Onun əsl adı Nuriyyəxanım, soyadı Əhmədovadır. Bütün Azərbaycan onu xalq artisti, istedadlı aktrisa Nuriyyə Əhmədova kimi tanıyır. Çoxlu sayda filmlərdə çəkilən, tamaşaçılar tərəfindən tanınan və sevilən aktrisadır. Şəxsi həyatda isə talesizlik onu anbaan izləyirdi...
Bu gün dünyasını dəyişən Nuriyyə Əhmədova ötən ilin avqustunda Teleqraf.com-a müsahibəsində özündən, sənətindən, ailəsindən, arzularından danışmışdı. Həmin söhbəti təqdim edirik.
“Biz nə vaxtsa bərabər işləyəcəyik”
“Mən 1970-1974-cü illərdə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Adil İsgəndərovun kursunda təhsil almışam. Öncə Musiqili Teatrda işləməyə başladım. Teatrda işləyə-işləyə kinolarda çəkilmək üçün də dəvətlər alırdım. 1982-ci ildə ”Azərbaycanfilm" kinostudiyasının aparıcı aktrisası kimi işə qəbul olundum. Heç inanmazdım ki, nə vaxtsa böyük sənətkarlarla tərəf müqabili olacam, onlarla bərabər dublyaj edəcəm, filmlərində çəkiləcəm. Bu, heç xəyalıma da gəlmirdi. Səsimə görə məni dublyaja buraxmırdılar. Bəzi rejissorlar deyirdilər ki, mənim spesifik səsim var. Amma səsləndirmədə həqiqi mənada mənə qiymət verirdilər. Ona görə dublyajla məşğul olan aktyorlara - Şahmara, Səməndərə, Həsən Əbluca, Xanızadəyə, Həsən Məmmədova, Əminə Yusifqızına həsəd aparırdım. Onların səsi dublyaj üçün çox keyfiyyətli idi. Günlərin bir günü məni dublyajda balaca bir epizoda dəvət etdilər. Maraqlıdır ki, dublyajım hamının xoşuna gəldi. Dedilər, səndə nələrsə var. Bunu xüsusilə demək istəyirəm: kinostudiyaya gəldiyim ilk gündən onun tərkibindəki teatra qəbul olundum. O zaman teatrın bədii rəhbəri Leyla Bədirbəyli idi. Həmin teatrda “Qanlı toy” və “Laçın yuvası” tamaşalarında müxtəlif rollar oynadım. Leyla xanım “Laçın yuvası”ndakı Sənəm rolumu çox bəyəndi və “Mən belə Sənəm görməmişəm”, - dedi. Ondan sonra mənə inam artdı. Bir gün Şahmar Ələkbərov mənə yaxınlaşdı “Bacı, eşitmişəm siz istedadlısınız və açılmamış çox istedadınız var. Biz nə vaxtsa bərabər işləyəcəyik”, - dedi.
Doğurdan da illər sonra biz bir yerdə işlədik. O müddət ərzində isə mən Tofiq Tağızadə, Şamil Mahmudbəyovla, Əbdüllə işlədim, filmlərə çəkildim, tanındım. Amma “Sahilsiz gecə”dəki rolum mənim kino həyatımı dəyişdi".
“Bir cümlə işlətdim, onu Şahmara çatdırdılar”
“Həmin filmdə öncə başqa rola təsdiq olunmuşdum. Bunun da maraqlı tarixçəsi var. Mən yaradıcı heyətə qoşulduğum vaxt artıq Mehriban Xanlarova, Kəmalə Hüseynova, Səfurə İbrahimova filmə təsdiq olunmuşdu. Şahmar mənə kiçik bir rol və assistentlik təklif etdi. Eyni zamanda da filmdə əsas rollardan biri olan erməni qadını oynayacaq aktrisa axtarırdı. Təklifini məmnuniyyətlə qəbul etdim və Qala kəndində kiçik epizoda çəkildim. Sonra isə filmin çəkiliş işləri ilə məşğul oldum. Bir gün Şahmar məndən filmin ssenarisini oxuyub-oxumadığımı xəbər aldı. Dedim yox, oxumamışam. Ssenarini verdi və oxumağımı istədi. Sən demə, ondan bir gün qabaq çəkiliş meydançasında yaradıcı heyətin yanında foto sınaqlarına baxa-baxa işlətdiyim cümləni Şahmara çatdırıblar. Fotoların içərisində diqqətimi bir şəkil çəkmişdi və hamının yanında ”Əşi bu nə fotolardır, mənə də belə gözəl şlyapa, paltarlar geyindirsələr nə var Rozanı oynamağa.." dedim. Sonra bildim ki, fotosuna baxdığım aktrisa Moskvadan göndərilibmiş. Bu sözümü Şahmara çatdırıblar. Ssenarini oxuyanda dəhşətə gəldim. Ssenaridə hər aktrisanın istedadını üzə çıxaracaq o qədər çox material var idi ki... heyran oldum. Düşündüm ki, filmə çəkilmişəm və yenidən məni çəkəcəklərini ümid etmirdim. Ona görə Şahmarın bu ssenarini mənə verməsi və Roza obrazına daha çox diqqət yetirməyimi məsləhət görməsi qəribə idi. Düşünürdüm ki, yəqin bu rolu oynaya biləcək aktrisanı mənim də tapmağımı istəyir".
