Vaxtilə Azərbaycanda “Avrasiya” adlı populyar qəzetə rəhbərlik eləmiş hərbi jurnalist İrfan Sapmaz Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- İrfan bəy, Xocalı soyqırımını ilk dəfə dünyaya çatdıran jurnalistlərdənsiniz. Necə düşünürsüz, bu gün sözügedən faciə haqqında dünyaya yetərli qədər məlumat verə bilmişikmi?
- Üzərindən çox uzun illər keçməsinə baxmayaraq, təəssüflər olsun ki, nə Türkiyə, nə də Azərbaycan olaraq yetərli qədər Xocalı qətliamını və ya indi işğal altında olan torpaqlardakı haqlı mübarizəmizi dünyaya çatdıra bilməmişik. Burada həm Türkiyənin, həm də Azərbaycanın kifayət qədər çalışmadığını düşünürəm. Başda Xocalı qətliamı olmaqla, Azərbaycanın bütün işğal olunmuş ərazilərinin geri qaytarılması üçün daha çox mübarizə aparmaq lazımdır.
- Hazırda cəbhədəki gərgin vəziyyəti izləyirsizmi?
- Amerikadan hadisələrin gedişatını izləyirəm. Azərbaycan ordusunun torpaqlarını geri qaytarmaq üçün apardığı mübarizə ilə yaxından maraqlanıram. Bu, Azərbaycan üçün çox böyük tarixi şansdır.
30 ilə yaxındır ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu, tarixi şansı qaçırmamaq, sonuna qədər irəliləmək lazımdır. Prezident İlham Əliyevə, Azərbaycana müxtəlif ölkələrdən təzyiqlər olduğunu görürəm. Rusiya, İran, Fransa kimi ölkələr xüsusilə burada rol oynayır. ABŞ-dan isə hələ bir reaksiya gəlməyib. Bu mənada İlham Əliyev bunların heç birinə qulaq asmadan bu tarixi şansdan istifadə etməlidir.
Torpaqları geri almaq üçün Azərbaycan ordusu özünün qəhrəman əsgərləri ilə adını qızıl hərflərlə tarixə yazdırmalıdır. Çox böyük tarixi şansdır.
- Sizcə, hazırkı şəraitdə informasiya müharibəsi necə aparılmalıdır?
- İnformasiya anlamında Azərbaycanın haqlı mübarizəsini videolarda, xəbərlərdə, başda Türkiyə mənbələrindən olmaqla izləyirəm. Türkiyə daim bu xəbərləri verir. Ancaq Qərb mediasında bununla bağlı xəbərlər görə bilmirik. Qərb televiziya, qəzet və agentliklərinə hazırda cəbhədə gedən müharibə ilə bağlı müxtəlif dillərdə video, xəbər göndərmək lazımdır.
Jurnalistlərlə çox sıx şəkildə işləmək tələb olunur. Xarici mətbuatı dəvət edib, Azərbaycanın bu mübarizədə haqlı olduğunu dünyaya çatdırmaq lgərəkdir. İnformasiya müharibəsi cəbhədəki müharibədən də önəmlidir. Çünki Azərbaycan onsuz da mübarizəsində haqlıdır, işğal olunmuş ərazilərini geri almaq istəyir.
Ermənistan tərəfinin hücumu nəticəsində vətən torpaqlarını qorumaq məqsədilə hərbi əməliyyat başladıldı. Buna görə də informasiya müharibəsinə çox diqqət yetirilməlidir.
Bu tip mübarizələrdə Azərbaycanın da doğru məlumatlar verməsi lazımdır. İnformasiya savaşıdır. Türkiyə Suriyadakı mübarizəsində bunu edirdi, nə qədər itkinin olması barədə gündəlik məlumat çatdırılırdı. Bunları bildirmək lazımdır, bu, müharibədir, insanlar həyatlarını itirə, yaralana bilərlər.
Azərbaycan bu gün doğru məlumatlar verməsə, sabah yayacağı başqa xəbərlər bütün dünyada şübhə oyadar. Bu mənada çox diqqətli olmaq lazımdır. Bu gün sosial şəbəkələrin çox güclü olduğu dövrdə məlumatları gizlədə bilməzsiniz. Məsələn, Ermənistan bu sayı gizlədir. Amma Azərbaycanın kəşfiyyatçı dəstələri müxtəlif yollarla əldə etdikləri məlumatlar əsasında Ermənistanın nə qədər itkisi olduğunu açıqlayır.
- Sizcə, Ermənistan nəyə görə PKK-dan kömək istəyir?
- Ermənistan hazırda çarəsiz vəziyyətdədir. Onun PKK-dan kömək istəməsi yeni bir şey deyil. Mən Azərbaycanda yaşayan zaman, 25-30 ilə yaxın müddətdə də Ermənistanda PKK-lılar var idi. Onlar eyni qabdan su içir, eyni cəbhəyə xidmət edirlər. Onlar böyük ehtimalla PKK əsgərlərinə pul verib, onları döyüşə cəlb ediblər. Bu baxımdan, Azərbaycan üçün də, Türkiyə üçün də bu böyük şansdır. Ən azından PKK terroristlərinin yeri məlumdur. Türkiyə uzun illərdir onlarla mübarizə aparır. Bunun nəticəsində PKK terroristlərini də məhv edə bilərik.
PKK terrorislərinin özlərinə xeyir olsa, künc-bucağa qaçmazlar. Suriyadan qaçırlar, İraqdan qaçırlar, son günlərini yaşayırlar. Bu mübarizə sayəsində Ermənistan və ya Azərbaycanın işğal olunmuş torpaqları olan Dağlıq Qarabağda PKK terroristlərinə də böyük zərbə endirmək lazımdır.
- Fransa prezidenti Emmanuel Makronun canfəşanlığını necə dəyərləndirirsiz?
- Fransanın vəziyyəti məlumdur. Türkiyənin regiondakı gücündən narahatdırlar. Aralıq dənizindəki təbii qaz axtarışlarımızdan, Liviyadakı, Suriyadakı, bölgədəki vəziyyətimizdən son dərəcə narahatdırlar. Makronun işinin özəti budur, amma heç bir önəmi və əhəmiyyəti yoxdur.
Makron bilirsiniz ki, Putinə də zəng edib, təzyiqlər göstərməyə, Qərbi ayağa qaldırmağa çalışır. Amma bunların heç bir faydası yoxdur, Türkiyə Fransanı çox ciddiyə almır.