Teleqraf.com əməkdar artist Naina İbrahimova ilə müsahibəni təqdim edir.
- Naina xanım, Rus Dram Teatrının əməkdar artistisiniz. Yeni sezonda tamaşaçılar sizi hansı obrazlarda görəcəklər?
- Teatrda oynadığım bir çox tamaşalar var və yeni sezonda da o obrazları canlandıracam. Ən parlaq tamaşalarımdan biri “Yeddi gözəl” tamaşasıdır. Tamaşa Nizami Gəncəvinin yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəvət edilmiş litvalı rejissor Yonas Vaytkus tərəfindən hazırlanıb. Səhnə əsərində baş rollardan biri olan Türkünaz obrazını canlandırıram. Yonas Vaytkus Avropada tanınmış rejissorlardan biridir. Bu tamaşanı Rusiyada da kiçik bir teatrda oynadıq və tənqidçilər tərəfindən çox gözəl rəy eşitdik. Bununla yanaşı M.F.Axundovun “Lənkəran xanının vəziri” əsərində Nisə xanım, S.Vurğunun “Fərhad və Şirin” əsərində Şirin və bir çox digər obrazları canlandırmışam. 10 ilə yaxın bir dövrdə yalnız böyük tamaşalarda deyil, uşaq tamaşalarında da oynamışam. Uşaq tamaşalarını böyük məmuniyyətlə oynayıram, çünki ən səmimi tamaşaçılar uşaqlardır. İndiyə qədər heç yerdə balaca tamaşaların gözləri qədər səmimi gözlər görməmişəm.
- Aktrisa kimi fəaliyyət göstərməklə yanaşı, bir çox layihələrin də müəllifisiniz…
- Bəli. Aktrisa kimi fəaliyyət göstərməmişdən əvvəl fotomodel kimi çalışırdım. Aktrisa kimi fotomodellikdən sonra çalışmağa başladım. Gözümü açandan fotoqrafların yanında olmuşam. Azərbaycanda kəşf edilmiş ilk aktrisayam ki, bu sənətə gəlməmişdən əvvəl obrazlarım olub. “Əsrlərdən gələn gözəllik” adlı fotolayihə hazırlamışam. Bu proqramın köməyi ilə foto incəsənətini aktyorluq sənəti ilə birləşdirmişəm. Mən o kateqoriyalı model və aktrisalardanam ki, bahalı maşınları və brendləri nümayiş etdirməyi xoşlamıram. Düşünürəm ki, bahalı maşınları və brendləri nümayiş etdirmək yaradıcı insanların xarakterinə xas deyil. Özümü çox göstərməyi xoşlamıram.
- Dünyaca məşhur insanları - Maykl Cekson, Merlin Monro, Marlen Ditrix, Anjelika və başqa obrazları canlandırmısınız. Bu ideya necə yarandı?
- Bu obrazları yaratmaq daxilimdəki aktyorluq sənəti ilə bağlı idi. Əvvəlcə gözəl və sadə rolları canlandırmağa başladım və ilk obrazım Kleopatra oldu. Sonra daha çətin və fəlsəfi obrazları canlandırmağa başladım. Fotomodel kimi heç vaxt eybəcər görünməkdən çəkinmədim. Çünki bir xanım üçün kişi obrazını yaratmaq çox çətindir və hətta eybəcər də görünə bilərsən. Amma kişi üçün qadın obrazını canlandırmaq çətin deyil. Çətinliklərin öhdəsindən gəlməyimin yeganə səbəbi daxili aktyorluğum idi. Maykl Cekson və Çarli Çaplin obrazına görə Azərbaycan-Almaniya cəmiyyəti tərəfindən mükafatlandırıldım. Yaratdığım obrazların çətinliyi yalnız qrim, paltarlar deyil, insan psixoloji və fiziki olaraq da dəyişir. Hər obrazın özünəməxsus energetikası var. Elə obrazlar var ki, onu oynamaq çox çətindir, yaxud da əksinə, asan. Mənim üçün ən çətin və eləcə də, ən çox sevdiyim obraz Maykl Ceksondur. Çünki Maykl Cekson dahi insan və musiqiçidir. Çətin obrazlardan biri də Çarli Çaplin obrazıdır. Onun özünəməxsus mimikası və hərəkətləri var. Onu da deyim ki, hamı tərəfindən tanınmış və sevilmiş insanların obrazlarını yaratmaq asan deyil. Çünki onları hamımız tanıyırıq.
Bu yerdə aktrisanının atası Ağali İbrahimov söhbətə qoşulur:
- Naina üçün obrazları yaratmaq çox asandır. Ona görə ki, bütün işlərini səmimi görür.
