4 Fevral 2016 18:41
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edən nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev sessiyada Azərbaycanda bağlı qətnamə layihələri haqda Teleqraf.com-un suallarını cavablandırıb.

Qeyd edək ki, sessiyada “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” və “Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri” adlı məruzələr müzakirə edilib. İkinci layihə qəbul edilsə də, birinci layihə səsvermədən keçməyib.

- Rövşən müəllim, AŞPA-nın qış sessiyasından hansı təəssüratlarla qayıtmısınız?
- Çox müsbət təəssüratla qayıtmışam. AŞPA-da Azərbaycan üçün çox vacib və tarixi qətnamə qəbul olundu. Eyni zamanda ikili standartların, ədalətsiz mövqenin də şahidi olduq. Ona görə də işimizi davam etdirməyi bacarmalıyıq.

- İki qətnamənin eyni gündə müzakirəyə çıxarılması ilə bağlı iradlar vardı.
- Hərənin öz mövqeyi var. Əslində Sərsəng su anbarı ilə bağlı “Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri” adlı qəbul olunmuş qətnamə heç də balaca məsələ deyil. O, çox əhəmiyyətli məsələ idi və qətnamənin qəbul olunmasına nail olduq. Bu, bizim üçün çox vacib məsələ idi. Ortada problemli məsələ yoxdur, işimizi yenə də davam etdirməliyik.

- Belə fikirlər səsləndi ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə AŞPA-dakı nümayəndə heyətimiz birgə iş qura bilməyib. Bu iradla razılaşırsınız?
- Mən bu qənaətdə deyiləm. Düşünürəm ki, həm Xarici İşlər Nazirliyi, həm də Milli Məclis bu istiqamətdə normal iş apara bildi.

- Türkiyəli deputatların hamısı səsvermədə iştirak edibmi? Mediada bəzi türkiyəli deputatların səsvermədə iştirak etməməsi xəyanət kimi qiymətləndirilmişdi. Türkiyədən olan deputatlarla AŞPA-da əlaqələr necə qurulub?
- Qətiyyən belə deyil, xəyanətdən söhbət gedə bilməz, bu, səhv mövqe idi. Deputatların hamısı birmənalı olaraq Azərbaycanla bağlı layihəni dəstəklədi. Yalnız bir nəfər səsvermədə iştirak etməmişdi, sonradan o da bəyanat verdi ki, mən əslində səhv edib səs verməmişəm. Bütövlükdə Türkiyə həmişə olduğu kimi Azərbaycanın mövqeyini dəstəklədi, bizə qarşı çox isti və xoş münasibət vardı.

- Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun AŞPA-ya göndərdiyi sənədə görə vəzifəsindən uzaqlaşdırıldığı deyilir. Bu, nə dərəcədə həqiqətə uyğundur?
- Mən hər hansı sənəd görməmişəm. Nə isə yazıldığı deyilir, amma bu o demək deyil ki, Səməd Seyidov öz vəzifəsini icra etmir. Səməd müəllim AŞPA-dakı nümayəndə heyətinin rəhbəridir.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər