28 Sentyabr 2015 19:42
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli ilə müsahibəni təqdim edir:

- Məkkədə minə yaxın insanın ölümünə səbəb olan hadisələrin arxasında şübhəli məqamlar varmı?
- İlk növbədə müqəddəs Məkkə şəhərində vəfat edən bütün zəvvarlara Allahdan rəhmət diləyirəm. Artıq yüz illərdir ki, Səudiyyə Ərəbistanında dünya müsəlmanlarının Allah evinə toplaşması dini vəzifələrin yerinə yetirilməsi ilə yanaşı, həm də bu ölkənin iqtisadi baxımdan daha da güclənməsinə səbəb olub. Amma tarix boyu Kəbədə, Mədinədə zəvvarların təhlükəsizliyi baxımından müxtəlif hadisələr baş verib. Təbii ki, bu məsələdə Səudiyyə Ərəbistanı, xüsusilə, bu ölkənin Həcc Nazirliyi birbaşa məsuliyyət daşıyır. Bu məsuliyyətsizlikdən dəfələrlə yüzlərlə insan ziyarət zamanı vəfat edib, ziyarətlərini tamamlaya bilməyiblər. Amma bu gün dünyada baş verən hadisələrə nəzər saldıqda, Səudiyyə Ərəbistanının özündə birmənalı olaraq təkfirçi güc mərkəzlərinə dəstək verənlərin olduğunu düşündükdə, təbii ki, içimizdə müəyyən şübhələr oyanmağa başlayır. Hər bir halda Məkkədə, Minada baş verən bu hadisələrə görə şübhələrim var. İslamın getdikcə artan nüfuzunu əngəlləməyə çalışan beynəlxalq güc mərkəzlərinin, İŞİD kimi İslam adına iddia edən və vəhşi müsəlman obrazı yaratmağa çalışan təhlükəli terror təşkilatının əli ola bilsin ki, Kəbənin divarlarına da çatıb. Bu baxımdan belə bir təhlükəni də istisna etmirəm.

- Siz Həcc ziyarətində olmusunuz. Orada təhlükəsizlik məsələsində hansı problemlər var?
- Məkkədə olan bir şəxs kimi deyə bilərəm ki, baş verən hadisələrə görə birbaşa Səudiyyə Ərəbistanı dövlətinin və Həcc Nazirliyinin günahı var. Məsələn, 3 gün ərzində Minada dini ayinləri həyata keçirərkən minlərlə insan bir anda şeytanı daşlama prosesinə qoşulurlar. Amma bu dini ayini qrafikə salmaqla mərhələli şəkildə həyata keçirmək o qədər də çətin deyil. Burada tək dövlət deyil, həm də bir şəri məsuliyyət var. Çünki müsəlman və qeyri-müsəlman ölkələri öz vətəndaşlarını, yəni zəvvarlarını sanki əmanət edirlər. Amma onlar bu əmanətə tarixdə dəfələrlə sahib çıxa bilmədiklərini göstəriblər. Təəssüflər olsun ki, son hadisələr zamanı biz bunun bir daha şahidi olduq.

- Belə çıxır ki, Səudiyyə Ərəbistanı hökuməti zəvvarların təhlükəsizliyini təmin edə bilmir?
- Bəli, bu, açıq görünür. Əgər təhlükəsizliyi təmin edə bilməyiblərsə, həm Allah, həm də bütün dünya müsəlmanları qarşısında günahkardırlar. Qurani-Kərimdə də buyurulduğu kimi axirətə qədər Allah himayəsində olan bu yerlərdə törədilən hadisənin arxasında İslamı gözdən salma məqsədi də ola bilər. Yəni, mənəvi terror aksiyası da ola bilər. Bu baxımdan zəvvarların təhlükəsizliyini təmin etmədiyi üçün ilk növbədə Allah qarşısında, sonra isə hüquqi məsuliyyət daşıyırlar.

