan əvvəlki parlament seçkilərinə niyə qatılmışdı? Əlbəttə, bütün bunlar onların öz işləridir. Biz ittiham etmirik. Onlar da bizi ittiham etməsinlər. Azərbaycanda başqasını bilmirəm, şəxsən mən özümə cavabdehəm. Bir sıra siyasətçilər var ki, illərlə adlarını, imiclərini qoruyublar. Onlara şər-böhtan yapışmır. Azərbaycan kiçik ölkədir və kimin necə nəfəs aldığını çox yaxşı bilirik. Seçki, demokratiya bir marafondur. Siyasətçilər meydandan çəkilməməlidirlər. Seçkiyə qatıl, sözünü de. Kimsə qatılmırsa, bu, onun öz işidir. Daha şər-böhtana ehtiyac yoxdur. Bu, qəbuledilməzdir.

- Milli Şuranın seçkini boykot edəcəyi artıq bəllidir. Bu mövqeyi necə qiymətləndirirsiniz?
- Milli Şuranın hansı qərar verəcəyi məni qətiyyən maraqlandırmır. Onlar hamıdan qabaq parlamentdə oturublar. Onlara bir söz deyən vardı? Mən son illər 5 dəfə parlament seçkilərində namizəd olmuşam, kifayət qədər də səs toplamışam. Bəs, niyə məni yox, onlar parlamentə düşüb? Odur ki, bu qurum məni əsla maraqlandırmır.

- Söhbət təkcə Milli Şuradan getmir, həm də boykot taktikasından gedir...
- Boykot heç bir effekt verməyib. Bunu illərin təcrübəsi göstərir. Milli Şurada olanların ağlı olsaydı, 1993-cü ildə hakimiyyəti buraxıb qaçmazdılar. Hakimiyyəti qoyub qaçıblar. İndi də gəlib müxalifətə ağalıq və sahiblik etmək istəyirlər. Bir qrup Facebook uşaqlarını da ortaya salaraq istədikləri siyasətçini təhqir etdirirlər.

- Müsavat qurultaya getdi və çalxalanma yaşandı. Bu proses indi AXCP-də müşahidə olunur. Buna səbəb nədir?
- Bu, təbiidir. Mən siyasi partiyaları ittiham etmək niyyətində deyiləm. Ancaq siyasi partiya uzun illər hakimiyyətə gələ bilmirsə, uğursuz fəaliyyət göstərirsə, müxalifətdə qalırsa, nəticədə təşkilatda çalxalanma, narazılıqlar, parçalanma, fiasko yaşanır. Bu, məntiqdir. İsa Qəmbər uzun illər Müsavatı qoruyub saxlaya bildi, ancaq sonradan onun da gücü çatmadı. İndi AXCP bir neçə dəfə parçalanıb. İndi parçalanmışın yenidən parçalanması müşahidə edilir. Bu, sanki növbəti mərhələdir. AXCP-nin üzvləri hər yerdə təmsil olunur. “Yurd”çular indi hər yerdə var. Rəhmətlik Əbülfəz Elçibəy çox böyük insan idi ki, bir il bunların içində dözə bilib.

- Siz Türkiyədə çox olursunuz, bu ölkənin ictimai-siyasi həyatı ilə maraqlanırsınız. Qardaş ölkədə nə baş verir?
- Türkiyədə vəziyyət gərgindir. Lakin Türkiyənin güvənc yeri ordusudur. Ordu isə istənilən an sözünü deyə bilir. Ancaq açığı, burada ipləri çox buraxmışdılar, PKK az qala at oynadırdı. Eyni zamanda xalqın xeyli hissəsini zəhərləyiblər. AKP-nin kürd açılımı siyasəti səhv idi. İndi də bunun mənfi nəticəsi ortaya çıxıb. Türkiyə hüquq mühafizə orqanları PKK-ya və ona dəstək verən insanlara qarşı sərt tədbirlərə əl atmalıdır. Əks halda vəziyyət nəzarətdən çıxa bilər. Artıq bəzi bölgələr “müstəqillik” elan etmək kimi xülyalara düşür. Misal var, düşmənə güzəştə getdikcə, onun tələbləri artır və ciddiləşir. Türkiyə PKK-ya qarşı 1990-cı illərdə göstərdiyi münasibəti bir daha təkrarlamalıdır.

