5 Fevral 2016 12:52
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz hazırda çox mürəkkəb beynəlxalq münasibətlər sistemində yaşayırıq. Ona görə də iki müttəfiq ölkənin - Türkiyə və Azərbaycanın mütləq vaxtaşırı məsləhətləşməsinə və gələcək perspektivdə yürüdüləcək siyasəti müəyyənləşdirməsinə ehtiyac var. Çünki hazırkı mərhələdə bizim aid olduğumuz siyasi coğrafiyada mürəkkəb hadisələr baş verir. Eyni zamanda bu siyasi coğrafiya Türkiyə ilə çox uzun sərhədə malikdir. Baş verən hadisələrin Türkiyədə bu və ya digər şəkildə öz əksini tapması mütləq şəkildə Azərbaycana da təsirini göstərə bilər. Bu baxımdan, hesab edirəm ki, hörmətli Ərdoğanın Azərbaycana səfəri çox əhəmiyyətlidir”.

Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu bildirib. Müsahibəni təqdim edirik.

- Hikmət müəllim, Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etmək üçün Azərbaycanın da dəvət olunmasını necə qiymətləndirirsiniz?
- Azərbaycan bu gün təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə böyük bir subregionun ən önəmli aktorlarından biridir. Çünki Azərbaycan artıq son 20-25 ildəki inkişaf parametrlərinə görə, həm iqtisadi, həm hərbi, həm də intellektual gücü ilə bu nüfuzu qazanıb. Yaxın Şərq Azərbaycanla klassik mənada bağlıdır. Orada baş verən proseslər, əlbəttə, Azərbaycanın rolu və yeri baxımından əhəmiyyətlidir. Bunu, heç şübhəsiz ki, dünya siyasətini müəyyənləşdirən ölkələr də görür və qiymətləndirirlər. Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidentinin Londona dəvət olunmasının arxasında da bu faktorlar dayanır. Bu faktorlar Azərbaycanın güclü aktor, regionda strateji mövqeyə malik olması və yerləşdiyi coğrafiya etibarilə regionla kommunikativ, inteqrativ və digər əlaqələrinin olmasıdır. Bu, eyni zamanda Azərbaycan Prezidentinin beynəlxalq münasibətlərdəki şəxsi nüfuzu ilə də bağlıdır. Çünki milli gücün beyni, heç şübhəsiz, milli diplomatiyadır. O diplomatiyanı müəyyənləşdirən isə siyasi iradədir.

- Londona səfər etməzdən bir gün öncə Prezident Birləşmiş Ərəb Əmirliklərində, ötən ay isə Dünya İqtisadi Forumunda iştirak məqsədilə İsveçrənin Davos şəhərində səfərdə olmuşdu. Bu səfərlərin trayektoriyası Azərbaycanın çoxvektorlu xarici siyasət yürütdüyünün göstəricisi sayıla bilərmi?
- Davos görüşü adlandırdığımız görüş, əslində, dünya iqtisadi münasibətlərinin növbəti mərhələsi üçün məhz strateji istiqamətləri müəyyənləşdirən bir görüşdür. Dünya iqtisadiyyatında, qlobal iqtisadiyyatda baş verən hadisələrin təhlil edilməsi və yeni istiqamətlərin, yeni potensialların kəşf edildiyi, qarşılıqlı fikir mübadiləsinin aparıldığı bir platformadır. Ona görə də, əlbəttə, cənab Prezidentin Davosa dəvət olunması da, oradakı çıxışı da özlüyündə bir hadisədir. Bu cür iqtisadi, intellektual müstəvidə fikir mübadiləsinin aparılması, oradakı iclaslarda cənab Prezidentin çıxış etməsi, eyni zamanda bir çox iqtisadi ekspertləri maraqlandıran sualları cavablandırması, hesab edirəm ki, bir daha Azərbaycanın nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Birləşmiş Ərəb Əmirlikləri özünəməxsus coğrafiyada yerləşməklə yanaşı, eyni zamanda bugünədək dünya iqtisadiyyatında özünəməxsus yer tutmağı bacarıb. Yəni, istər azad ticarət zonalarının yaradılması, istər kommunikasiya baxımından əlverişli coğrafiyada yerləşməsi, bir növ istehsal olunan əmtəənin transfer olunmasında xüsusi əhəmiyyətə malik olması və söz sahibi olması bu ölkənin iqtisadiyyatına çox böyük dividendlər gətirib, iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri dini-mənəvi nöqteyi nəzərdən də Azərbaycanla bağlılığı olan bir ərazidir. Nəzərə alsaq ki, bu ölkənin ciddi şəkildə sərmayə qoymaq imkanları var və bu imkanlardan Azərbaycan da yararlana bilər, eyni zamanda Azərbaycan sərmayəsinin sərbəst hərəkəti üçün Birləşmiş Ərəb Əmirliklərində xüsusi iqtisadi mühit var. Bütün bunları nəzərdən keçirdikdə görəcəyik ki, iki ölkə arasındakı münasibətlər hər iki ölkənin maraqları baxımından olduqca aktual və vacibdir. Hesab edirəm ki, cənab Prezidentin Əbu-Dabi və Dubaya səfərində də məhz milli iqtisadiyyatımızın inkişafı ilə bağlı məsələlər müzakirə olunub və qarşılıqlı iqtisadi əməkdaşlığın perspektivləri müəyyənləşdirilib.

- Günün aktual məsələlərindən biri də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 18-də Azərbaycana gözlənilən səfəridir. Yayılan məlumata görə, səfər zamanı Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçiriləcək. Sizcə, şura öz fəaliyyətini doğruldubmu?
- Biz hazırda çox mürəkkəb beynəlxalq sistemində yaşayırıq. Ona görə də iki müttəfiq ölkənin - Türkiyə və Azərbaycanın mütləq vaxtaşırı məsləhətləşməsinə və gələcək perspektivdə yürüdüləcək siyasəti müəyyənləşdirməsinə ehtiyac var. Çünki hazırkı mərhələdə bizim aid olduğumuz siyasi coğrafiyada mürəkkəb hadisələr baş verir. Eyni zamanda bu siyasi coğrafiya Türkiyə ilə çox uzun sərhədə malikdir. Baş verən hadisələrin Türkiyədə bu və ya digər şəkildə öz əksini tapması mütləq şəkildə Azərbaycana da təsirini göstərə bilər. Bu baxımdan hesab edirəm ki, hörmətli Ərdoğanın Azərbaycana səfəri çox əhəmiyyətlidir. Başqa bir məsələ isə ondan ibarətdir ki, biri böyük qonşumuz və digəri isə yaxın dövlət olan Rusiya və Türkiyə arasında mövcud münasibətlər o qədər də ürəkaçan deyil. Hesab edirəm ki, iki ölkə arasında yaradılmış süni gərginliyin aradan qaldırılması ilə bağlı məsələlər də səfər zamanı müzakirə oluna bilər. Zənnimcə, Azərbaycan tərəfinin burada müəyyən töhfələri də rol oynaya bilər. Çünki biz şimal qonşumuz olan Rusiya ilə həm çox sıx siyasi əlaqələrə malikik, həm də bu əlaqələrin xüsusi tarixi var. Yəni, rus siyasətinin mətbəxi Azərbaycana bəllidir və bununla bağlı ölkəmiz zaman-zaman proqnozlar da verə bilər. Ona görə də hesab edirəm ki, indiki mərhələdə bu səfərin əhəmiyyəti bir də bu beynəlxalq, qlobal hadisələrlə şərtlənir. Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində vaxtaşırı görüşlər keçirilir və əlbəttə ki, bu görüşlər əhəmiyyətlidir. Əminəm ki, şuranın fəaliyyəti gələcəkdə daha da effektiv olacaq.

- Rusiya ilə Türkiyə arasındakı münasibətlər nəinki düzəlmir, əksinə, pisləşməyə doğru gedir. Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması üçün öz köməyini təklif etmişdi. Sizcə, ölkəmiz bu istiqamətdə hansı işlər görə bilər?
- Bilirsiniz, məsələ ondadır ki, olduqca mürəkkəb dövrdən keçirik. Ona görə də hər bir dövlət özünün milli maraqlarını dəqiq şəkildə ölçüb-biçməli və onların həyata keçirilməsi üçün çox dəqiq siyasət həyata keçirməlidir. Qısa müddət öncə gözümüzün önündə çox gözəl Rusiya-Türkiyə münasibətləri var idi. Hətta bu münasibətlər az qala strateji müttəfiqlik səviyyəsinə çatmaq üzrə idi və birdən başgicəlləndirici bir sürətlə bu münasibətlər tərsinə döndü və hazırda qarşımızda belə bir gərgin münasibətlərə malik iki qonşu ölkə var. Hesab edirəm ki, bu münasibətlərdə üçüncü tərəfin qeyri-səmimi təşəbbüsünə qətiyyən yol vermək olmaz. Çünki biz görürük ki, Rusiya ilə Türkiyənin münasibətləri gərginləşdikcə, dünya siyasətini müəyyənləşdirən üçüncü ölkə Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Açıq demək lazımdır, qlobal aktorlar, imperialist Qərb mərkəzləri bir tərəfdən Türkiyəni silahlandırmağa çalışır, digər tərəfdən də Rusiyanı daha aqressiv hərəkətlərə sövq edir, bir növ gərginliyi daha da artırmağa çalışırlar. Amma əminəm ki, həm Türkiyə, həm də Rusiya tərəfi bu mərhələdə təmkinli siyasi davranış nümayiş etdirməyi bacaracaqlar. Unutmaq lazım deyil ki, XXI əsrdə - hadisələrin belə bir vəziyyətində Türkiyə ilə Rusiya müttəfiq olmağa məhkumdurlar. Çünki hər iki ölkənin milli və dövlət maraqları bunu diktə edir. İnanmaq istərdim ki, çox qısa müddətdə münasibətlər əvvəlki məcrasına yönələcək. Əks təqdirdə hər iki ölkə münasibətlərin gərginləşməsindən çox ciddi əziyyət çəkəcək. Əminəm ki, Suriya cəbhəsində ciddi bir təmas olarsa, Türkiyə ilə Rusiya arasında qaynar bir nöqtə yaranarsa, Türkiyənin NATO müttəfiqlərinin hamısı kənara çəkiləcək və rəsmi Ankaranı meydanda tək buraxacaqlar. Hesab edirəm ki, bunu demək lazımdır. Ona görə də mütləq bu mərhələ təmkinli siyasət həyata keçirmək vacibdir. Əminəm ki, prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın buna müdrikliyi çatacaq.

Səxavət Həmid


Müəllif:

Oxşar xəbərlər