Naina:
- Bəli, bütün obrazlarım yaxşı alınır. Çünki obrazlarıma səmimi yanaşıram və üzərində dayanmadan işləyirəm. Bütün çətinlikləri gözə alıram, ac, yuxusuz qalıram, soyuq olur. Əgər bir işə başlayıramsa, onu layiqincə yerinə yetirməyə çalışıram. Mənim işimdə çalışdığım insanların - qrim ustası Nura Babayeva, fotoqraf Aynur Əliyeva, qrim ustası Maqsud Məmmədov, modelyer Şəlalə Maqsudovanın böyük əməyi var və onlara minnətdarlığımı bildirirəm. Maqsud Məmmədov Çarli Çaplin obrazını yaratmaqda kömək edib.
- Canlandırdığımız obrazlara görə, xarici filmlərə çəkilmək istərdinizmi?
- Əlbəttə ki, xarici filmlərə çəkilmək istərdim. Hətta bunu bir çox səfirlik nümayəndələri və Mədəniyyət və Turizm Nazirliyi də təklif edir. Bu cür obrazları yalnız tək-tək insanlar yarada bilər. Merilin Monro ilə Çarli Çaplin tamamilə fərqli obrazlardır. Və yalnız hər ikisini mən yaşadıram. Polşa saytında dünya məşhurlarının oxşarları haqqında xəbər hazırlanmışdı və orada dördüncü yerdə qərarlaşdım. Onu da bildirim ki, Moskvada və Azərbaycanda Maykl Cekson haqqında sənədli film çəkilib və filmin premyerası dekabrda olacaq. Film Moskvada və Azərbaycanda çəkilib. Ekran əsərində üç ölkədən - Moskvadan Pavel Vinnik, İspaniyadan Migel Karleoni, Azərbaycandan isə Merlin Monro obrazında mən çəkilmişəm. Filmin adı “Man İn The Mirror”dur.
- Gələcəkdə başqa hansı obrazları canlandırmaq istərdiniz?
- Ən çox mənfi və tarixi obrazları canlandırmaq istərdim.
Ağaəli İbrahimov:
- Tarixi şəxsiyyətlər, Napjleon Bonapart və Adolf Hitler...
Naina:
- Əvvəlcədən obrazlarımın adını çəkmək istəmirəm, çünki ideyalarımı oğurlayırlar. Yalnız onu demək istəyirəm ki, ağır obrazları canlandıracam. Məni Merlin Monro obrazında tamaşaçılar çox sevirlər. Və inanıram ki, bu rol həmişə də aktual olacaq. Bu obraza görə, tez-tez moskvalı modelyer tərəfindən ölkələrinə dəvt edilirəm və dəfələrlə tədbirlərdə iştirak etmişəm. Bununla yanaşı prezident İlham Əliyevin ad günündən əvvəl rolik çəkilmişdi və orada Merlin Monro obrazında çıxış etdim. Bu təklif gələn kimi çox sevindim və böyük məmuniyyətlə çəkildim. Prezident İlham Əliyev qeyd edib ki, ad günümdə nəvələrimin rəsm əsərlərinə və Merlin Monro obrazına görə çox sevindim. Eləcə də ölkəmizdə keçirilən Avropa oyunları ərəfəsində Avropa Olimpiya Komitəsinin prezidenti Patrix Hikkinin doğum günü oldu və Merlin Monro obrazında “Happy Birthday Mr. President” mahnısını ifa etdim. Bu obraz Patrix Hikkinin çox xoşuna gəldi.
- Yaradıcı bir ailədə dünyaya gəlmisiniz. Atanız Ağaəli İbrahimov və ananız Nadejda İbrahimova rəssamdırlar...
- Bu cür valideynlərimin olmasına, taleyimə və indi sahib olduğum ailəyə görə Allahıma minnətdaram. Yaşadığım bu həyatı başqa cür təsəvvür edə də bilməzdim.
Ağaəli İbrahimov:
- Nainanın musiqi sahəsində də təhsili var, skripkanı bitirib. Rəsm əsərləri çəkir. Eləcə də fortopianoda ifa edə bilir.
Naina:
- Musiqi təhsilim və rəsm əsərləri çəkməyimə baxmayaraq aktyorluq sənəti mənə daha yaxındır və ona görə bu sənəti seçdim.
Ağaəli İbrahimov:
- Naina çox təvazökardır. Bu haqda danışmaq istəmir.
Naina:
- Bütün insanlar hansısa universiteti bitirib və savadlıdırlar.
- Bildiyim qədər evlisiniz... Həyat yoldaşınızın incəsənətlə əlaqəsi varmı?
Ağaəli İbrahimov:
- Xeyr, sənət aləminə aidiyyatı yoxdur. Amma iş barəsində bir-birlərini çox yaxşı başa düşürlər. Biznesmendir.
- Kiçik yaşlı oğlunuz var...
- Bəli, oğlum bu il fevralın 23-də anadan olub. Adı Alendir və beynəlxalq addır. Yuxumda gördüm ki, önümdə bir oğlan uşağı qaçır və “Alen, Alen” deyə arxasınca qaçıram. Sonra oğlum dünyaya gələndə adını Alen qoydum. Onu çox istəyirəm. O mənim günəşimdir.
- Oğlunuzu necə, gələcəkdə incəsənət aləmində görmək istərdinizmi?
- Düşünürəm ki, incəsənəti heç nəyə bağlamaq olmaz. İstedad insana təbiət tərəfindən verilir.
Ağaəli İbrahimov:
- Mən də oğlumun rəsm əsəri çəkməsini istədim və buna görə çox israr etdim. Ancaq sonra gördüm ki, alınmır və kənara çəkildim.
- Son vaxtlar Azərbaycanda bir çox seriallar çəkilməyə başlayıb. Sizə seriallardan təklif gəlirmi?
- Bəli, dəvət edirlər, amma mən o kateqoriya aktrisalardan deyiləm ki, bircə haradasa oynayım. Sözün düzü, aşağı keyfiyyətli filmlərdə və seriallarda da çəkilməyə ehtiyacım yoxdur.
Ağaəli İbrahimov:
- Nainaya Türkiyə və Moskavadan çox dəvətlər olub.
Naina:
- Türkiyədən yox, Rusiyadan filmə çəkilmək üçün dəvət ediblər. Mənim üçün iki möhtəşəm serial var, “İdiot” və “Tudor”. Orada iştirak edən aktyorlar və rejissorlarla işləməyi xəyalıma belə gətirmirəm. Belə seriallara serial deyərəm. Bizim seriallarda və Türkiyədə fərqli bir tendensiya var. Diktor gəlib seriala çəkilir. Axı diktorluq ilə aktyorluq sənəti tamamilə başqa sənətdir. Bu sənətləri qarışdırmaq olmaz və hər iki sənət nümayəndələri öz sahələrini yaxşı bilirlər. Buna görə də işlərinə tam ciddi yanaşmalıdırlar. Diktorun zahiri görünüşü ola bilər, amma aktyor kimi oynaya bilməz. Seriallara professional aktyorlar çəkilməlidir.
- Nədənsə efirdə görsənmirsiniz. Yoxsa Azərbaycanda yaşamırsız?
- Bakıda yaşayıram. Mədəniyyət kanalında yayımlanan “Sönməyən ulduzlar” verilişində iştirak edirəm.
Mənə yaxın proqram olduğuna görə, orada çəkilməyi qəbul etdim və bir çox məşhurların Merlin Monro, Elizabet Teylor və digər obrazları canlandırmışam. Əfsanəvi rolları çox yaxşı oynayıram.
Ağaəli İbrahomov:
- Naina yeğanə aktyordur ki, bir obrazdan digərinə çox yaxşı keçə bilir.
- Teatrda komik obrazlar canlandırmaq istərdinizmi?
- Xeyr, hər bir aktyor öz obrazında özünü rahat hiss edir. Aktyor obrazını hiss edib, yaşamalıdır. Aktyorlar komediya, dram, faciə aktyorları kateqoriyalarına ayırılırlar və hesab edirəm ki, bu, düzgün yanaşmadır. Hər bir aktyor obrazında özünü rahat hiss etməlidir.
- Xaraktercə necə insansınız?
- Hərtəfəli insanam və öz prinsiplərim var. Və buna görə özümə çox hörmət edirəm. və sirr saxlamağı bacarıram.
Ağaəli İbrahomov:
- Nainanın çox gözəl xasiyyəti var. Bu xasiyyəti çox xanımlarda görmək olmur.
Naina:
- Mən insanları alçatmağı sevmirəm. Əgər nəsə xoşuma gəlmirsə, insanın üzünə deyirəm.
- Bəs, evdar xanım kimi necəsiniz?
- Hər şeyi əhvalıma görə edirəm. Əgər əhvalım yaxşıdırsa, dadlı yeməklər hazırlayıram.
Ağaəli İbrahimov:
- Mənim yoldaşım da dadlı yeməklər hazırlayır. Əgər Naina bir iş görürsə, çox gözəl edir və hazırladığı yeməklərin də dadından doymaq olmur.
- Naina xanım, hər zaman formada qalmağı bacarırsınız. Yeməklərə münasibətiniz necədir?
- Yaxşıdır və xoşladığım bütün yeməkləri yeyirəm. Əsasən, dəniz məhsullarından hazırlanmış qidaları çox sevirəm.
- Sonunsu sualımı vermək istəyirəm. Niyə Azərbaycan dilini bilmirsiniz?
- Azərbaycan dilində başa düşürəm, amma danışa bilmirəm. Azərbaycan dilində rollar veriləndə də başa düşə-düşə oynayıram. Ancaq Rus Dram Teatrında işlədiyimə və rus dilində ünsiyyət qurduğuma görə məcburən rus dilində danışıram.
Ağaəli İbrahimov:
- Uşaq vaxtı Nainanı rayona istirahət göndərmişdim. Dedim, həm istirahət eləsin, həm də Azərbaycan dilini öyrənsin. Bir aydan sonra getdim ki, hər kəs rus dilində danışmağa başlayıb(gülür).
Rəqsanə Həsənova