Sentyabrın 29-da Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Teleqraf.com xəbər verir ki, söhbət zamanı ölkələr arasında ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə edilib. Qətər dövlətinin Əmiri və Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyə dair məsələləri də müzakirə ediblər. Bu baxımdan Qətər dövlətinin Əmiri vəziyyəti sakitləşdirməyə, hər iki ölkənin və xalqın maraqlarının qorunması yolu ilə dialoq və diplomatik vasitələrlə iki ölkə arasında olan mübahisənin həlli üzərində işləməyə çağırıb.
Prezident İlham Əliyev bildirib ki, sentyabrın 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törədib. Ermənistanın təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi və hərbi birləşmələrimizi ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub. Azərbaycan ordusu düşmənə layiqli cavab verərək uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.