Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.
Teleqraf.com xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verib.
Bildirilib ki, yeni bina Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Bakının Atatürk prospekti 70 ünvanında inşa olunub. Bina zirzəmi qatı (avtodayanacaq) ilə birlikdə 9 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun inşa olunmuş və 8 ballıq zəlzələyə davamlı binada yüksək təhlükəsizlik tədbirləri görülüb, yanğından mühafizə və yanğın xəbərverici sistemlər quraşdırılıb, hər birinin 100 ton tutumu olan 2 yeraltı ehtiyat su anbarı tikilib.
Səkkizguşəli ulduz formasında layihələndirilmiş binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderimizin, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlər yaradılıb, AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzey təşkil olunub.
Qeyd edilib ki, ilk xəbəri 1920-ci il martın 2-də işıq üzü görən Agentlik Azərbaycan Xalq Cümhuriyyətində baş verən hadisələri, hökumətin gördüyü işləri cəmi 58 gün işıqlandıra bilib. Sovet dönəmində isə ictimai-siyasi hadisələrdən asılı olaraq, fərqli aqibətlə üzləşib, adı 7 dəfə dəyişikliyə məruz qalıb.
Ulu öndər Heydər Əliyevin respublikada hakimiyyətə ilk gəlişinə qədər, bir növ, arxa planda qalan AZƏRTAC məhz Ümummilli Liderin iradəsi, şəxsi nüfuzu və qayğısı hesabına keçmiş sovet respublikalarının informasiya agentlikləri arasında qabaqcıl yerə çıxıb. Yeni binanın muzey hissəsində nümayiş olunan eksponatlar bunu əyani şəkildə sübut edir. Sovet İttifaqında SİTA-dan və Ukrinformdan sonra tamamilə kompüterləşdirilən informasiya agentliyi AZƏRTAC olub. Texniki təchizata öz dövrünün ən müasir “T-100” teletaypını da əlavə etmək olar. Uzaq məsafələrə rəsmi sənədlərin – qərar, fərman və sərəncamların birbaşa ötürülməsinə imkan verən bu avadanlıqla ən çox təchiz olunan üç agentlikdən biri də AZƏRTAC idi.
Müstəqillik illərində də ulu öndər Heydər Əliyev dövlət siyasətinin informasiya təminatında AZƏRTAC-a xüsusi qayğı ilə yanaşırdı. 1995-ci il martın 3-də Agentliyin yenidən təşkil edilməsi haqqında imzaladığı Fərmanla AZƏRTAC-a dövlət informasiya orqanı statusu verilir, büdcə vəsaiti ayrılır, beynəlxalq informasiya məkanına çıxmaq qarşıya əsas vəzifə kimi qoyulur. Məhz həmin dövrdən AZƏRTAC regional və beynəlxalq media qurumları ilə sıx əlaqələr qurmağa başlayır.
Bu strateji xətt dövlətimizin başçısı İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam etdirilir. Hazırda Azərbaycan AZƏRTAC-ın timsalında Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biridir. İnformasiya məkanında yeni çağırışlara adekvat cavab vermək üçün müasir texnika və avadanlıqlarla təchizat vacibdir. Ən müasir texnoloji avadanlıqların və ofis inventarlarının quraşdırıldığı yeni binada yaradıcı və texniki heyətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada beynəlxalq standartlara uyğun xəbər zalları, multimedia vasitələri ilə təchiz olunmuş studiyalar qurulub, operativ dəyirmi masa, teleizləmə sistemi təşkil edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş 180 yerlik konfrans zalı, 90 yerlik yeməkxana, zəngin ədəbiyyat fondu olan kitabxana, tibb və idman otaqları yaradılıb.
İstirahət və bayram günləri də daxil olmaqla fasiləsiz rejimdə fəaliyyət göstərən AZƏRTAC-ın yeni binasının ayrıca transformator məntəqəsi, fövqəladə hallarda elektrik ehtiyacını ödəyən dizel generator stansiyası vardır. Müasir qazanxana sistemi binanın bütün fəsillərə uyğun mərkəzləşdirilimiş qaydada havalandırılmasını təmin edir. Binanın zirzəmi qatında və həyətində 60 avtomobil üçün dayanacaq yaradılıb, ərazi abadlaşdırılıb və yaşıllaşdırılıb, ətraf küçəyə asfalt döşənib.
Hazırda 7 regional və beynəlxalq media təşkilatının üzvü olan AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası) və digər nüfuzlu milli xəbər yayımçıları var. Agentlik 8 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də beş dildə videoxəbərlər yayır. AZƏRTAC-ın xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir.
Ötən əsrin 20-ci ilindən Azərbaycan tarixinə şahidlik edən AZƏRTAC hazırda XXI əsrin salnaməsini yazmaqdadır. Yeni binada yaradılan hərtərəfli şərait agentliyin bütün yaradıcı və texniki resurslarını ölkənin uğurları, o cümlədən azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumatları bundan sonra da daha geniş coğrafiyada yaymağa səfərbər edəcəyinə əminlik yaradır.
AZƏRTAC-ın yeni binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev dedi: Əməkdaşlara salam deyin.
Aslan Aslanov: Hamısının Sizə salamları var.
***
Azərbaycan Televiziyasının müxbirinin sualını cavablandıran Aslan Aslanov deyib: Bu bina Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tikilib. Cənab Prezidentin xüsusi diqqəti və qayğısı nəticəsində belə gözəl, yaraşıqlı bina ərsəyə gəlib. Bütövlükdə 225 əməkdaşın səmərəli çalışmaq, müasir texniki vasitələrdən, innovativ texnologiyalardan istifadə etmək imkanı var. Bu şərait kollektivimizi daha məhsuldar işləməyə səfərbər edib.
***
09:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.
Teleqraf.com xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verib.