- Türkiyə tərəfi Məkkədə təhlükəsizliyi tam üzərinə götürüb həyata keçirmək niyyətində olduğunu açıqladı. Bu, mümkündürmü?
- Türkiyə tərəfindən səslənən bu fikirlər birliyə yönəlik addımdır. Türkiyə Diyanət Başqanlğının hazırda 200 minə yaxın heyəti var. Hətta onların Məkkədə, Mədinədə Həcc nümayəndəliyi fəaliyyət göstərir. Bu qurumun rəhbəri ilə baş tutan görüşümüz zamanı o mənə bildirmişdi ki, Həcc ziyarətindən iki ay əvvəl yüzlərlə əməkdaşı Səudiyyədə proqramlı şəkildə işləyirlər. Otellərin ayrılması, zəvvarların yerləşdirilməsi kimi işləri həyata keçirirlər. Xatırladım ki, son dövrlər Qafqaz Müsəlmanları İdarəsinin də bu məsələdə planlı şəkildə çox aktiv fəaliyyəti var. Sonuncu dəfə Həcc ziyarətində olarkən bunun bariz nümunəsini gördüm, eləcə də, gedib-gələnlər bunu təqdir edirlər. Amma Türkiyənin Diyanət Başqanlğı daha böyük bir şəbəkədir və Səudiyyə daxilində başqa bir dövlətin dini işləri bağlı bir təşkilatlanmanın şahidi oluruq. Hesab edirəm ki, nizam-intizam baxımından müqəddəs yerlərdə hansısa işlər qura bilərlər, amma təhlükəsizlik baxımından faktiki olaraq mümkün deyil. Çünki indiki məqamda Türkiyənin başı özünə qarışıb. Səudiyyə polisinin işini Türkiyənin öz üzərinə götürməsini ən azından texniki baxımdan mümkünsüz sayıram. Amma bu, mümkün olarsa, çox gözəl olar.

- Azərbaycandakı mövcud dini mühiti necə qiymətləndirirsiniz?
- Ölkəmizdəki mövcud dini durum stabildir. Xüsusilə, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə qarşılıqlı münasibətlərin qurulması nəticəsində Azərbaycanda dini tolerantlıq olduqca yüksək səviyyədədir. Bu iki qurumun dini maarifləndirmə istiqamətində və digər sahələrdə həyata keçirdiyi birgə işlər ölkənin həqiqi inanclı insanlarının sevinməsinə səbəb olub. Amma Azərbaycana uzanan qara əllər var. Onlar hər an ölkəmizdəki siyasi sabitliyi insanların dini duyğularından sui-istifadə edərək pozmağa çalışırlar. Hüquq-mühafizə orqanları, xüsusilə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən baş verə biləcək hadisələrin qarşısının alınması xalq tərəfindən dinin dövlət tərəfindən mühafizə olunmasına inamı artırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin regionlarda birgə həyata keçirdiyi, xüsusi olaraq ictimai qurumlarla, cəmiyyətin sayılıb-seçilən üzvləri ilə profilaktik görüşlər, edilən əməkdaşlıq, həqiqətən, radikalizmə meyllərin azalmasını göstərir. Amma düşmən oyaqdır. Dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda milli və mənəvi dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövlətidir, Prezidentdir. Lakin hər dəfə görürük ki, düşmən fürsət düşdükdə bir “ocaq qalamaq” istəyir. Buna Azərbaycanda dəstək olmaq istəyən az da olsa, milli dönüklərimiz var. İctimaiyyət adamları bu həssas məsələdə dövlətin yanında olmalıdır. Əgər zərrə qədər dövlətin mənafeyinə təhlükə olarsa, hər kəs dövlətə dəstək olmalı və bu qüvvələrin zərərsizləşdirilməsinə kömək etməlidir. Biz dövlətsizliyi Suriyada, Yəməndə, İraqda, Əfqanıstanda gördük. Belə olan halda hər bir ölkə vətəndaşı təhlükəli məqamda dövlətin yanında olmalıdır.

