Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı - 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna Azərbaycana təxliyə ediliblər.
Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycan vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya Federasiyası ərazisinə keçiriliblər.
Uşaqların Azərbaycana repatriasiya edilməsi üçün ölkəmizin dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib.
Daha sonra, məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onlar qayıdış şəhadətnamələri rəsmiləşdirilib və Azərbaycana gətirilmələri üçün addımlar atılıb.
Azərbaycan Hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işi davam etdiriləcək.