Beynəlxalq Sülh Günü münasibətilə Fransanın Carriere-sous-Poissy kommunasında meriyanın dəstəyi və azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın təşkilatçılığı ilə “Sülh naminə” adlı konsert keçirilib.
Teleqraf.com xəbər verir ki, Carrie-sous-Poissy kommunasının meri çıxış edərək Beynəlxalq Sülh Günü münasibətilə konsertin təşkilinə görə kommunanın sakini Səidə Zülfüqarovaya minnətdarlığını bildirib. O, ötən ilki kimi bu il də konsertin maraqlı olacağına və hamı tərəfindən seviləcəyinə əminliyini ifadə edib.
Konsertdə məşhur klassik bəstəkarların əsərləri səsləndirilib. S.Zülfüqarova və Əməkdar artist, tarzən Sahib Paşazadə muğamlarımızı, Arif Məlikovun və Həsən Rzayevin musiqilərini ifa ediblər.
Dinləyicilər ifaları böyük maraqla qarşılayıblar. Fransız musiqisevərlər milli musiqi aləti tara böyük maraq göstəriblər. Onlar konsertdən sonra tarzənə yaxınlaşaraq tarla bağlı suallar veriblər.
Konsertdən əvvəl yerli qəzetdə azərbaycanlı pianoçu S.Zülfüqarova haqqında məlumat dərc olunub.