14 Aprel 2016 16:37
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilə müsahibəni təqdim edir:

- 2-5 apreldə cəbhədə baş verən hərbi əməliyyatlar Ermənistanın daxili siyasi situasiyasına təsir göstəribmi?

- Şübhəsiz ki, təsir edib. Cəbhə xəttində baş verən hərbi qarşıdurma təkcə Ermənistanın deyil, Azərbaycanın da daxili situasiyasına təsir edib. Lakin nəzərə alın ki, Azərbaycan həm öz torpaqlarını işğaldan azad edən, həm də hərbi qarşıdurmada diplomatik uğur qazanan dövlət qismindədir. Odur ki, cəbhədə baş verən hadisələr Azərbaycanın daxili siyasətində özünü göstərmir.

Ermənistana gəldikdə isə vəziyyət acınacaqlıdır. Çünki Ermənistanda bu hadisələr vaxtı ənənəvi Azərbaycanı hədələyən xətt görünmədi. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana dəstək ifadə etmədi. Şübhəsiz ki, bu məqam Ermənistanın daxili siyasi situasiyasına təsir etməlidir və edəcək də. Hazırda Ermənistanda güclü anti-Rusiya ab-havası müşahidə olunur.

- İrəvanda Rusiya səfirliyi önündə aksiya keçirilib, yüzlərlə insan rəsmi Moskvanı Bakıya silah satmaqda, müttəfiqini dəstəkləməməkdə ittiham edib, diplomatik korpusun binasını yumurta atəşinə tutub. Bunu necə qiymətləndirmək olar?

- Əslində, bizim həmişə dediyimiz fikir budur ki, Ermənistanı Rusiyanın əbədi müttəfiqi kimi qiymətləndirmək doğru deyil. Ən azı ona görə ki, Ermənistanda erməni əhalisinin sayı 3 milyondursa, Qərb ölkələrində yaşayan ermənilərin sayı bundan iki dəfə çoxdur. Halbuki, Qərb ölkələrində yaşayan ermənilər anti-Rusiya mövqeyindədir. Onlar daima Ermənistanı Qərbə doğru çəkməyə çalışırlar. İndi həm ölkə daxilində olan müəyyən təşkilatların, həm də Qərbdə yaşayan ermənilərin əlinə imkan düşüb. Onlar bəyan edirlər ki, Ermənistan Rusiyanın strateji və hərbi müttəfiqi olsa da, əslində, Moskva Bakını müasir silahlarla gücləndirir.

Bu da, Ermənistanda anti-Rusiya ab-havasını artırır. Ancaq məsələ ondadır ki, Rusiya Azərbaycanı silahlandırmır, sadəcə Azərbaycana silah satıb. Və bunu da pula, gəlirə görə edib. Burada bir məqsəd də hərbi silah-sursat baxımından Qarabağı nəzarətdə saxlamaq istəyidir. Bütün bunların fonunda Ermənistanda baş verənlər və bundan sonra verəcək hadisələr gözlənilən olmalıdır. Hazırda erməni cəmiyyətində Rusiyaya xoş əhval yoxdur. Bu proses Gümrüdəki rus əsgərinin erməni ailəsini güllələməsindən sonra baş verib. Bu hadisəyə görə böyük mitinqlər keçirildi. İndi baş verənlər erməni cəmiyyətində anti-Rusiya havasını bir qədər də gücləndirməkdədir. Təbii ki, Ermənistanda rusiyapərəst qüvvələr də var və fəaliyyət göstərirlər.

- İndi erməni cəmiyyətində və siyasətində daha çox üstünlük qazanan qüvvələr qərbpərəstlər, yoxsa ruspərəstlərdir?

- Bu saat Ermənistanda ruspərəstlərin ortaya qoyacaqları ciddi arqumentləri yoxdur. Bu gün əsas güc anti-Rusiya mövqeyində olan cəmiyyətin qərbpərəst kəsimindədir. Bu, açıq-aydın görünür.

- Ermənistanda siyasi proseslər bundan sonra hansı seqmentlər üzrə inkişaf edə bilər?

- Düşünürəm ki, indi ən başlıca ssenari prezident Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına cəhd ola bilər. Təsadüfi deyil ki, Sərkisyan son zamanlar intensiv formada müdafiə naziri ilə əlaqələr qurur, onların ayağına gedir, Təhlükəsizlik Şurasının iclaslarını çağırır. Üstəlik əsas müxalifət lideri Levon Ter-Petrosyanla da görüşərək müzakirələr aparıb. Bunlar göstərir ki, Ermənistanda buludlar əsasən Sərkisyanın başı üzərində cəmləşir. Bu mənada onu hakimiyyətdən uzaqlaşdırmaq üçün cəhdlər ola bilər. Və ya qarşıdan gələn seçkilərdə onun seçkiyə qatılmamasına nail olmaq istəyi ortaya çıxa bilər.

- Digər sabiq prezident Köçəryanın bu proseslərdə iştirakı hansı formatda ola bilər?

- Mətbuatın yazdığına görə, Köçəryan prezident Sərkisyanla görüşməkdən imtina edib. Bu da, təbiidir. Çünki Köçəryan prezident Sərkisyanın yerinə iddia edən və Putinin komandası tərəfindən ciddi dəstəklənən şəxsdir.

- Moskvada Avrasiya İqtisadi İttifaqının toplantısında prezident Sərkisyan deyil, baş nazir Hovik Abrahamyan iştirak edir. Sizcə, bu, proseslərin maraqlı detalı sayıla bilərmi?

- Bu, təbiidir. Əslində, Sərkisyan hakimiyyətinin Rusiyaya bir etirazıdır.

- Rəsmi İrəvanla rəsmi Moskva arasında münasibətlərin gərgin olduğunu düşünürsünüz?

- Mən bu münasibətlərin gərgin olduğunu aylar öncə demişəm. Hətta münasibətlər o qədər gərgin oldu ki, prezident Putin sonuncu dəfə Ermənistana səfər edərkən İrəvan aeroportunda deyil, Gümrüdə yerə endi. Bu münasibətlər hər zaman gərgin olub və hazırda özünün kuliminasiya nöqtəsinə çatıb. Bu baxımdan istisna etmirəm ki, İrəvanda Rusiya səfirliyinin qarşısında keçirilən aksiyanın arxasında Sərkisyan və onun komandası var.

- Sərkisyanın hakimiyyətdən götürülməsi üçün imkanlar və resurslar varmı?

- Rusiyanın Ermənistandakı ictimai-siyasi kəsimə, hərbi komandaya kifayət qədər təsiri var. Ancaq indiki məqamda buna getmək Rusiyaya lazımdırmı sualına cavab vermək daha vacibdir. Bu addımın atılması Ermənistanda ictimai-siyasi sabitliyin və atəşkəsin növbəti dəfə pozulmasına səbəb olar. Bunun da nələrə səbəb olacağını aprelin əvvəllərində gördük. Bu mənada düşünürəm ki, Rusiya bir qədər ehtiyatlı davranmağa üstünlük verəcək.

- Qeyd etdiniz ki, erməni diasporasının təsiri heç də az deyil. Sizcə, indiki məqamda erməni diasporunun mövqeyi nədən ibarətdir?

- İndiki şəraitdə diaspora ortaya mövqe qoymayacaq. Əgər Sərkisyan və Köçəryan tandemindən seçim etmək məsələsi ortaya çıxacaqsa, diaspora bu məsələdə ehtiyatlı davranacaq. Düşünəcəklər ki, bu fiqurların hər ikisi Rusiyaya bağlıdır. Sadəcə ayrı-ayrı qruplarla işləyirlər. Məsələn, Sərkisyan daha çox hərbi sənaye kompleksinə bağlıdır. Bu dairəni Rusiyada təmsil edən əsas fiqur baş nazir Medvedevdir. Robert Köçəryan isə daha çox Kremlə bağlıdır. Bu mənada Ermənistanda gedən proseslər həm də Rusiyada gedən proseslərin bir hissəsidir.

- Bir sıra mütəxəssislər hesab edirlər ki, əslində, erməni hakimiyyəti, müxalifət və diasporu sonda zərbəni bir hədəfə vururlar və bu da gerçək erməni siyasətidir. Sizcə, erməni ideologiyasında indi bu qüvvələr sonda eyni hədəfə köklənməyib?

- Bu, ümumiləşdirilmiş yanaşmadır. Heç vaxt hamı eyni hədəfə vura bilməz. Bəli, erməni dövlətçiliyinin qorunmasında, onun digər ölkələrin ərazisi hesabına genişlənməsi məsələsində şübhəsiz ki, bu qüvvələr erməniçilik mövqeyindən çıxış edirlər. Buna heç bir şübhə yoxdur. Ancaq məsələ ondadır ki, bu məqsədə çatmağın yollarında onların fərqli baxışları var və ziddiyyətlər də burdan yaranır. Deməli, bizim gördüyümüz sadəcə ilkin görüntüdür.

- Yeri gəlmişkən, siz Levon Ter-Petrosyan fiqurunu kənara qoyaraq əsasən Sərkisyan və Köçəryanın imkanlarını qiymətləndirirsiniz. Ermənistan siyasətində Ter-Petrosyan güclü tərəf deyil?

- Levon Ter-Petrosyanın imkanları yüksəkdir. Hadisələr də bunu göstərir. Prezident Sərkisyan ilk olaraq Ter-Petrosyanla görüşmək istədi. Bu, faktiki olaraq Ter-Petrosyanın güclənməsi deməkdir. Prezidentin gedib onunla görüşməsi cəmiyyətə ciddi mesajdır. Cəmiyyətin böyük hissəsi isə Ter-Petrosyanı müdafiə edir.

- Ermənistanda indiki gərgin daxili vəziyyət və üstəlik Rusiya ilə münasibətlərin kritik həddə olması fonunda müxalifətin hakimiyyəti götürmək imkanları varmı?

- Məncə, növbəti seçkilərdə koalisiya mümkündür, amma bu, düşündüyümüz qədər də asan deyil.

- Ermənistan parlamentli respublika üsul-idarəsinə keçid etdi və burada əsas məqsəd Sərkisyanın baş nazir olaraq iqtidarını davam etdirməsi istəyidir. İndi yaşanan proseslər də göz önündədir. Sizcə, Sərkisyan baş nazir olaraq hakimiyyətini uzada biləcəkmi?

- Əgər Ter-Petrosyan tərəfindən və cəmiyyətin müəyyən hissəsindən dəstək alacaqsa, bu ssenari reallaşacaq. Yox, əgər belə bir dəstək olmayacaqsa, Sərkisyanın bu istəyi də baş tutmayacaq.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər