Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamla Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
Prezident İlham Əliyev Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600 min manat vəsait ayrılıb.