- Türkiyədə stabilliyin pozulmasına cəhdlər nəyə hesablanıb?
- Şübhəsiz ki, burada böyük güclərin marağı var və onlar Türkiyəni mümkün qədər zəiflətmək xətti aparırlar. Böyük Kürdüstan planından hələ də imtina edilməyib. Üstəlik bu güclər istəmir ki, müsəlman aləmində demokratik imicə malik güclü bir Türkiyə olsun. Türkiyəyə müttəfiq olan NATO ölkələri belə onun inkişaf etməsində maraqlı deyil. Əlbəttə, bu prosesdə AKP iqtidarının apardığı yanlış siyasətin də payı var. Bu səhv siyasət həm PKK-nı, həm də onların siyasi qolu olan HDP-ni gücləndirdi. Eyni zamanda, Türkiyənin daxilində anti-türk qüvvələri var. Bu marginal qüvvələr on illər boyu orada əyləşiblər və indi imkan düşən kimi PKK-ya dəstək verirlər. Həmçinin Doğan Qrupunun nəzarətində olan media son parlament seçkilərində ən çox dəstəyi HDP-yə verib. Doğan Qrupu bu dəstəyi verəndə bəhanə kimi deyirdi ki, AKP-nin təkbaşına iqtidar olmasını istəmirlər. Amma hər halda bu anti-türk qrupları birləşmişdilər. İndi Türkiyədə ən nüfuzlu və təcrübəli, informasiyalı insanlar deyirlər ki, yalnız sərt tədbirlərlə vəziyyəti düzəltmək olar. Təsəvvür edin ki, İstanbulun özündə kürdlər sayına görə çoxdur. İstanbulda HDP MHP-dən çox səs toplayıb. Digər bölgələrdə də belə hallar var. AKP hakimiyyəti dövründə bir sıra qanunlar qəbul edilib və müəyyən yumşalmalara gedilib. PKK terrorçularına qarşı da müəyyən yumşalma var idi. İndi isə deyilir ki, terrorçu anında güllələnməlidir.

- Türkiyə erkən seçkilərə gedir, sizcə hansı mənzərə yarana bilər?
- Erkən seçkilərə gedilsə, demokratiyadan geri çəkilmə olacaq. Bunun üçün əsaslar da var. Seçki daha sərt tədbirlərlə keçiriləcək. Üstəlik PKK-nın güclü olduğu yerlərdə seçkilər böyük ehtimalla keçirilməyəcək. Cənab Ərdoğan istəyirdi ki, AKP təkbaşına iqtidar olsun, lakin son seçkidə bu baş vermədi. Ancaq erkən seçkilərdə bu, baş verə bilər. Çünki erkən seçimlər həm də HDP-nin sıradan çıxarılması anlamına gələcək. Sorğulara əsasən erkən seçkilərdə MHP bir qədər səs itirəcək. Səbəb isə koalisiya hökumətinin qurulmasında maraqlı olmamasıdır. CHP və AKP-nin səslərində artım ehtimalı var. Əgər HDP prosesdən kənarlaşsa, barajı keçə bilməsə, AKP təkbaşına iqtidar olmaq üçün lazımı səs əldə edə biləcək. Yox, əgər kifayət qədər səs əldə edilməsə, bu zaman AKP məcbur olub MHP və ya CHP ilə koalisiya hökumətini quracaq. İndilikdə əsas xətt HDP-nin sıradan çıxarılmasıdır. CHP özünü qorumaq, bir qədər səsini artırmaq niyyətindədir. Çünki onların elektoratı bir qədər fərqlidir. Məncə, indiyə qədər koalisiya danışıqları bir növ imitasiya idi və AKP istədiyini əldə edərək erkən seçimlərə gedir. Türkiyədə vəziyyət mürəkkəbdir, gərgindir. Ancaq stabilliyi bərpa edəcəklər.Llazım gəlsə, ordu sərt tədbirlərə əl atacaq. Başqa variant yoxdur.

Nemət


Müəllif:

Oxşar xəbərlər