İyirmi il öncə – 2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Vest şəhərində ilk dəfə olaraq ABŞ-ın dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərinin (Keri Kavano, Jan Jak Qayyard və Vyaçeslav Trubnikov) iştirakı ilə Azərbaycan Prezidenti Heydər Əliyev və Ermənistan Prezidenti Robert Köçəryanın birgə görüşü olub.
Teleqraf.com bildirir ki, Prezident Heydər Əliyevin Birləşmiş Ştatlara işgüzar səfəri ümumilikdə 14 gün (1-14 aprel) davam edib. Bu səfər çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fasiləsiz olaraq 4 gün (3-6 aprel) danışıqlar keçirilib. O cümlədən Prezident Heydər Əliyev, Kolin Pauell və Robert Köçəryanın üçtərəfli görüşü aprelin 3-də baş tutub.
Harri Trumen adına “Kiçik Ağ ev”də aprelin 3-də, səhər saatlarında start götürən görüşdə çıxış edən Prezident Heydər Əliyev bu görüşün ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan prezidentlərinin birgə keçirdikləri ilk görüş olduğu üçün daha əlamətdar olduğunu vurğulayıb.
Münaqişənin tarixi barəsində ətraflı məlumat verən Prezident Heydər Əliyev Azərbaycan torpaqlarının hələ də təcavüz altında olduğunu xatırladaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin həyata keçirilmədiyini söyləyib. Minsk qrupunun münaqişənin tənzimləməsinə dair verdiyi üç təklifin hər birinin Azərbaycanın mənafeyinə zidd olsa da təkliflərdən birinin Azərbaycan, digər ikisinin isə Ermənistan Respublikası tərəfindən qəbul olunmadığını qeyd edib. Azərbaycan tərəfindən qəbul olunmayan “ümumi dövlət” təklifinin beynəlxalq hüququn prinsip və normalarına zidd olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirdiyini bildirib:
“Biz həmsədrlərin “ümumi dövlət” təklifini qəbul etmədik. Heç bir beynəlxalq hüquqi bazası olmayan “ümumi dövlət” məfhumu Dağlıq Qarabağı müstəqil dövlət və ərazi qurumu kimi nəzərdə tutur, ona Azərbaycan ilə bərabərhüquqlu “ümumi dövlət” subyekti verir. Bu təklif beynəlxalq prinsip və normalarına tamamilə ziddir, Azərbaycanı öz ərazisinin bir hissəsindən məhrum edir və faktiki olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirir”.
Prezident Heydər Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək səviyyəli muxtariyyət verilə biləcəyini deyib:
“Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcəli özünüidarə statusu verilə bilər”.
Azərbaycanın hər bir zaman sülh tərəfdarı olduğunu və 1994-cü ilin may ayında əldə edilmiş atəşkəs rejiminə sadiq olduğunu bildirən Prezident Heydər Əliyev, Ermənistan ilə Azərbaycan arasında münaqişənin bütövlükdə Cənubi Qafqazda sabitliyi pozduğunu qeyd edib. Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun daha fəal səy göstərəcəyinə və Ermənistanın daha konstruktiv mövqe tutacağına ümid etdiyini vurğulayıb:
“Biz hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq danışıqlar prosesinə daha səmərəli təsir göstərməli, münaqişənin tezliklə tənzimlənməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasına səy göstərməli idilər.
Təəssüf ki, həmsədrlər əsasən vasitəçilik fəaliyyəti ilə məşğul olaraq, danışıqlar prosesinə beynəlxalq hüquq normalarına müvafiq surətdə lazımi təsir göstərməmişlər. Rusiyanın, ABŞ-ın, Fransanın simasında ATƏT-in Minsk qrupunun rəhbərlərinə bəslədiyimiz ümidlər hələlik gözlənilən nəticələri vermir.
Təəssüf ki, bizim görüşlərimizdən arxayınlaşaraq ATƏT-in Minsk qrupunun həmsədrləri passiv gözləmə mövqeyi tutmuşlar və onlar öz fəaliyyətini “Prezidenlər nə barədə razılığa gəlsələr, bu, ATƏT üçün məqbul olacaqdır” prinsipi ilə məhdudlaşdırmışlar. Biz isə hesab edirik ki, prezidentlərin görüşü ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini əvəz etmir. Əksinə, bunlar bir-birini qarşılıqlı surətdə tamalayaraq, münaqişənin qəti həlli üçün danışıqlar prosesinin irəliləyişini təmin etməlidir”.
Prezident Heydər Əliyev daha sonra R.Köçəryanın danışıqlar prosesində oynadığı mənfi rolla bağlı sərt tənqidlərini birbaşa onun üzünə deyib:
“1999-cu ilin aprelindən Vaşinqtonda ABŞ hökumətinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan Prezidentləri arasında birbaşa görüşlər başlanıbdır. Ötən dövr ərzində biz prezident Köçəryan ilə Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, habelə respublikalarımızın sərhədində çoxsaylı görüşlər keçirmişik.
Ermənistan prezidenti ilə dialoqumuz zamanı biz əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə məqbul kompromislərin axtarışı ilə məşğul olmuşuq. Qeyd etmək istəyirəm ki, 1999-cu ilin axırlarında biz kompromis əldə etməyə yaxın idik. Lakin tezliklə Ermənistan əldə olunmuş razılaşmalardan geri çəkildi.
Çətin danışıqlar gedişində Ermənistan tərəfi həmişə qeyri-konstryktiv mövqe tutmuşdur və bu gün də bu mövqedə qalır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə və danışıqlarda bu üstünlükdən istifadə etdiyinə görə, biz Ermənistanla razılığa gələ bilmirik. Ermənistan hər vəchlə Azərbaycanın ərazisinin bir hissəsini qoparmağa, özünə birləşdirməyə və ya Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır”.
Prezident Heydər Əliyev qeyd edib ki, bu gün danışıqlar prosesində yaranmış vəziyyət beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır:
"Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Beynəlxalq hüququn ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi fundamental norma və prinsipləri şübhə altına alınır və bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalaşmış dayaqları sarsıdılır. Hərbi təcavüzün tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik və təhlükəsizlik isə möhkəm və əbədi ola bilməz.
Mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində yaranmış vəziyyətin tarixini şərh edərək bəyan edirəm ki, Azərbaycan sülhə, 1994-cü ilin mayında əldə olunmuş atəşkəs rejiminə əməl edilməsinə sadiqdir. Biz bundan sonra da münaqişənin sülh yolu ilə tam tənzimlənməsinə nail olmaq üçün səylər göstərəcəyik.
Bununla yanaşı, güman edirəm ki, dediklərim bizim nə qədər çətin vəziyyətdə olduğumuzu təsəvvür etməyə sizə imkan verir. Buna görə də mən ATƏT-in Minsk qrupunun həmsədrlərinə - Rusiyaya, ABŞ-a, Fransaya müraciət edərək, onları silahlı münaqişənin aradan qaldırılması, möhkəm sülh yaradılması üçün öz səylərini fəallaşdırmağa çağırıram.
Biz bu görüşə böyük ümidlərlə gəlmişik və ATƏT-in Minsk qrupu həmsədrlərinin – Rusiyanın, ABŞ-ın, Fransanın fəal səylər göstərəcəyini, habelə Ermənistan Respublikasının konstruktiv mövqe tutacağını gözləyirik".
Prezident Heydər Əliyevin görüşün əvvəlində Ermənistanı və vasitəçiləri sərt tənqid etməsi, rəsmi İrəvanı təcavüzkar, Dağlıq Qarabağdakı separatçılığın təşkilatçısı adlandırması, vasitəçiləri isə passiv olmaqda və gözləmə mövqeyi tutmaqda günahlandırması iştirakçılarda "soyuq duş" effekti doğurur. Ermənistan prezidenti Robert Köçəryan bunu gözləmədiyi üçün deməyə sadəcə olaraq söz tapa bilmir. O, Prezident Heydər Əliyevin haqlı tənqidləri qarşısında yalnız bunları deyə bilir:
"Mən vasitəçilik missiyasına göstərdikləri diqqətə görə və uzun sürən münaqişənin aradan qaldırılması yollarını bir daha müzakirə etmək imkanına görə, ilk növbədə Minsk qrupunun həmsədrlərinə təşəkkürümü bildirmək istəyirəm.
Şübhəsiz, Amerika tərəfinə təşəkkür edirəm ki, danışıqların növbəti mərhələsini Birləşmiş Ştatlarda keçirmək üçün imkan yaratmışlar.
Hesab edirəm, bu salona toplaşmış insanlar, - təbii ki, müəyyən dərəcədə mətbuat nümayəndələri istisna olmaqla, - münaqişənin tarixini və onun bugünkü vəziyyətini yaxşı, müfəssəl bilirlər. Buna görə də mən tarixə ekskurs etməyəcək, hər hansı qiymət verməyə çalışmayacağam. Mən Ermənistandan neçə min kilometr yol qət edib Floridaya təbliğat xarakterli bəyanatlar vermək və ya həmsədrlərə vasitəçilik missiyasını necə aparmağı öyrətmək üçün gəlməmişəm. Buraya məsələnin həlli üzərində konstruktiv şəkildə işləmək üçün gəlmişəm və bununla da çıxışımı bitirirəm Sağ olun".
Beləliklə, bir çoxlarının sülh razılaşması üçün ən real fürsət olduğunu düşündüyü, danışıqlar prosesində yeni mərhələ kimi səciyyələndirdiyi Ki-Vest danışıqları məhz Ermənistan rəhbərliyinin növbəti dəfə qeyri-konstruktiv mövqe sərgiləməsi üzündən nəticəsiz qaldı. Düzdür, bu görüşdən sonra ümumən proses tezləşdi. Lakin münaqişə 2020-ci ilədək həll olunmamış qaldı. Belə ki, işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoyulmaması və destruktiv mövqe tutan Ermənistana sonrakı dövrdə təzyiq göstərilməməsi 44 günlük Vətən müharibəsinə gətirib çıxardı və Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etdi.