Teleqraf.com-un suallarını hərbi ekspert Azad İsazadə cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Azad bəy, Müdafiə naziri Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlığı Təşkilatı (ŞƏT) üzv-dövlətlərinin müdafiə nazirlərinin sentyabrın 4-də keçirilən görüşündə iştirak etmək üçün Moskva şəhərində səfərdədir. Eyni zamanda Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun rəhbərlik etdiyi nümayəndə heyəti bu günlərdə Azərbaycan paytaxtına işgüzar səfər edib. Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Ruslan Tsalikov hərbi rütbəli şəxs, yaxud zabit kadr deyil. O, ixtisasca iqtisadçıdır və Rusiya Müdafiə nazirinin birinci müavini kimi maddi-texniki, tibbi təminat, informasiya siyasəti məsələlərini kurasiya edir. Bu baxımdan qarşılıqlı səfərlərin Rusiya-Azərbaycan hərbi və hərbi-texniki əməkdaşlığının inkişafında nə kimi rol oynayacağını düşünürsünüz?
– Birincisi, biz bu gün Rusiya-Azərbaycan hərbi əməkdaşlığına istər-istəməz Tovuz hadisələri prizmasından baxmalı və Tovuz hadisələri ilə bağlı Rusiyanın tutduğu mövqedən qiymətləndirməliyik. Ermənistan həmin hadisələr zamanı Rusiyadan gözlədiyi siyasi dəstəyi ala bilmədi. Ancaq hərbi baxımdan ora təyyarələrlə kifayət qədər silah-sursat göndərdi. Bu isə istər-istəməz Azərbaycan tərəfini çox narahat etdi. Azərbaycan dövlətinin başçısı bununla bağlı narazılıq və narahatlığını Rusiya Prezidentinə telefon zəngi zamanı çatdırdı.
Bununla paralel olaraq Azərbaycan Türkiyə ilə onsuz da geniş olan hərbi əməkdaşlığını daha üstün səviyyəyə qaldırmağa başladı. Sözsüz, heç bir Azərbaycan rəsmisi bəyan etməmişdi ki, biz ərazimizdə Türkiyə hərbi bazası açmaq istəyirik. Amma bununla bağlı söhbətlər gedirdi. Bu, istər-istəməz Rusiyanı narahat edir. Rusiya indi çalışır ki, Azərbaycanla hərbi əməkdaşlığı heç olmasa əvvəlki səviyyəyə qaytarsın. Məqsəd də bundan ibarətdir ki, Azərbaycan Rusiya ilə əməkdaşlıq edə-edə Rusiyadan uzaqlaşmasın. Biz 1990-cı illərdə 90-95 faiz Rusiyadan gələn silahdan asılı idik. İndi də Rusiya ölkəmizin silah-sursatla təchizatı baxımından birinci yerdədir. Mən dəqiq rəqəm deyə bilməyəcəm. Amma bu təminat hardasa cəmi 50 faiz təşkil edir. Biz hazırda Türkiyə, İsrail, Hindistan, Çin, Belarus, Avropa ölkələrindən də silah-sursat alırıq. Özü də həmin ölkələrdən heç də pis silah almırıq. Bəzi silahlar hətta Rusiya silahından daha keyfiyyətlidir. Bu baxımdan Rusiya görür ki, siyasi nöqteyi-nəzərlə yanaşı iqtisadi mövqelərini də itirir. Bu gün silah bazarı Rusiya üçün yəqin ki, ən vacib bazarlardan biridir. Neftin qiyməti düşür, Avropanın təbii qaza olan tələbatı azalıb. Təbii qaz satan alternativ ölkələr də çoxalıb. İstər ABŞ, istər Azərbaycan və sair.
Rusiya silah bazarında öz yerini itirmək və hansısa rəqib ölkələrə uduzmaq istəməz. Bu baxımdan çalışır ki, Azərbaycanla münasibətləri əvvəlki səviyyədə saxlasın. Sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Azərbaycan Baltikyanı ölkələr və ya Gürcüstan kimi çoxdan Rusiya silahından imtina da edə bilərdi. Çünki Türkiyə bizi silah-sursatla tam təmin edə bilər. Türkiyə silah-sursatının keyfiyyəti heç də geridə deyil. Amma biz hələlik ruslarla da əməkdaşlıq etməyə məcburuq. Əvvəllər bu əməkdaşlıq qarşılıqlı faydalı ikitərəfli əməkdaşlıq idi. İndi biz hələ də əməkdaşlıq etməliyik. Çünki MDB-nin tərkibindəyik. Hamımız başa düşürük ki, Qarabağ probleminin həllində Rusiyadan həddindən artıq çox şey asılıdır. Biz bu faktoru qəbul edib Rusiya ilə əməkdaşlıq etməliyik. Yoxsa Rusiya tam Ermənistanın tərəfinə keçəcək.
– Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin sentyabrın 1-də elektron versiyasında “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” başlıqlı məqalə yayımlandı. Bilirsiniz ki, həmin məqalədə heç bir etibarlı mənbəyə istinad edilmədən, əsaslı faktlar gətirilmədən Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyə hərbi bazasının olduğunu və Azərbaycana Suriyadan türkmən əsilli 500 muzdlu döyüşçünün gətirildiyi iddia edilir...
– Əvvəla, Naxçıvanda Türkiyə hərbi bazası yerləşsə, biz bunu sirr kimi saxlaya bilməyəcəyik. ABŞ, digər bir sıra Qərb ölkələri, Rusiya da bunu peyk vasitəsilə çoxdan görəcək, biləcəkdi. Aydındır ki, belə bir fikir olsa da hələ real bir şey yoxdur. Hansısa formada türk zabitləri keçirilən təlimlərdən sonra işlərini davam etdirmək üçün qala bilərlər. Amma rəsmi baza formasında hələ heç nə yoxdur və yaxın vaxtlarda gözlənilmir.
Beş yüz nəfər yarıpartizan Suriya türkmənlərindən söhbət gedirsə, aydındır ki, Qarabağda müharibə aparmaq üçün 500 nəfərin artıq, 500 nəfərin əskik olması heç nəyi həll edən deyil. Beş yüz nəfər bir tabor deməkdir. Azərbaycanın insan resursları həddən artıq çoxdur. Bizim insan ehtiyatımız Qarabağda əməliyyat keçirmək üçün kifayət qədərdir. Aydındır ki, onları bura gizli yolla gətirmək olmayacaq. Bunun üstü dərhal açılacaq və sair. Livandan ermənilərin Qarabağa gətirilməsindən biz o dəqiqə xəbər tutmuşuq. Suriyadan türkmən döyüşçülər gətirsəydik, ermənilərin də xəbəri olacaqdı. Amma bunu cəmi bir qəzet yazıb və sonra heç bir yerdə öz təsdiqini tapmayıb.