7 Oktyabr 2015 12:21
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Allaha şükürlər olsun ki, bizim müttəfiqliyimiz olmayıb. O, həmişə sağ düşərgəyə meylli olub. Bildiyim qədər Xalq Cəbhəsinin fəallarından olub, sonradan Müsavat Partiyası ilə iş birliyində olub. Hətta Vətəndaş Birliyi Partiyasının sədr müavini olub. 2003-cü il oktyabr ixtişaşlarında fəal olub. Həbsdən əfv fərmanı ilə çıxan kimi deputat olub. Əslində, bu, insandan böyük bir istedad tələb edir”.

Bunu qəzetimizə müsahibəsində Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib. Müsahibəni təqdim edirik:

- Araz bəy, seçki prosesinə necə hazırlaşırsınız?
- Namizədliyimi irəli sürmüşəm və qeydiyyata alınmışam. Hazırda təbliğat-təşviqat mərhələsini gözləyirik. Namizədliyimizi irəli sürərkən qələbə çalacağımıza əminlik içində olmuşuq və indi də bu əminliyimiz mövcuddur.

- Hansı səbəblərdən namizədliyinizi məhz 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən irəli sürmüsünüz?
- Deyim ki, bu dairənin ərazisində çoxlu sayda köklü bakılılar yaşayıb. Bakının mərkəzi çökəndə Sovetski, Çəmbərəkənd və digər yerlərdə yaşayan insanlar Əhmədli tərəfə köçüb. Yəni, indi namizəd olduğum əraziyə. İkincisi, bu dairənin ərazisində çoxlu sayda cavanlıq dostlarım yaşayır. Bu səbəbdən həmin dairəni seçdim. Nəhayət, bu dairədən üç dəfə İqbal Ağazadə deputat olub. Təsəvvür edin ki, bu neçə illər ərzində Ağazadə seçicilər üçün heç nə etməyib. Düşünmürəm ki, seçicilər bu cür laqeyd münasibətə layiqdir. Qərara gəlmişəm ki, bu dairədən seçki marafonuna qoşulum.

- ASDP-nin seçki taktikası nədən ibarətdir, seçkiyə neçə namizədlə gedirsiniz?
- Biz kasıb partiyayıq. Buna görə də, partiyamızda cəmi 5 nəfər elan etdi ki, öz seçki kampaniyalarını maliyyələşdirə bilərlər. Odur ki, cəmi 5 şəxsin namizədliyini irəli sürdük və hamısı da qeydiyyata alındı. ASDP-nin əsas seçki platforması dəyişilməyib. Platformamızda əsas tezislər bunlardır: övladlarımıza tam dövlət təminatı, analara və müəllimlərə ləyaqətli həyat, müzəffər ordunun yaradılması və zəfəri. Qeyd edim ki, normal seçki prosesi var. Bizim partiya hər hansı bir maneə ilə rastlaşmayıb. Odur ki, ümumilikdə seçkilərlə bağlı durumu normal qiymətləndiririk, arzu edirik ki, davamı da gəlsin.

- Özünüz seçki kampaniyanızı necə quracaqsınız?
- Mən bu dairədə olan ailələrin evlərini bir-bir gəzəcəm, seçicilərlə görüşlər keçirəcəm. Hər bir seçicinin qapısına gedəcəm.

- Sizin dairənizdə rəqibiniz olan indiki deputat üç dəfə bu dairədən seçilib. Bu, sizə çətinlik yaratmayacaq?
- Bilirsinizmi, bəzən deyəndə ki, bu, İqbal Ağazadənin dairəsidir, məni gülmək tutur. Ancaq iş ondadır ki, mən namizədliyimi 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən irəli sürmüşəm və dairənin adında İqbal Ağazadə adına rast gəlməmişəm. İkincisi, həmin şəxs bu dairədən üç dəfə deputat seçilib. Mən bilmək istərdim ki, bu şəxs dairə üçün nə edib? Hazırda onu bilirəm ki, bu dairənin ərazisində asfalt çəkir, uşaq meydançaları, yelləncəklər düzəldir. Təbliğat kampaniyası başlamadığı üçün mən hələlik yerli camaatla, seçicilərlə təmasda olmamışam. Lakin mənim səlahiyyətli nümayəndələrimin hamısı bu dairənin ərazisində yaşayan insanlardır. Onlar deyirlər ki, hər 5 ildən bir dairə ərazisindəki yollarda olan çuxurlar və uşaq yelləncəkləri yada düşür. Bu, adətən, bələdiyyə orqanlarının işidir. Əgər İqbal Ağazadənin asfalt örtük çəkməyə, uşaq yelləncəkləri düzəltməyə böyük həvəsi varsa, bələdiyyə seçkilərində iştirak edə, camaat üçün bu sahələrdə işlər görə bilər.

- İddia edirsiniz ki, hazırkı deputat faktiki olaraq fəaliyyətə başlayıb, uşaq yelləncəkləri təmir etdirir və ya quraşdırır. Bu, seçki qanunvericiliyinin pozulması deyilmi?
- Bəli, bunlar faktiki olaraq seçki pozuntusudur. Məhz bu səbəbdən səlahiyyətli nümayəndəm Günel Babayeva akt tərtib edərək DSK-ya təqdim edib. Oktyabrın 5-də bu məsələ müzakirə edilib. Müzakirədə namizədlərin səlahiyyətli nümayəndələri də iştirak edib. Müzakirələrin sonunda deputatlığa namizəd İqbal Ağazadəyə rəsmi xəbərdarlıq edildi.

- İndi asfalt örtüyünün salınması, uşaq yelləncəklərinin quraşdırılması kimi halların qarşısı alınıbmı?
- Bu işlər sentyabrın 28-30-da baş verib. Mənim vəzifəm bu işləri dayandırmaq deyil. Biz şikayətimizi etmişik. İqbal Ağazadəyə də xəbərdarlıq edilib ki, belə seçki kampaniyası aparmaq olmaz, bu, qanuna ziddir və bu cür fəaliyyət davam edərsə, onu seçki prosesindən kənarlaşdıra bilərlər.

- İndiki rəqibinizlə münasibətləriniz necə olub?
- Normal insani münasibətimiz olub. Mən namizədliyimi irəli sürəndən sonra müsahibəmdə demişdim ki, ikimiz də eyni fakültənin məzunu olmuşuq. İqbal Ağazadə atamın sevimli tələbələrindən biri olub və gözləyirəm ki, biz kişi mübarizəsi, əqli mübarizə aparacağıq. Mən gözləmirdim ki, İqbal Ağazadə seçkiyə start verilməmiş qanunları pozmağa başlasın.

- İqbal Ağazadəni siyasətçi kimi necə qiymətləndirirsiniz?
- Mən seçki kampaniyasına start veriləndən sonra onun haqqında siyasətçi kimi qiymət verəcəm. Ancaq indi ona qiymət verə bilmərəm.

- Siyasətdə İqbal Ağazadə ilə müttəfiqliyiniz olubmu?
- Allaha şükürlər olsun ki, bizim müttəfiqliyimiz olmayıb. O, həmişə sağ düşərgəyə meylli olub. Bildiyim qədər Xalq Cəbhəsinin fəallarından olub, sonradan Müsavat Partiyası ilə iş birliyində olub. Hətta Vətəndaş Birliyi Partiyasının sədr müavini olub. 2003-cü il oktyabr ixtişaşlarında fəal olub. Həbsdən əfv fərmanı ilə çıxan kimi deputat olub. Əslində, bu, insandan böyük bir istedad tələb edir.

- Demək istəyirsiniz ki, Ağazadə bir zamanlar eks-prezident Mütəllibovun sədri olduğu Vətəndaş Birliyi Partiyasının parçalanmasında fəal iştirak edib?
- Mən dedim ki, həmin partiyanın üzvü olub, sonradan isə bəyanat verərək oradan sıxıb. Həmin partiyanın daxilində olmadığım üçün nəyin parçalanması barədə konkret bir söz deyə bilmərəm. Amma yadımdadır ki, həmin partiyadan çıxması haqqında bəyanat verib.

- Namizəd olduğunuz dairədə seçkilər günü müşahidə sistemi yarada biləcəksiniz?
- Mənim hər məntəqədə nümayəndələrim olacaq. Çalışacağıq ki, seçki prosesində müşahidə aparaq. Bu baxımdan problemimiz yoxdur.

- Bu dairədən namizəd olan şəxslər öz aralarında centlmen razılaşması əldə edə bilərmi?
- Sizin fikrinizcə, seçkiyə start verilmədən seçiciləri maddiyyətlə ələ almaq istəyən insanla hansı centlmen sazişi bağlamaq olar?

- Dairədən namizədliyini verən daha bir neçə şəxs var...
- Bildiyim qədər bu dairədə 5-6 namizəd var. Ümid edirik ki, bizlər bir-birimizə nəzarət edəcəyik və bir-birimizə imkan verməyəcəyik ki, ayağımızı cızıqdan kənara qoyaq. Mənim digər namizədlərə hörmətim var.

- İqbal Ağazadə uzun illərdir ki, müxalifət mövqeyində olduğunu elan edir. Belə bir şəxsin imkanı hardandır ki, iddia etdiyiniz kimi yol çəksin, uşaq yelləncəkləri quraşdırsın?
- İş ondadır ki, İqbal Ağazadənin qardaşı Xətai rayonunda asfalt-beton zavodunun sahibidir. Metal bol, asfalt bol. Necə hamam suyu ilə özünə dost tapmayasan. Ancaq başa düşmür ki, bu cür fəaliyyətlə qardaşını zərbə altında qoyur. Elə qardaşı da, anlamır ki, bu cür fəaliyyətlə özünü zərbə altına salır. Tutaq ki, İqbal Ağazadə hazırda toxunulmazdır. Ancaq həyat göstərir ki, bizdə toxunulmaz insan yoxdur. Asfalt-beton zavodu sənin ola bilər. Ancaq sən işlətdiyinə görə, fəhlələrə maaş verməlisən. Aldığın məhsulun pulunu verməlisən, hazır mal çıxanda isə satılmalı və həm də vergi ödənilməlidir. Başa düşmür ki, istəsələr, dərinə də gedə bilərlər. Şəxsən mən ev yıxmaqla məşğul deyiləm, siyasi mübarizə ilə məşğulam. Amma indi İqbal mətbuatda yazır ki, Araz Əlizadə şər-böhtanla məşğul olur. Məncə, bu, artıq təhqirdir və təhqirə görə insanı məsuliyyətə cəlb etmək olar. Nəzərə alın ki, indiyə qədər mənim bir seçkidə belə rəqiblərimlə bağlı şikayətim olmayıb.

- Seçkilərdən nə gözləyirsiniz?
- Noyabrın 1-də axşam saatlarında buna dəqiq cavab verə bilərəm. İndi falçılıq edib nəsə deyə bilmərəm.

- Normalda namizədliyini irəli sürən şəxs qələbəsinə əmin olmalıdır...
- Bəli, haqlısınız. Mən qələbəmə inanmasaydım, heç seçki prosesinə qoşulmazdım. Nəzərə alın ki, seçki prosesi həm də əziyyətdir, həm də, partiya üzvləri üçün əlavə yükdür. Bu baxımdan qələbəmə inanaraq seçkilərə gedirəm.

- Sizin rəqibiniz siyasətçidir, yoxsa biznesmen?
- Mənim dairədən namizədliyi qeydə alınanların hamısı rəqiblərimdir. Mənsə çalışıram ki, siyasi rəqabət aparım. Əgər onlar siyasi rəqabəti bir kənara ataraq ayrı-ayrı mübarizə üsullarına əl atsalar, mən də məcbur olub çomağımın o biri başını çevirəcəyəm.

- Çomağınızın o biri başında nə var ki?
- Qanun. Qanunun dəyənəyini alıb onların başına vuracağam.

- İqbal Ağazadə ilə şəxsi təmaslarınız olubmu?
- Olmayıb. Bir dəfə 2013-cü il prezident seçkilərində ikimiz də namizəd idik. Həmin zaman İqbal Ağazadə sırada ikinci çıxış edirdi. Çıxışı zamanı 5 dəqiqəni əzbər deyirdi, şüarı da dəyişkən idi. Özü də çıxış edəndən sonra çıxıb gedirdi və bir başqasına qulaq asmırdı. Bu, göstərir ki, həmin şəxs debatda iştirak edə bilmir. Qeyd edim ki, hazırda bizim pulsuz efir vaxtımız yoxdur. Qanunvericiliyə görə, 60 namizədi olan partiyanın pulsuz efir vaxtı ola bilər. Bizsə cəmi 5 namizəd irəli sürmüşük.

- İqbal Ağazadə ilə debata hazırsınızmı?
- Mən istənilən siyasətçi ilə debata hazıram. Əgər belə bir debat olacaqsa və bu, qanunvericiliyə uyğun olacaqsa, mən debta çıxmağa hazıram.

Nemət


Müəllif: