11 Fevral 2016 11:38
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT PA-nın iclasına qədər Azərbaycan tərəfi, Prezident və ya XİN səviyyəsində Minsk qrupu həmsədrlərini qəbul etməli deyil. Bu danışıqlardan imtina etmək anlamına gəlmir. Sadəcə olaraq, bu, onlara göstərməkdir ki, Azərbaycan dövlətinin Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyətinə heç bir mənada etimadı qalmayıb. Azərbaycan bu məsələni daha çox ATƏT PA-da qaldırmalı, yeni bir məruzə ilə çıxış etməli və ATƏT-in müvəqqəti sədri olan Almaniyanın Xarici İşlər naziri Ştanmayerin diqqətini bu məsələyə cəlb etməlidir. Eyni zamanda, Minsk qrupunu hesabat verməyə məcbur etməlidir. Bu kontekstdə Minsk konfransı olan ölkələrin iştirakı ilə yenidən bu konfransın çağırılmasına təkid edilməlidir”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq Natiq Miri bildirib. Müsahibəni təqdim edirik:

- ABŞ Milli Kəşfiyyatının yaydığı hesabatda Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında gərginliyin artdığı qeyd edilir. Bu məsələnin diqqətdə saxlanılması nəyə işarədir?
- ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin adından yayılan bu informasiya hesabatdan götürülüb. Dünyanın bir çox qaynar nöqtələri və ya savaş təhlükəsi olan ölkələri ilə bağlı ABŞ Senatında hesabatlar dinlənilir. Bunlardan biri də Dağlıq Qarabağla bağlıdır. Bu da ona görə maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin timsalında Cənubi Qafqazda Suriya kimi yeni bir böyük savaş potensialı artıb. Əgər əvvəllər atəşkəs kiçik çaplı silahlardan pozulurdusa, bu gün iri çaplı silahlardan, reaktiv raketlərdən və artilleriya qurğularından istifadə olunur. Bu da savaşın bir addımlığında görüntüsü yaradır. Təbii ki, bu da ABŞ-ı narahat etməmiş deyil. Çünki Amerikanın bu regionda geosiyasi maraqları var. Bu geosiyasi maraqlara təhlükəsizlik məsələsi ilə yanaşı, enerji daşıyıcıları məsələləri daxildir. Enerji daşıyıcısı məsələsi çoxdan geosiyasi məsələ olub. Ona görə də ABŞ bu cür hesabatları dinləməklə gələcəkdə atacağı planlarla bağlı özü üçün müəyyən qabaqlayıcı tədbirlər görmək niyyətindədir. Hesab edirəm ki, ABŞ Milli Kəşfiyyatının verdiyi bu informasiya tamamilə həqiqəti əks etdirir və Azərbaycan heç bir vəchlə öz torpaqlarından vaz keçmək fikrində deyil, bu fikirdə də olmayacaq. Çünki bu millətin nə qədər torpağa bağlı olduğunu Amerika alimləri bilməmiş deyil. ABŞ-ın şərqşünasları, o cümlədən Cənubi Qafqazla maraqlanan alimləri var ki, bu yöndə müəyyən araşdırmalar aparıblar. Onlar bilir ki, azərbaycanlılar nə qədər torpağına bağlı insanlardır və bu insanlar heç zaman torpağını düşmənə vermək fikrində deyil. Proseslər belə davam edərsə, regionda yeni bir savaş yanğınına gətirib çıxara bilər ki, buna görə də dünya gücləri konkret addımlar atmaq məcburiyyətindədirlər.

- Amerikalı konqresmen Adam Şiff AŞPA-da Azərbaycan ərazilərinin işğalı ilə bağlı məruzəyə Nulandın mane olduğunu deyib. Bu fakta münasibətiniz necədir?
- Bu, Adam Şiffin Azərbaycan əleyhinə davranışının nəticəsi olaraq ortaya çıxıb. Yəni ABŞ Dövlət Departamenti birmənalı bu prosesə müdaxilə edəcək deyildi. Sadəcə, hesabat ortaya çıxandan sonra buna müdaxilə etmək fikrinə gəliblər. Təbii ki, ABŞ da bu yöndə Avropa ölkələrinə öz təsir imkanlarını əsirgəməyib. Ona görə də ABŞ bilavasitə Avropada hakimiyyətdə olan qüvvələrin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan deputatlarına öz təsirini göstərib. Hətta buna rəğmən səsvermədə Azərbaycanın qətnaməsinin qəbul edilməsinə cəmi 4 səs çatmadı. Düşünürəm ki, burada da müəyyən saxtakarlıq olmamış deyil. Çünki rəhbərlik səviyyəsində bu qətnamənin qəbul edilməməsi ilə bağlı artıq bir qərar qəbul edilmişdi. Ona görə də müəyyən bir saxtakarlıq edildi, bu da demokratik dünya adına, o cümlədən həm Avropa, həm də ABŞ-a üstünlük gətirmir. Başqa tərəfdən onu da nəzərə almaq lazımdır ki, hələ də ABŞ-da Dağlıq Qarabağ problemini doğru-dürüst öyrənməyiblər. Bu məsələnin mahiyyəti Amerikanın nə dövlətində, nə də cəmiyyətində dürüst olaraq qəbul oluna bilməyib. Bunun nəticəsidir ki, ABŞ bu gün Dağlıq Qarabağ probleminin çözümü ilə əlaqədar konkret bir prinsipə bağlı deyil. ABŞ bu problemin həm dövlətlərin ərazi bütövlüyü, həm də xalqların öz müqəddəratının təyini prinsipləri çərçivəsində həllini görür. Bu isə ikili standartdır. Çünki bu prinsiplər bir-birini təkzib edən prinsiplərdir. Çox təəssüf ki, ABŞ hələ də məsələyə bu cür baxır. Düşünür ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayon qaytarılarsa, bunun müqabilində Dağlıq Qarabağa müstəqillik verilə bilər. Təbii ki, Dağlıq Qarabağda yaşayan ermənilər referendum vasitəsilə müstəqilliyə səs verdiyi təqdirdə. Ancaq bu, doğru yanaşma deyil və beynəlxalq hüquqa ziddir. Ona görə də bu məsələni daha çılpaqlığı ilə araşdırıb ABŞ rəsmilərinə də çatdırmaq lazımdır ki, bu məsələyə ikili yanaşma olmasın. Bu məsələyə ikili yanaşma davam etdikcə, Dağlıq Qarabağ problemini həll etmək mümkün olmayacaq. Artıq bunun nəticəsidir ki, 1992-ci ildə ATƏM tərəfindən Minsk qrupunun yaradılmasından üzü bəri 24 ildir ki, problemin həlli ilə məşğuldurlar. Lakin irəliyə doğru heç bir addım atılmayıb.

- Amerikalı konqresmen Volterin məruzəsini birtərəfli adlandırdı. Azərbaycanın öz haqqını tələb etməsi niyə “təktərəfli” hesab olunur?
- Bu yanaşma kökündən səhvdir. Çox təəssüf ki, Minsk qrupunun həmsədr dövlətlərində və ATƏT-in digər ölkələrində də belə bir yanlış təsəvvür var. Yəni bu məsələdə erməni tərəfinin maraqlarını nəzərə almaq deyəndə nəyi nəzərdə tutur? Beynəlxalq hüquqda birmənalı olaraq göstərilib ki, əgər bir ölkənin torpaqları işğal olunursa, ilk növbədə işğal faktoru aradan qaldırılmalıdır. Bu işğal faktorunu aradan qaldırmaq bilavasitə işğala məruz qalan tərəfin hüququdur və BMT-nin nizamnaməsində də göstərilib. Əgər Azərbaycan bu hüququndan istifadə etmirsə və dünyanın hüquq ədalətinə uyğun olaraq bu prosesin sülh yolu ilə həllini istəyirsə, bundan artıq Azərbaycan nəyi güzəştə getməlidir. Ortada bir işğal faktoru var, zəhmət çəkib bunu aradan qaldırın, sonra Dağlıq Qarabağda olan problemləri oturub danışın və həll edin. Əgər problem sosial, yaxud mədəni-məişət məsələsidirsə, oturub bunu həll edin. Yox, əgər iqtisadi problemlər varsa, bunu danışıqlar masası ətrafında həll etmək olar. Ancaq ortada işğal faktı varsa və bunu Dağlıq Qarabağdakı ermənilər deyil, bilavasitə Ermənistan həyata keçiribsə, deməli, işğal faktoru dərhal aradan qaldırılmalıdır. Buna yönəlik BMT-nin qəbul etdiyi 4 qətnamə var. Əvvəlcə, bunu icra etsinlər, bundan sonra yerli ermənilərin maraqlarını dinləsinlər. İşğal faktoru aradan qaldırılmadan hansısa referendum vasitəsilə Dağlıq Qarabağa müstəqillik haqqının tanınması beynəlxalq hüquqa ziddir və ikili yanaşmadır. Çünki heç bir ölkəyə bu cür yanaşma yoxdur, ortada Ukrayna praktikası var. Ukraynanın tərkib hissəsi olan Krım və Sevastopolun işğal olunması Qərb dünyasının ciddi sanksiyalarını işə salması ilə müşahidə olundu. Ancaq Azərbaycana gəlincə, bu sanksiyalar nədənsə Ermənistana tətbiq olunmur. Bu ikili yanaşma deyil, bəs nədir? Hətta Minsk qrupu çərçivəsində belə Ermənistana təzyiq və yaxud da sanksiyaların tətbiq olunması məsələsi müzakirə obyektinə çevrilmir. Diqqət edirsinizsə, 1992-ci ildən bəri ATƏT-in Minsk konfransının çağırılmasına imkan verilmir. Keçiriləcək ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti bu məsələni qaldırmaq niyyətindədirlər. Hesab edirəm ki, çox doğru addım olardı. Çünki ATƏT-in Minsk qrupu 24 illik sıfır nəticəni izah etməlidir. Belə olduğu təqdirdə burada Minsk qrupuna etimad məsələsi səsə qoyulmalıdır. Əgər etimad yoxdursa, Minsk qrupuna alternativlər yaradılmalıdır. Yaxud da, bu məsələyə dinamika gətirəcək başqa ölkələr cəlb olunmalıdır. Misal üçün, maraqlı ölkələr kimi Almaniya və Türkiyə. Düşünürəm ki, bu məsələyə yanaşma prinsipial olaraq dəyişməlidir. Bu baş vermədikcə və tərəflər arasında bərabərlik işarəsi qoyulduqca Dağlıq Qarabağ problemi həllini tapmayacaq.

- Həmsədrlərin bölgəyə səfər etməsini anons vermələrinə baxmayaraq, Azərbaycan rəsmiləri onları gözləmədiklərini vurğuladılar...
- Minsk qrupunun fəaliyyətsizliyi zatən göz önündədir. Artıq bəllidir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyəti sadəcə olaraq, status-kvonun qorunmasına xidmət edir. İsveçrədə prezidentlər arasında görüşün təşkil olunması da yalnız atəşkəsin qorunmasına xidmət edirdi. Onlar atəşkəsin qorunması üçün cəbhə xəttində atəşkəsi pozan tərəfin müəyyən edilməsi üçün cihazların quraşdırılmasını və digər mexanizmlərin hazırlanmasını təklif edirlər. Bu, bilavasitə ABŞ-ın təklifidir və ancaq status-kvonun qorunmasına xidmət edən bir davranışdır, Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan status-kvonu qorumaqda maraqlı ola bilməz. Torpaqlarımız 24 ildir ki, işğal altındadır. Hansı atəşkəsdən söhbət gedə bilər və ya problemin öyrənilməsinə nə lüzum var? 24 ildə bu problem öyrənilməyibsə və indən belə bu problemi öyrənməklə bağlı regiona səfər etmək absurd bir məsələdir. Ona görə də düşünürəm ki, ATƏT PA-nın iclasına qədər Azərbaycan tərəfi, Prezident və ya XİN səviyyəsində Minsk qrupu həmsədrlərini qəbul etməli deyil. Bu danışıqlardan imtina etmək anlamına gəlmir. Sadəcə olaraq, bu, onlara göstərməkdir ki, Azərbaycan dövlətinin Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyətinə heç bir mənada etimadı qalmayıb. Azərbaycan bu məsələni daha çox ATƏT PA-da qaldırmalı, yeni bir məruzə ilə çıxış etməli və ATƏT-in müvəqqəti sədri olan Almaniyanın Xarici İşlər naziri Ştanmayerin diqqətini bu məsələyə cəlb etməlidir. Eyni zamanda, Minsk qrupunu hesabat verməyə məcbur etməlidir. Bu kontekstdə Minsk konfransı olan ölkələrin iştirakı ilə yenidən bu konfransın çağırılmasına təkid edilməlidir. Bu gün yeganə fəaliyyət Azərbaycan tərəfindən bu olmalıdır. Ona görə də prinsipial mövqe ortaya qoymaq lazımdır.

- Avropa İttifaqının münaqişənin həllinə qoşula biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Ancaq bu halda Azərbaycan və Ermənistan Aİ ilə assosiativ saziş bağlamalıdır. Sizcə, indiki halda bu mümkündürmü?
- Əlbəttə, mümkündür. Mən assosiativ müqavilənin bağlanmasının tərəfdarlarından biriyəm. Çünki inkişaf eləmiş ölkələr, texnologiya məhz Qərb dünyasındadır. Buna görə də Azərbaycanın assosiativ müqavilə bağlamasının tərəfdarıyam. Ancaq Ermənistanın bu müqaviləni imzalaması şübhə altındadır. Çünki Ermənistan bu müqaviləni imzalamaq ərəfəsində Rusiyanın ciddi təzyiqləri ilə üzləşdi və Avrasiya İttifaqına üzvlüklə bağlı müqaviləni imzalamaq məcburiyyətində qaldı. Lakin Avropa Birliyi bu məsələyə öz ağırlığını qoyarsa, bu, Azərbaycan dövlətinin maraqları adına müsbət addım olardı. Cənubi Qafqaz bir Avropa məkanı olaraq tanınıb və buradakı istənilən münaqişə ocağı Avropa üçün böyük bir təhlükə yaradır. Bu gün bununla bağlı Avropa Birliyi öz narahatlığını ortaya qoymaqdadır. Ona görə də Dağlıq Qarabağ probleminin ağırlığını Avropa İttifaqı öz üzərinə götürsə, bu prosesin həllində dinamika yaradırdı.

Bəxtiyar Məmmədi


Müəllif:

Oxşar xəbərlər