Azərbaycanın bir qrup dindarının ötən həftə ölkəmizə səfər edən İranın tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin əlindən öpmələri və dini durumla bağlı ona şikayət etmələri müzakirələrə səbəb olub. Qeyd olunur ki, hər iki fakt Azərbaycanın bəzi dindarlarının İrandan idarə olunduğunu nümayiş etdirir. Teleqraf.com məsələ ilə bağlı ayətullahulun əlini öpən İslam Partiyasının keçmiş sədri Elçin Manafovun fikirlərini öyrənib.
- Bu günlərdə Azərbaycanda səfərdə olan Ayətullahul Həmədaninin əlini öpməyiniz müzakirə mövzusuna çevrilib. Ümumiyyətlə, şəriət əldən öpməyə necə baxır?
- Həmədani bizə mənəvi ata kimidir. İslam dünyasının böyük alimidir. Bizim ona böyük hörmətimiz var. Onun əlindən öpmək də hörmət əlamətidir. Əldən öpmək günah sayılmır.
- Bu vaxta qədər Həmədanidən başqa kiminsə əlini öpmüsüz?
- Əlbəttə, olub. Valideynlərimin əlini öpmüşəm.
- Axı bizdə, o şəxs valideyn də olsa, əldən öpmək ənənəsi yoxdur...
- Niyə, istəyən öpə bilər. Bu, əli öpülən şəxsin əzəmətini, hörmətini göstərir.
- Azərbaycan vətəndaşının başqa bir ölkənin vətəndaşının əlindən öpməsi sizcə, nə dərəcədə doğrudur?
- Həmədani Azərbaycan türküdür. Türk dilini bilir. Həm də o, tək İranın deyil, bütün İslam dünyasının nüfuzlu din xadimidir.
- Amma o sizinlə türkcə deyil, farsca danışıb.
- Uzun müddət farsların içərisində yaşadığı üçün farsca danışır. Türkcə yaxşı danışır. Həm də fars dili İranda dövlət dilidir axı. Öz aralarında türkcə danışırlar. Burda elə bir problem yoxdur. Bizdə də bəzi məmurlar rus dilini daha yaxşı bilirlər. İndi-indi məcbur olub Azərbaycan dilində danışırlar. Həmədaniyə də farsca danışmaq daha rahatdır.
- Türkiyənin, Səudiyyə Ərəbistanının nüfuzlu din xadimlərinin də əllərindən öpərsiz?
- Əlbəttə. Əgər Allaha yaxın adamdırsa, əllərindən ölərəm. Övliyalara canımız qurban.
- Həmədani ilə görüşdə iştirak edən Taleh Bağırzadə ölkədəki durumdan şikayətlənib və ayətullahdan kömək istəyib. Buna münasibətiniz?
- Taleh Bağırzadəni tanıyıram. Amma onun əməllərinə mən cavab verə bilmərəm. Gərək, onun özü bu sualı cavablandırsın. Şəxsən mən Azərbaycandakı dini durumla bağlı Həmədaniyə şikayət etmərəm. Hər kəsin öz fikri, əqidəsi var.
- Hazırda fəaliyyətiniz nədən ibarətdir?
- İslam Partiyasının sədri vəzifəsindən gedəndən sonra ictimai birlik yaratmaq istədim. Mən siyasətdən uzaqlaşmışam. Hazırda yeni ictimai birliyin yaradılması üzərində işləyirəm. Nizamnamə hazırlayırıq. Amma təşkilatın adı hələ müəyyən edilməyib. Əsas məqsədimiz ölkədə dini maarifləndirmə işlərini gücləndirməkdir. İctimai birliyin qeydiyyatı ilə bağlı yaxın günlərdə Ədliyyə Nazirliyinə müraciət edəcəyik.
Ruslan