- İŞİD terror qruplaşması nədənsə hər dəfə “Qafqaz əmirliyi”nin mərkəzi kimi Azərbaycanı göstərir. Bu, məqsədli şəkildə həyata keçirilir, yoxsa...
- Ümumiyyətlə, İŞİD adı altında olan bu terror şəbəkəsinin heç bir halda İslama, dinin gətirdiyi qaydalara, peyğəmbər məktəbinə aidiyyəti yoxdur. Bu terror qruplaşmasının Qafqaza, Azərbaycana yönəlik mesajları, təbii ki, ölkəmizin güc strukturları tərəfindən nəzarətdə saxlanılır. Bir Əhli-beyt mənsubu, ziyalı olaraq onu deyim ki, bizlər də öz işimizi sistemli şəkildə qurmuşuq. Gənclərlə mütəmadi olaraq maarifləndirmə işləri aparırıq. İnsanlara aşılanan yad düşüncələrin qarşısının alınması və bunu edənlərin vaxtında zərərsizləşdirilməsi üçün aidiyyəti dövlət orqanlarına dəstək verilməsində və digər məsələlərdə dövlətin yanındayıq. Amma bu cür çağırışların özü yerlərdə onlara rəğbəti olanlara bir çağırışıdır. Onların Azərbaycana uzanan əllərinin vaxtında kəsilməsi isə dövlətimiz tərəfindən həyata keçirilən uğurlu əməliyyatlarla öz həllini tapır. İdeoloji baxımından onların Azərbaycanda dayaqları heç zaman olmayacaq. Çünki Azərbaycan Əhli-beyt yurdudur, ölkəmizdə ənənəvi sünni-şiə birliyi var. Bu birlik tarixin süzgəcindın keçib bu günə gəlib çatıb və onun pozulması heç zaman mümkün deyil. Çünki sünni-şiə birliyinə Azərbaycan dövləti dəstək verir və bu həm də xalqımızın özünün içərisindən gələn bir mənəvi sifarişdir. Onların bu mesajlarının arxasında, “siz bizi gözləyin” sözləri dayanır. Amma rəbbim onlara fürsət verməsin! Azərbaycan dövləti çox güclüdür, xalqımızın birlik və bərabərliyə olan sevgisi, mərhəmət hissləri qandan və candan gəlir. Azərbaycanda hər kəs Allahına, peyğəmbərinə, Əhli-beytinə könül verib. Azərbaycan inanclısının digərlərindən fərqləndirən odur ki, onlar biri-birinə “sən hansı camaatdansan” sualını vermir. Amma bu sualı verənlərin Azərbaycanda kök atmaması, ayaq açmaması üçün hər birimiz dövlətin yanında olmalıyıq.

- Azərbaycandakı mövcud tolerant mühiti bəzən Qərb dövlətləri, beynəlxalq təşkilatlar görməzlikdən gəlirlər. Ola bilərmi ki, bu, onları narahat eləsin?
- Bir sıra hallarda Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin təmsilçiləri ilə görüşürəm. Eyni zamanda xaricə səfərlərim zamanı həmin ölkələrin təmsilçiləri, araşdırmaçıları ilə görüşüb, fikir mübadiləsi aparıram. Türkiyədə Diyanət başqanı ilə görüşüm zamanı onun “Azərbaycandakı tolerantlıq, həqiqətən, dünyaya nümunədir” deməsi sevindirici haldır. Yəni, bu gün Qərb ölkələrində, Avropada fəaliyyət göstərən analitik mərkəzlər, beynəlxalq hüquq müdafiə təşkilatları kimi qurumlar özləri etiraf edirlər ki, Azərbaycanda yüksək tolerantlıq mövcuddur. Bir millət olaraq faciəmiz ondan ibarətdir ki, bizim bu tolerantlığımızdan həmin güc mərkəzləri narahatlıq keçirirlər. O qədər böyük olmayan Azərbaycanda böyük birlik və bərabərliyin, dini dözümlülüyün, tolerantlığın olması əvəzolunmaz bir nümunədir. Hətta bunu pozmaq üçün küllü miqdarda pullar xərcləyən və buradakı milli dönüklərdən istifadə edənlər, xüsusilə son 10 ildə buna nail ola bilməyiblər. Bu da, həqiqətən, Azərbaycanın həyata keçirdiyi uğurlu tolerant siyasətindən irəli gəlir. Belə qüvvələr hər zaman çalışırlar ki, təxribatlara əl atsınlar, öz məkrli planlarını həyata keçirsinlər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər