15 Sentyabr 2015 18:23
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qətnaməyə səs verən deputatlar azad olmadığı üçün diktələrlə işləyirlər. Onların arxasında duran, ssenarisini verən, rejissorluğunu edən qara qüvvələrdir. Bu qüvvələr də, dünya ictimaiyyəti də Azərbaycan dövlətinin iradəsini, əzmini və öz haqqı uğrunda mübarizəsini görəcəklər. Bu mənada Milli Məclisin qəbul etdiyi qərarın əhəmiyyəti olacaq. Həm də, başqa dövlətlərə qarşı belə məkrli qətnamələr olan zaman onlar da Azərbaycan nümunəsindən istifadə edərək öz etirazlarını qaldırıb, haqlarını tələb edəcəklər”.

Bunu qəzetimizə müsahibəsində deputat Musa Quliyev bildirib. Müsahibəni təqdim edirik:

- Musa müəllim, Avropa Parlamentinin 10 sentyabr qətnaməsi hansı səbəblərdən qəbul edildi?
- Bu qətnamənin ortaya çıxmasının başlıca səbəbi Qərbdəki bəzi qüvvələrin Azərbaycana qısqanc münasibətinin nəticəsidir. Azərbaycan son illərdə inkişaf edir, ictimai-siyasi sabitlik mövcuddur, xalqla hakimiyyətin birliyi var. Azərbaycan dünyanın bir çox maliyyə-iqtisadiyyat indekslərində daima yüksək yerləri tutur. Bu da, öz-özünə, daxilən tənəzzül keçirən bəzi dairələri ciddi narahat edir. İkinci səbəb odur ki, cənab Prezidentin dediyi kimi Qərbdəki müəyyən dairələr və dövlətlər, o cümlədən Avropa Birliyinə daxil olan bəzi güclər Azərbaycanı marionet dövlət kimi görməyi arzulayırlar. İstəyirlər ki, ölkəmizə təsir etsinlər, idarə etsinlər, milli sərvətlərimizi mənimsəsinlər. Baxın, Qərb dairələrinin təsir etdiyi, öz ideologiyalarını yeritdiyi ölkələrdə vəziyyət necədir? Ərəb ölkələri-İraq, Suriya, Liviya dağıdılıb. Bu tərəfdə Ukrayna bölünüb, hazırda Moldova qarışıb. Onlar istəyirlər ki, Azərbaycanı öz təsir dairələrində saxlasın və yeri gəldikdə bu ölkələrdəki durumu yarada bilsinlər. Lakin Azərbaycanın iradəli rəhbəri öz xalqının maraqlarından çıxış edərək ölkəni irəli aparır və möhkəmləndirir. Bu da, həmin qüvvələrin qısqanclığına səbəb olur.

- Məlum qətnamənin nəticəsi nədən ibarət ola bilər?
- Bu qətnamənin Azərbaycan üçün heç bir mənfi nəticəsi olmayacaq. Əksinə, Azərbaycan ictimaiyyətinin, siyasilərin, dövlət adamlarının ciddi təpkisi Avropa Birliyində, Avropa İttifaqında olan havalı başların havasını alacaq. Onlar dərk edəcəklər ki, Azərbaycanla diktə dilində danışmaq olmaz. Düzdür, bəzi siyasətçilərimiz təklif edir ki, Avropa Parlamentində sağlam qüvvələrlə əməkdaşlıq edək, onları öz tərəfimizə çəkək və ya qətnaməni müdafiə edən deputatları Azərbaycana gətirib reallıqları göstərək, dostluğumuzu bərpa edək. Mən bu fikirlərin real olmasını və məqsədimizə xidmət edəcəyini düşünmürəm. Çünki orada Azərbaycan əleyhinə səs verən deputatlar kifayət qədər məlumatlı adamlardır. Ancaq onlar kukla teatrının kuklalarıdır. Yəni, Azərbaycan əleyhinə səsləri öz fikirləri ilə verməyiblər. Onlara Kerrinin departamentindən və ya Avropa İttifaqının müəyyən mərkəzlərindən, erməni diasporasının maliyyə mənbələrindən necə tapşırıq gəlirsə, o cür də səs verirlər. Deyə bilmərik ki, onlar Azərbaycan həqiqətlərini bilmirlər. Əksinə, çox yaxşı bilirlər. Biz desək ki, onlar Azərbaycan ərazilərinin işğal edildiyini, işğalçıların saxta rejim yaratdığından bixəbərdirlər, səhv etmiş olarıq. Onlar reallığı yaxşı bilirlər. Azərbaycanda bir milyon insanın köçkün halında yaşadığını, Dağlıq Qarabağdakı rejimin işğalçı, hərbi xunta olduğunu gözəl bilirlər. Amma bilə-bilə də ora səfərlər edir, qondarma rejimin rəhbərliyi ilə görüşür, qondarma partiyalarla əməkdaşlıq edir, sazişlər imzalayırlar. Bunların hamısı Azərbaycana dost olmayan münasibətin ifadəsidir. Biz həqiqəti öz xalqımıza deməliyik. Çox təəssüflər olsun ki, bu gün bütövlükdə Qərb dünyasında islamafobiya kabusu dolanmaqdadır. İslam ölkələrinin sürətli inkişafından qorxuya düşürlər. Azərbaycan Türkiyə ilə bərabər dünyanın ən sivil müsəlman dövlətlərindən biridir. Azərbaycanın bu mütərəqqi yolla inkişafı onları, təbii ki, məyus edir. Bəzən deyirlər ki, niyə onlar daim Ermənistana dəstək verirlər? Çünki xristian təəssübkeşliyi var və biz bunun ifadəsini görürük.

- Bundan sonra Azərbaycan-Avropa Parlamenti əlaqələri necə olacaq?
- Milli Məclisin növbədənkənar toplantısı keçirildi, müəyyən təkliflər səsləndirildi. Spiker Oqtay Əsədov da bu məqamlara aydınlıq gətirdi. Qeyd olundu ki, Avropa ilə əlaqələri kəsmirik. Avropa Şurası, ATƏT, Avropa İttifaqı və ittifaqa daxil olan dövlətlərlə ikitərəfli münasibətlərimiz davam edəcək. Amma Avropa Parlamentinin Azərbaycan daxil olmaqla Şərq Tərəfdaşlığı layihəsində yaratdığı Avronest Parlament Assambleyası Təşkilatından çıxdıq. Avropa İttifaqı və Avropa Parlamenti ilə Azərbaycan hökumətinin münasibətlərini daha uyğun formaya gətirmək üçün Nazirlər Kabinetinə tövsiyələrimizi verdik. Əslində, biz Avropa Parlamentinə etirazımızı bu şəkildə bildiririk. Söyləyirik ki, Azərbaycan o siyasətçilər və o qüvvələrlə dostluq edəcək ki, onların dost münasibətini hiss edəcək. Yəni, bu gün bizim onlardan heç bir asılacağımız yoxdur. Nə maddi, nə siyasi, nə mənəvi, nə də hərbi cəhətdən asılı deyilik. Azərbaycan kifayət qədər güclü dövlətdir. İndiyə qədər Azərbaycan bütün problemlərini özü həll edib. Son illərdə ordumuzun yeniləşməsi və güclənməsi bizə əsas verir ki, işğal olunan torpaqlarımızı özümüz azad edək. Yəni, bizim Qərb dünyasından, beynəlxalq təşkilatlardan gözlədiyimiz və umduğumuz kömək Qarabağ məsələsinin ədalət, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsidir. Əgər bunda da kömək göstərmirlərsə, bizim də onlardan heç bir asılacağımız yoxdur. Əslində, Avropanın bizdən müəyyən gözləntiləri və umacaqları var. Xüsusən, enerji sektoru, neft-qaz ixracatı, onun qiymətlərinin uyğunluğu ilə bağlı müəyyən əməkdaşlığımız, birgə layihələrimiz var. Bu mənada onların bizdə maraqları və gözləntiləri var. Bizim qaz və neftimizi onlar almayacaq, başqa dövlətlərə daha sərfəli qiymətə satacağıq. Bu mənada Azərbaycanın nə asılacağı, nə də çəkinəcəyi yoxdur. Sadəcə, biz beynəlxalq hüququn bərabərtərəfli dövləti olaraq özümüzə qarşı hörmət və ədalət tələb edirik. Eləcə də, öz müstəqilliyimizi qorumaq üçün lazım olan addımları atırıq. Milli Məclisin sentyabrın 14-də baş tutan fövqəladə toplantısı da bu addımlardan biridir.

- Bu addımlar Azərbaycanın xarici siyasət vektorunda dəyişikliklər kimi qiymətləndirmək olarmı?
- Xarici siyasəti, beynəlxalq aləmdə hansı qüvvələrlə dostluq etməyimizi, yaxınlaşmağımızı ölkə başçısı müəyyən edir. Bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. Ölkə başçısının bilgiləri və informasiyaları, təbii ki, bizdən çoxdur. Amma reallıq bundan ibarətdir ki, Azərbaycan hər zaman özünün xarici və beynəlxalq siyasətində balanslaşdırılan mövqe ortaya qoyur. Ermənistan istisna olmaqla Azərbaycan hər kəsi dost və əməkdaş dövlət hesab edir. Biz də bərabər maraqlarla, hüquqlar və səlahiyyətlər çərçivəsində münasibətlərimizi qururuq. Ola bilər ki, bəzən vektor şimala, bəzən qərbə, bəzən də şərqə dönsün. Ancaq bu, o demək deyil ki, Avropa Parlamentinin bu cür qətnamə qəbul etməsi Azərbaycanın mövqeyinin tamamilə dəyişməsinə gətirib çıxaracaq. Şübhəsiz ki, ölkənin milli maraqları var. Bu maraqlar nəyə xidmət edəcəksə, dövlət başçısı da buna uyğun qərarını verəcək.

- Avropanın digər strukturlarından anti-Azərbaycan bəyanatları və ya qətnamələri gözləyirsinizmi?
- Belə bəyanatlar gözləmirəm. Çünki bu qətnamə tamamilə qondarma, əsası olmayan sənəddir. Özünə hörmət edən heç bir təşkilat belə sənəd qəbul etməzdi. Heç bir qurumun da başçısı belə absurd sənədə imza atmazdı. İstənilən şəxs qətnaməni oxuyanda görür ki, ortada qərəz, dövlətə qarşı düşməni münasibət var, reallıqdan əlamət belə yoxdur. İkincisi, Avropa Parlamenti bu qətnaməni qəbul edərkən özünün prosedura qaydalarını kobud formada pozub. Yəni, qətnamə layihəsi müvafiq komitələrdə müzakirəyə çıxarılmayıb, birbaşa plenar iclasın gündəliyinə çıxarılıb. Orada da heç bir müzakirə aparılmayıb, erməni lobbisinin təsiri altında olaraq bu qətnaməni hazırlayan bir neçə deputat bunu irəli sürüb, 20 dəqiqəlik müzakirə aparılıb. Son 2 ildə Avropa Parlamenti Azərbaycanla bağlı üç qətnamə qəbul edib və onların hamısı bir-birinin surətidir. Son qətnamədə olan səhvlər, qərəz, həqiqətin işıqlandırılmaması göstərir ki, Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində ölkəmizin imicinə zərbə vurmaq məqsədilə həyata keçirilir. Bu qətnaməyə səs verənlər dərk etməlidir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və seçkilərin keçirilməsi xalqımızın iradəsinə bağlı məsələdir. Odur ki, seçkinin nə qədər ədalətli və legitim olmasının qərarını da xalq verir. Min dənə Avropa Parlamenti və onun qətnaməsi xalqımızın iradəsinin qarşısında heç bir şeydir, mənasız kağız və sənəddir. Həm də, Azərbaycan Avropa Parlamentinin üzvü olmadığından bu qətnamənin ölkəmiz üçün heç bir hüquqi əhəmiyyəti yoxdur, biz orada səslənən məsələləri yerinə yetirmək borcunda da deyilik.

- Azərbaycan Avronest Parlament Assambleyasından çıxdı, Avropa Parlamentinə etirazını ifadə etdi. Bu etirazın nəticəsi olacaqmı?
- Nəticəsi o olacaq ki, Avropa Parlamentində təmsil olunan deputatlar, onların təmsil etdiyi xalqlar Azərbaycanın iradəsini görəcəklər, biləcəklər ki, dövlətimizin öz haqqı uğrunda sona qədər mübarizə aparmaq əzmi var. Özləri də səhvlərini anlayacaqlar. Qətnaməyə səs verən deputatlar azad olmadığı üçün diktələrlə işləyirlər. Onların arxasında duran, ssenarisini verən, rejissorluğunu edən qara qüvvələrdir. Bu qüvvələr də, dünya ictimaiyyəti də Azərbaycan dövlətinin iradəsini, əzmini və öz haqqı uğrunda mübarizəsini görəcəklər. Bu mənada Milli Məclisin qəbul etdiyi qərarın əhəmiyyəti olacaq. Həm də, başqa dövlətlərə qarşı belə məkrli qətnamələr olan zaman onlar da Azərbaycan nümunəsindən istifadə edərək öz etirazlarını qaldırıb, haqlarını tələb edəcəklər.

Nemət


Müəllif: