12 Fevral 2022 09:27
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sülhməramlıları orada sülhməramlı mandatı olmadan fəaliyyət göstərirlər. Onlar nə qədər çalışsalar da, BMT-dən bu mandatı ala bilmədilər. Eyni zamanda, Azərbaycan da onların bu arzusunu ifadə etmədi, bununla bağlı sənədlərə imza atmadı. Bu gün faktiki olaraq, Rusiya sülhməramlıların oradakı fəaliyyəti tamamilə havadan asılı vəziyyətdədir. Biz bunu Rusiya ordusunun bir hissəsinin bu ərazilərə yerləşdirilməsi kimi təqdim edə bilərik”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Separatçıların başçısı Araik Arutyunyan Moskvaya “işgüzar səfər”ə gedib. O, 44 günlük Qarabağ savaşından sonra bir neçə dəfə Rusiyanın paytaxtında olub. Bu separat səfərlərdə məqsəd nə ola bilər, sizcə, Araiki Moskvaya kim çağırır?

- Bununla bağlı bizim Rusiyadakı səfirliyimizin açıqlaması oldu ki, guya Moskvaya öz şəxsi işi əlaqədar gəlib, burada yalnız öz həmyerliləri ilə görüşüb. Əlbəttə, mən səfirliyimizin açıqlamasını tam və əhatəli məlumat kimi qəbul etməkdə çətinlik çəkirəm. Deməliyəm ki, Araikin tez-tez baş tutan Moskva səfərlərində təkcə maliyyə, yaxud digər problemlər yox, həm də siyasi xarakterli məsələlər var. Əlavə edim ki, Araik Arutyunyan, eləcə də sonradan Ermənistan prezidentləri olmuş Robert Köçəryan və Serj Sərkisyan Rusiya Müdafiə Nazirliyinin nəzdindəki əks kəşfiyyat idarəsinin işçiləridir. Yəni onları Moskva və onun strukturları ilə agent kimi ciddi əlaqələri bağlayır. Araikin Moskva ilə sıxlaşan əlaqələri və bu fonda sülhməramlıların bölgədəki tikinti-quruculuq işləri aparmaları, məktəblərdə erməni uşaqlarına dərs keçmələri, mülki-müdafiə dərslərini tamamilə öz üzərinə götürmələri, “slavyan icması” təsis etmələri, orada “xilaskar rus əsgərinə sığınmış erməni qızı” abidəsinin ucaldılması və son zamanlarda Ermənistanda “Qarabağ Rusiyaya birləşdirilsin” şüarının dövriyyəyə buraxılması, sözsüz ki, Rusiyanın Qarabağda sülhməramlı missiya yerinə yetirmədiyini, daha çox pozucu və anti-Azərbaycan siyasəti həyata keçirdiyini göstərir.

Bəli, Araik Arutyunyan Rusiyaya hər səfərində həm də dilənir. Moskvada xeyriyyə tədbirləri təşkil edir, Rusiyadakı varlı ermənilərdən xeyli miqdarda vəsait toplayır. Yəni bu da onun bu səfərlərinin məqamlarından biridir. Ümumiyyətlə, son vaxtlar erməni diasporu Nikol Paşinyanın hakimiyyətinə qarşı tam müxalif mövqeyinə keçib. Ermənilərin ən böyük diasporlarından biri də Rusiyadadır, sayları iki milyona yaxındır. Bu diaspor hələ də Qarabağla bağlı fəaliyyətini davam etdirir, həm millətçilik azarını yayır, yeri gələndə də Ermənistan və Qarabağdakı ermənilər üçün xeyriyyə tədbirləri keçirib maliyyə vəsaitləri yığırlar.

Hesab edirəm ki, Araikin Moskva səfərinə elə-belə baxmaq olmaz. Rusiyanın müəyyən millətçi dairələrinin də marağında olduğu bu səfər Azərbaycana qarşı müxtəlif təxribat planlarını özündə ehtiva edir. Əgər Rusiya Müdafiə Nazirliyi yenə də öz rəsmi saytında “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlədirsə, yenə də Rusiyanın iri media qurumlarının rəhbərləri bu ifadəni dilə gətirməklə yanaşı, Qarabağla bağlı təhrif edilmiş, barmaqdan sorulmuş informasiyaları yaymaqda davam edirlərsə, demək, hələ də Rusiyadakı müəyyən dairələr bölgəyə sülhün gəlməsini istəmirlər və özlərinin pozucu əməllərini davam etdirirlər.

- Cəmiyyətdə Qarabağdakı Rusiya sülhməramlıların fəaliyyətindən narazılıq var. Üstəgəl, orada “rus icması”nın qurulmasından, ermənilərə Rusiya pasportlarının paylanılmasından, yəni “Donbas ssenarisi”nin tətbiqindən danışılır. Bəs bunda məqsəd nə ola bilər, bu məkrli niyyət baş tuta bilərmi?

- Hələ ki, Rusiya pasportlarının paylanılması prosesi getmir. Bir də ki, bu reallaşdırılsa, Rusiya və Azərbaycan arasında ciddi qarşıdurmalara gətirib çıxaracaq. Zənn edirəm ki, bu durumda Azərbaycan tərəfi konkret hədəflər uğrunda hərəkətə keçəcək. Biz əbəs yerə Şuşada və Xankəndi ətrafında dağ komandoları yaratmırıq. Artıq belə iki bölük yaradılıb və yeniləri də yaradılmaqda davam edir. Bura əlavə edə bilərik ki, Azərbaycanın çevik əməliyyat qrupları və xüsusi təyinatlı qüvvələr də bu bölgədə yerləşdirilir.

Azərbaycan heç bir illüziyaya qapılmır. Azərbaycan həmin ərazilərdə baş verənlərlə bağlı dəqiq informasiyalar əldə edə bilir və bunlar əsasında da hərəkət edir. Əminəm ki, bölgədə Abxaziya, Cənubi Osetiya variantlarının həyata keçirilməsi yönündə addımla atılsa, bu, Azərbaycan və Türkiyəni, hətta Pakistanı da öz qarşısına almaq demək olacaq. Bundan sonra Azərbaycan ordusunun həmin ərazilərdə anti-terror əməliyyatları keçirməsi an məsələsi olacaq. Amma durumun bu yerə gəlib çıxmasını istəməzdim, sülhyaratma prosesinin uğurla davam etdirilməsini arzulayıram. Bununla belə, situasiya bizi məcbur edəcəksə, lazım olan addımları atıb, qalan işi də uğurla başa çatdıracağıq.

Ermənistan tərəfi, xüsusən də oradakı separatçılar odla oynayırlar. Rusiya sülhməramlıları da həddindən artıq riskli davranışlar sərgiləyirlər. Belə davam etsə, günlərin bir günü bu pozucu fəaliyyətlərin qarşısını almaq üçün Azərbaycanın hərəkətə keçəcəyini, anti-terror əməliyyatlarına başlayacağını istisna etmək olmaz.

- Ümumiyyətlə, nə düşünürsünüz: Rusiya sülhməramlıları təyin edilmiş vaxtda çıxıb gedəcəklərmi?

- Əvvəla, Rusiya sülhməramlıları orada sülhməramlı mandatı olmadan fəaliyyət göstərirlər. Onlar nə qədər çalışsalar da, BMT-dən bu mandatı ala bilmədilər. Eyni zamanda, Azərbaycan da onların bu arzusunu ifadə etmədi, bununla bağlı sənədlərə imza atmadı. Bu gün faktiki olaraq, Rusiya sülhməramlıların oradakı fəaliyyəti tamamilə havadan asılı vəziyyətdədir. Biz bunu Rusiya ordusunun bir hissəsinin bu ərazilərə yerləşdirilməsi kimi təqdim edə bilərik.

Bəlkə də biz beş il dözə bilərik, amma biz Rusiya sülhməramlılarının bölgədən daha tez çıxarılmasının tərəfdarıyıq, bu istiqamətdə də fəaliyyətimiz davam edir. İndi orada olan qüvvələr qeyri-qanuni statusa malikdirlər. Azərbaycan istənilən vaxt onları geri çağırılması məsələsini gündəmə gətirə bilər. Məncə, Rusiya tərəfi bu məqamı nəzərə alsa, daha yaxşı olardı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər