30 Sentyabr 2015 14:43
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Putin Suriyada hərbi əməliyyatlar həyata keçirmək istəyir"

Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında saat yarımlıq görüşün detalları açıqlanmasa da, müzakirələrin əsasən, Suriya və Ukraynadakı durumla bağlı olduğu sirr deyil. Teleqraf.com iki ölkə liderlərinin görüşünü dəyərləndirmək üçün politoloq Zərdüşt Əlizadəyə müraciət edib.

- Zərdüşt bəy, ABŞ və Rusiya prezidentlərinin görüşündən sonra Suriya və Ukraynadakı mövcud siyasi gərginliyin aradan qalxacağını gözləmək olarmı?
- Dünyanı dağıtmaq, dəyişdirmək gücündə olan iki imperialist dövlət başçısının cəmiyyətin gözü qarşısında deyişməsi o qədər də əhəmiyyətli deyil. Əsas məsələlər təkbətək görüşdə müzakirə olunur. Hansı tərəf sona qədər qətiyyət göstərəcəksə, o qalib gələcək. Hər iki tərəf müharibənin olmasını, vəziyyətin daha da gərginləşməsini istəmir. Geri çəkilənin haqqı necə və nə ilə ödəniləcək, maraqlıdır. Çox güman ki, bunu onlar təkbətək görüşdə müəyyənləşdiriblər. Açıq çıxışlar zamanı Obama bildirdi ki, demokratiya bəşəri dəyərdir, ABŞ onu bütün dünyada bərqərar etmək gücündədir. Putin isə bildirdi ki, Rusiya regiondakı dövlətlərin daxili işinə müdaxilə olunmasına imkan verməyəcək. Hər iki dövlətin buna gücü çatar. Amerika dünyanın istənilən ölkəsində vəziyyəti dəyişmək gücündədir, Rusiya da regionda əsas söz sahibidir. Mən prezidentlərin çıxışlarından onu anladım ki, iki imperialist dövlət öz mövqelərini dünyaya bir daha bəyan etdilər. İnanmıram ki, bu görüşdən sonra dünyada siyasi gərginlik aradan qalxsın. Əksinə yeni münaqişə ocaqları yarana bilər.

- İki ölkə arasında Suriya ilə bağlı fikir ayrılığı mövcuddur. Obama hesab edir ki, Əsədin geriyə dönüşü yoxdur, hakimiyyətdən getməlidir, Putin isə ölkəyə hərbi müdaxiləni qanunsuz hesab edir və Əsədlə işləməyin vacibliyini vurğulayır. Sizcə, burada həqiqət kimin tərəfindədir?
- Hər iki tərəfin arqumentləri ağlabatandır və düz deyirlər. Suriya BMT-nin üzvüdür və Suriyanın bombalanması ilə bağlı qurumun qərarı yoxdur. Həmçinin Əsəd heç kəsdən xahiş etməyib ki, onun ərazisində hərbi əməliyyatlar aparsınlar. Bu mənada Putin düz deyir. Suriyada vətəndaş müharibəsidir, milyonlarla qaçqın var, Əsəd ölkəni idarə edə bilmir və s. Yəni Suriyadakı vəziyyətə görə ilk növbədə Əsəd hakimiyyəti günahkardır. İkinci günahkar ABŞ və digər Qərb dövlətləridir. Ağ Ev bəyan edir ki, Əsəd ölkəyə nəzarət edə bilmir, ölkənin böyük hissəsi müxalifətin və terrorçuların əlindədir. Həmçinin ABŞ güc sahibidir, heç kimdən icazə istəməməlidir. Bu mənada Obama da düz deyir. Mən düşünmürəm ki, Suriya məsələsi tezliklə həllini tapacaq, müharibə hələ uzun müddət davam edəcək. Bu dəfə Əsəd güclü müdafiə olunur.

- Liviya, İraqdakı hərbi əməliyyatlar zamanı da Qərbə müqavimət var idi, amma hər iki ölkədə hakimiyyətlər devrildi...
- Əvvəla, Liviya və İraqda, ABŞ-ın mövqeyinə görə, əməliyyatlar uğurla başa çatmadı. Hakimiyyətlər devrilsə də, demokratiya qurulmadı, xaos hökm sürür. Bu, Amerikaya sərf edir. Çünki dolların kursu qalxır, ABŞ-ın nüfuzu yüksəlir, onu özünə hami seçənlərin sayı artır. Buna "bulanıq suda balıq tutmaq" deyirlər. Liviya və İraqda Qərb demokratik sövdələşmə qurmamışdı. Strateji həfəfdə demokratik ölkə qurmaq yox, xaos yaratmaq idi. Demokratik qüvvələr adı ilə ayrı-ayrı qruplaşmalarla, tayfa başçıları ilə əməkdaşlıq etdilər. Sonra onlara silah-sursat verdilər. Sonra başladılar, bir-birini qırdılar. İndi Obama deyir ki, bizdə günah yoxdur, diktatorları devirdik, amma cəmiyyət demokratiya qura bilmədi. Həqiqətən də birdən-birə demokratiya qurmaq olmur. Demokratiya ənənədir, təcrübədir. Liviya, İraq, Suriya, Ukrayna kimi ölkələrdə demokratik ənənə yoxdur. Hesab edirəm ki, Suriyada hakimiyyət dəyişsə də, orada demokratiya qurula bilməyəcək.

- Ukrayna məsələsində necə, tərəflər ortaq məxrəcə gələ biləcəklərmi?
- Düşünmürəm ki, Ukrayna məsələsində tərəflər razılıq əldə etsinlər. Rusiya Ukraynanın ərazi bütövlüyünü pozub. ABŞ isə Kiyevdə özünə müttəfiqlər taparaq ölkənin dayaqlarını laxladıb. Rusiyanın isə əlindən o gəldi ki, vaxtilə Ukraynaya verilən Krımı alsın, ölkənin Şərqində separatizmi gücləndirsin. Donbasdakı hərbi əməliyyatlardan sonra Ukrayna məcbur olub Rusiyanın şərtlərini qismən qəbul etdi. var-dövlətlərini bir qədər də artırdılar. Ukrayna Rusiya üçün iqtisadi, hərbi-siyasi baxımından əhəmiyyətli bölgə sayılır. Rusiyanın geostrateji maraqları imkan vermir ki, Ukrayna ondan üz döndərib Qərbə meyllənsin. Qərb açıq deyir ki, Krımı qaytarmasa, Rusiyaya qarşı sanksiyalar aradan qalxmayacaq. Rusiya isə bildirir ki, onlar savaşaraq Krımı türklərdən alanda heç Ukrayna yox idi. Bu mənarada tərəflərin Ukrayna məsələsində razılığa gələ biləcəklərinə inanmıram. Həmçinin düşünürəm ki, Rusiyaya qarşı sanksiyalar getdikcə güclənəcək.

- Sizcə, sanksiyalar Rusiyanın geriyə addım atmasına gətirib çıxaracaq?
- Təcrübə göstərir ki, sanksiyalar effekt vermir. 60-cı ildən bəri Kubaya sanksiya tətbiq edən ABŞ nə əldə etdi? 50 ildən sonra Obama qadağanı aradan götürdü, diplomatik əlaqələri bərpa etdi, iqtisadi münasibətlər quruldu. Sanksiyalar hakimiyyətləri daha da şiddətləndirir, diktatorları qəddarlaşdırır, ölkədə insan haqlarını tez-tez pozmaq üçün onlara şərait yaradır. "Mühasirəyə alınmış qala" psixologiyasına görə rəhbər əhalini öz ətrafında birləşdirir, xarici qüvvələrə qarşı səfərbər edir. Biz İranda bunu gördük. İran vətəndaşları nəinki ölkədəki siyasi rejimi dəyişmək barədə düşündülər, əksinə Qərbə qarşı nifrət hissi ilə kökləndilər. Sanksiyalar görüntü yaratmaq üçündür və geosiyasi oyunun tərkib hissəsidir. İndi Amerikanın Rusiyaya tətbiq etdiyi sanksiya tamamilə mənasızdır. Biri var kiçik Kubaya qarşı sanksiya tətbiq edəsən, biri də var Yer kürəsinin böyük hissəni tutan Rusiyaya.

- Rusiya Federasiya Şurası Silahlı Qüvvələrdən ölkə xaricində istifadə edilməsinə icazə verib. Bildirilir ki, buna səbəb Suriya prezidenti Bəşər Əsədin Putinə müraciətidir. Necə hesab edirsiz, Rusiya Suriyada hərbi əməliyyatlar aparacaqmı?
- Putin ruslar arasında özünün və ölkəsinin nüfuzunu artıra bilib. Kiçik qələbələrə rusların inamını əldə edən Putin indi də Suriyada hərbi əməliyyatlar həyata keçirmək niyyətindədir. Əsəd də istəyir ki, Rusiya qoşunları Suriya ərazisinə girsin. Putinin göstərişilə bununla bağlı hüquqi baza yaradılıb. İnanmıram ki, Rusiya Suriyada geniş hərbi əməliyyatlar aparsın. Əsədin ordusu üçün hərbi təlimlər keçiriləcək, silah-sursat satılacaq, kəşfiyyat məlumatları ötürüləcək. Hətta terrorçulara bir iki aviazərbə də endirə bilərlər. Amma Əfqanıstandakı kimi geniş hərbi təlimlər olmayacaq.

Ruslan


Müəllif:

Oxşar xəbərlər