“Başıma nələr gəldi, inanmazsınız”
“O vaxt kinostudiyanın direktoru Ramiz Fətəliyev idi. Tez-tez Moskvadan zəng vurub filmlə maraqlanırdılar. Artıq böhranlı dövrlər başlayırdı. Filmi tez bitirib ”Qəzəlxan"a başlamalı idik. Mən də filmə hər hansı formada yardımçı olmaq istəyirdim. İki gündən sonra Şahmar dedi ki, Rozanı siz oynayacaqsınız. Məəttəl qaldım. Mən daim qapalı, utancaq, hər zaman ana, bacı rollarını oynayan aktrisa idim və birdən-birə bu obrazı canladıracaqdım. Dəhşətə gəldim. O, bu sözü deyən kimi çıxıb getdi.
İnanmazsınız ki, mən o ərəfələrdə xəstəxanalara düşdüm. Rola təsdiq olundum, xəstəxanadan çıxardıb məni Yurmaladakı çəkilişlərə apardılar. Film çox yüksək dərəcədə qəbul olundu. Filmlə görüşlərə getdik. Biz başa salmalı idik ki, bu erməni qadını bizim başımıza oyun açıb. Bizim filmdə Azərbaycan qadınının pozğunluğundan söhbət getmir. Hansı ölkədə ki, müharibə var, orda əxlaqsızlıq, oğurluq, yoluxucu xəstəliklər də olacaq. Amma erməninin söhbəti ortaya çıxanda hamı dəhşətə gəlirdi. Həmin o Rozalar bizim Azərbaycan qadınlarını korlamışdılar. O filmdən sonra bizim başımıza nələr gəldi, inanmazsınız. Şəxsən mənim başıma gələnləri danışacam. Yollarda mənə sillə vururdular, döyürdülər... Şahmar bizə görə çox narahat idi. Bir dəfə mənə zəng etdi və dedi ki, evdən çıxmamısansa, kinostudiyaya gəlmə. Qaçqınlar kinostudiyanın qabağına yığışmışdılar. Amma getdim, axşam evə qayıdanda bir nəfər yaxınlaşdı mənə bir sillə vurdu, ağzım burnum qanadı. O filmə hər dəfə baxanda Rozanı görüb “Ay ifritə, sən mənim azərbaycanlı qadınımın başına nə oyunlar açmısan”, - deyirəm. Moskva da qəsdən milləti qıcıqlandırmaq üçün o kinonu efirdə tez-tez nümayiş etdirirdi".
“Onu mənə təklif etmişdilər”
“Oynadığım heç bir roluma görə peşman olmamışam. Nadir hallarda öz oynadığım filmlərə əvvəldən axıra qədər baxıram. Heç bir obraz haqda fikirləşmirəm, hansısa aktrisaya baxıb ”Bu rolu filan cürə oynayardım" demirəm. “Qayınana” serialında yaşlı nənə rolunu mənə təklif etmişdilər. Amma mən o zaman “Tək olanda qorxma” serialında çəkilirdim deyə təklifi qəbul etmədim. Xanım Qafarova o rolu çox gözəl yaradıb. Elə bilirəm mən özüməm, o obrazdan böyük zövq alıram".
“Kino hər şeydən üstündür”
“Onu bilirəm ki, kino millətin güzgüsüdür. Kino cəldlik, reallıq istəyir. Yəqin ki, məndə o keyfiyyətlər varmış, ona görə kinoda daha çox uğur qazandım. Kinonu sevirəm və onu hər şeydən üstün tuturam. Bütün işlər çətindir, eləcə də kino. O işıqların altında işləyərək Xanımın (Xanım Qafarova- N.M.) gözləri tutuldu. Rejissorlarımızın da saçı-başı ağarıb. Biz onda bir kamera ilə işləyirdik. İndi altı-yeddi kamera qoyurlar, amma ortaya bir şey çıxara bilmirlər. Kinoda gərək sərbəst olasan, gördüyün işi sevəsən. Həmidə xanımın çəkildiyi serial niyə mükafat aldı? Çünki orda Həmidə xanım oynayırdı, onun gözləri, jestləri var idi. Gənclərdən Rada Nəsibovanı çox bəyənirəm. Ona baxanda öz cavanlığımı görürəm, gözəl və istedadlı aktrisadır. Kinoda, serialda hərəkət, temp olanda o iş tamaşaçılar tərəfindən sevilir. Biz də cavan olmuşuq, bizim tempimiz, ritmimiz ayrı olub. İndi o ritm həyatda var, amma biz onu efirdə görmürük”.
“Şükür ki, hərəkətdəyəm”
“Avtobusdan yıxıldığım, məlum qəzadan sonra çox halsız oluram. Heç yerə gedə bilmirəm. Bədənim iynə-dərman götürmür, ona hər zaman müalicəmi türkəçarə ilə həll etmişəm. Görün necə vəziyyət idi ki, iynə-dərmana möhtac qalmışdım. Və hələ də davam edir. Bu xəstəlik sümükdən başqa həm də sinirə də toxunub. Ona görə iştahsız və əsəbi oluram. Amma şükür ki, hərəkətdəyəm”.
“Çalışıram yoldaşımla görüşməyim”
“Bu il əvvəldən mənim üçün çətin başladı. Yoldaşım xəstəxanaya düşdü, yaxın qohumlarımdan xəstələnənlər çox oldu. Böyük oğlum çox ağır vəziyyətdədir. Tikintidə işləyirdi, yıxıldı, əlləri qolları sındı, indi ağır iş görə bilmir. O qəzadan sonra çox düşdü. Gəlinim müalicə olunur, özləri də kirayədə qalırlar. Üç ailə mənə baxır, gərək mən yaxşı olam ki, onlara baxa biləm. Kiçik oğlum Faiq 11-ci sinifdə oxuyur, bu il ali məktəbə hazırlaşır. İncəsənətə meyillidir, rəqsə gedir, mən aktyor olmağını istəyirəm, çünki istedadlı uşaqdır. Yoldaşım da sinir xəstəsidir, hər şeyə əsəbiləşir. İndi qohumlarının yanında qalır. Əlimdən nə gəlir ki... Uşaqlarım onunla görüşür, mən çalışıram ki, görüşməyim. Söhbət hər dəfə itirdiyimiz uşağımızdan düşür, əsəbiləşirik, ikimizə də pis təsir edir.
Bu da həyatın çətinliyidir. Hərənin bir cür problemi var. Kim bilə bilərdi ki, Xanım Qafarova o cür əziyyətlə rəhmətə gedəcək. Ailə həvəsində idi, ailə qurdu, sonra uşaq istədi, uşağı oldu. Axırı da belə... Allah Mehriban xanıma can sağlığı versin ki, onun qızını öz himayəsi altına aldı. Amma vaxt gələcək uşaqlar anasını istəyəcək. Bunları fikirləşmək və yaşamaq çox çətindir. Bunlar hamısı mənim başıma gəlib, ona görə bu hisləri çox yaxşı bilirəm. Allaha hər gün yalvarıram ki, mənə bir az ömür versin".
“Axı nə qədər olar...”
“Hazırda rəfiqəmin bağında qalıram. Mənzil məsələsinə görə çox sıxıntılıyam. Hamı deyir düzələcək. 46 il keçir, amma hələ də ortada bir şey yoxdur. Prezidentimizin ailəsi mənim xətrimi çox istəyir, bilirəm. Onlara mənim ərizələrimi çatdırsalar, məsələ həll olunar. Amma çatdırmırlar. Bu məsələ ilə məşğul olan konkret adamlar yoxdur. Balaca bir ev olsun, amma mənim olsun, uşaqlarımı yığım başıma. Nə qədər olar o kirayə, bu kirayə, qohum evi, rəfiqə evi. Hələ ki, ümidim var”.
Nərmin Muradova