15 Noyabr 2017 09:38
3 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

…məsələn, F.Gülənin həmyerlisi və haqqında kifayət qədər məlumatlı olan AKP-nin Ərzurumdan olan millət vəkili Orxan Dəligöz onun anasının etnik yəhudi, atasının isə İrandan köç etmiş erməni ailəsinin övladı olduğunu açıqlamışdır. Yeri gəlmişkən, Ermənistanın “Novosti Armenii” – “News.Am” internet qəzeti də bu barədə təsdiqləyici material yaymışdır. Türkiyənin “Yeni Şəfəq” qəzeti isə 2015-ci ilin aprel ayının 10-da Fətullah Gülənin 1965-ci ildə İstanbul ermənisi Qalustyana göndərdiyi məktubun mətnini dərc etmişdir. Məktubda bildirilir: “1915-ci ildə ermənilərə edilən böyük soyqırımı nifrətlə yad etməkdən yan keçə bilmədim. Öldürülən, qətl edilən insanların nə qədər böyük insan olduqlarını dərin bir hissiyyatla oxuyur, onları ehtiramla yad edirəm. Böyük peyğəmbərinizin – İsa əleyhissalamın övladlarının müsəlman olan cahil insanlar tərəfindən qətl edilməsini qınayıram”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər. – red) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:

(Әvvәli burada)

Digər türkiyəli araşdırmaçı professor Salim Göhcə isə gizli ermənilərlə əlaqəli başqa bir mövzunu gündəmdə saxlamaqdadır. Türkiyədə minlərlə ərəbləşmiş erməninin də olduğunu sübuta yetirən alim kürdlərin içərisinə qatılan ermənilər barədə bunları bildirir: “Kriptoermənilərlə bağlı illər boyu apardığımız araşdırmalarda amerikalı mütəxəssislərin qeydlərindən də istifadə edilmişdir… Tuncelidə 50 min nəfər erməni ələvilərin içərisinə daxil olmuşdu. Bu gün “kürd-ələvi” dediklərimiz də bunlardır… Bu fikirlərimi 1841-1863-cü illərdə Amerika missionerlərinin araşdırmaları da təsdiqləyir”. Başqa bir sitat: Türkiyə Silahlı Qüvvələri Jandarm baş komandanı general Əşrəf Bitlis (1993-cü ildə müəmmalı təyyarə qəzasında həlak olmuşdur) xaricdən maliyyələşən terrorçu qruplaşmaların himayədarları və onların məqsədləri barədə kəşfiyyat xarakterli məlumatlara istinadən demişdir: “PKK üzvlərinin 70%-i İranda hərbi təlim keçmiş ermənilərdən ibarətdir. Onların həqiqi vəzifəsi Türkiyənin inkişafına mane olmaqdır. Maliyyə qaynaqları isə Böyük Britaniya və Almaniyadır”.

İran parlamentinin deputatı, Türkiyədəki müsəlman ermənilərdən və “Qərbi Ermənistan”dan bəhs edən “Ermənilərin qayıdışı” kitabının müəllifi Karen Xanlaryan (Xanlari) da PKK-nın liderləri arasında erməni əsilli olanlar haqqında məlumatlıdır. O, “Qərbi Ermənistanda erməni etnodini elementi” adlı məqaləsində yazır: “Öcalanın erməni əsilli olması haqqında ilk məlumatı hələ 1990-cı ildə Türkiyənin Daxili İşlər Nazirliyi yaymışdı. Bu informasiya BMT-yə ünvanlanan hesabatlara da daxil olunmuşdu. PKK-nın maliyyə əməliyyatlarını həyata keçirmiş Behçet Cantürkün sözlərinə görə, 1950-ci ildə Diyarbəkirdə doğulmuş Abdulla Öcalanın atası kürd, anası isə müsəlman ermənidir. “Türkiyə” qəzeti isə 2002-ci ildə işıq üzü görən saylarının birində PKK-nın idarə heyətinin üzvü Nuriye Kesbirin, mərkəzi komitə üzvlərindən Bekir Pakrçianın və Musa Haçevinin erməni əsilli olduğunu bildirir”.

Qeyd edildiyi kimi, müsəlman ermənilər kontekstində PKK-ASALA əlaqələri Türkiyənin hüquq-mühafizə və xüsusi xidmət orqanlarının da diqqət mərkəzində olmuşdur. Hələ 2002-ci ildə “Milliyyət” qəzeti rəsmi mənbələrə istinadən, “güc strukturlarının kompüterlərində PKK sıralarında vuruşan 800 erməni haqqında informasiyanın olması” haqqında məlumat yaymışdır. Bitlis tank divizyası əldə etdiyi kəşfiyyat məlumatına görə isə hər yeddi PKK üzvündən biri etnik ermənidir. PKK-nın ələ keçirilmiş elektron-məlumat bazasında bu barədə xeyli fakt müəyyən edilmişdir. Məsələn, Saylakaya erməni kəndindən olan müsəlman (erməni) Hüseyn Sarıçiçək 1988-ci ildə türk ordusuna müqavimət göstərərkən öldürülmüşdür.

Tanınmış tədqiqatçı Salim Göhcə də Türkiyənin “Kayseri Hakimiyyet” qəzetinə verdiyi müsahibədə xaricdən idarə olunan “gizli ermənilər” məsələsinin siyasi müstəviyə çıxarılmasını və dövlətin milli təhlükəsizlik maraqlarına təhdid xarakteri almasını xüsusi olaraq qeyd etmişdir. Həmin müsahibədə maraq kəsb edən bəzi məqamları diqqətinizə çatdırırıq:

- “Gizli ermənilər” dedikdə kimləri nəzərdə tutursunuz?

- “Gizli xristianları”. Onlar zahirən müsəlman kimi görünən, amma gerçəkdə qriqorian xristian olanlardır. Lakin ermənilər arasında həqiqi müsəlman olanlar, bu həyat tərzini sürən insanlar da var. Kriptomüsəlmanlar indiyədək təhdid kimi dəyərləndirilmədikləri üçün dövlət bu məsələyə müdaxilə etməmişdir.

- Elə isə “gizli ermənilər”in fəaliyyətində hansısa bir təhlükə varmı?

- Təəssüf ki var. Xüsusilə son illərdə erməni qrupları onlarla bağlı fəaliyyətlərini genişləndirmişlər. Etnik kimliyə qayıdış təbliğatı aparır, maddi yardım göstərirlər... Sabah onların Türkiyənin qarşısına torpaq, təzminat tələbləri ilə çıxarılacaqlarına inanıram… ASALA-nı maliyyələşdirən Gülbenkyan Fondunun 1980-ci ildə keçirilmiş iclasında Türkiyənin regionda nüfuzunun zəiflədilməsi məqsədilə PKK-ya yardım göstərilməsi qərara alınmışdır… PKK-nın içərisində erməni kökənli terrorçuların varlığı və bir çoxunun isə öldürülməsi haqqında da məlumat vardır”.

Türkiyə dövlətinin separatçı-terrorçu PKK təşkilatına qarşı mübarizəsi, zənn edildiyi kimi, “lokal münaqişə” və ya “Türkiyənin daxili işi” deyildir. Əslində, bu hərbi qarşıdurma Türkiyə Respublikasının hüdudlarını çoxdan aşaraq Yaxın və Orta Şərq, Avropa və Cənubi Qafqaz dövlətlərini əhatə etməkdədir. Bu gün PKK-nın fəailiyyəti, xüsusilə Ermənistanla hərbi-siyasi əlaqələri Azərbaycan Respublikasının milli maraqlarına ciddi təhdidlər yaratmaqdadır. Kütləvi informasiya vasitələrində müxtəlif mənbələrə istinadən təşkilatın öz dayaq bazalarını, təlim düşərgələrini İraqın Qəndil dağından Dağlıq Qarabağa – Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməsi, Azərbaycana qarşı hərbi əməliyyatlarda Ermənistan silahlı qüvvələri ilə PKK üzvlərinin çiyin-çiyinə döyüşməsi, mərkəz Laçın şəhəri olmaqla “kürd muxtariyyətinin” yaradılması planları haqqında məlumat müntəzəm şəkildə yayılmaqdadır. Türkiyə mətbuatı kəşfiyyat mənbələrinə istinadən yazır ki, PKK hələ 2007-ci ildə İraqdakı 10 düşərgəsini Qarabağda yerləşdirmək barədə qərar qəbul etmiş, bu məqsədlə təşkilatın xüsusi nümayəndələri işğal altında olan Azərbaycan bölgələrində olmuş, yeni bazalar üçün 12 boşaldılmış kəndin ərazilərini bəyənmişlər. Qondarma “Dağlıq Qarabağ Respublikası” rəhbərliyi ilə ilkin razılaşmaya əsasən həmin bazalar üçün Şuşa, Füzuli və Laçın bölgələrinin ərazisi nəzərdə tutulmuşdur.

Azərbaycan qardaş Türkiyənin həmin terrorçu qruplaşmaya qarşı mübarizəsinin bilavasitə iştirakçısı olmasa da, daima PKK-nın hədəfindədir və onun rəsmi Bakıya ünvanladığı bütün hədə və şantaj cəhdləri Ermənistanın və regiona dair siyasi-iqtisadi planları olan himayədar dövlətlərin maraqları ilə “möcüzəli şəkildə” üst-üstə düşməkdədir. Məsələn, vaxtilə bu terrorçu qruplaşma Azərbaycan, Türkiyə və Gürcüstan üçün mühüm strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisinə diversiya əməliyyatları ilə mane olmağa çalışmışdır. Hətta PKK-nın hərbi qanadı olan YPG-nin lideri Murad Qarayılan bildirmişdir ki, “Kürdüstan (Şərqi Anadolu) ərazilərini keçən boru xətti Türkiyə ordusunun təcavüzkar əməlləri üçün iqtisadi resurs xarakteri daşıyacaqdır. Bu səbəbdən ona qarşı partizan əməliyyatlarının keçiriləcəyi istisna deyildir”. Onu da vurğulayaq ki, M.Qarayılan 2015-ci ilin oktyabr ayının 28-də Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin barəsində axtarış elan edilən terrorçular siyahısının “qırmızı kateqoriyasına” daxil edilmişdir.

ASALA və PKK arasında mənafe birliyi əslində Ermənistan Respublikasının kürd separatizmi ilə əməkdaşlığının təzahürüdür və “müsəlman ermənilər”, “kürdləşmiş ermənilər” məsələləri, “Kimliyə dönüş”, “Qarabağa qayıdış” proqramları gündəmə gətirildikdən sonra həmin əlaqələr daha açıq və intensiv xarakter almağa başlamışdır. Məsələn, ötən əsrin 90-cı illərindən etibarən PKK üzvlərinin Ermənistan silahlı birləşmələrinin tərkibində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməsi, erməni “könüllülərin” Türkiyə ərazisində terror-təxribat aktlarını həyata keçirmələri, İrəvan yaxınlığında PKK-nın hərbi hospitalının, qondarma “Dağlıq Qarabağ Respublikası”nda terrorçuların təlim-məşq düşərgələrinin fəaliyyətə başlaması haqqında kifayət qədər təkzibedilməz sübutlar toplanmışdır. Eyni zamanda, erməni işğalı altında olan nəzarətsiz bölgələr hər iki rejimin silah və narkotik maddələr qaçaqmalçılığı üçün tranzit ərazilərə çevrilmişdir. Rəsmi İrəvanın ilkin planına əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində “müsəlman kürd muxtariyyəti”nin yaradılmasına dair vədlər yüzlərlə peşəkar PKK terrorçusunu “Dağlıq Qarabağ Respublikası”na cəlb etməli, Ermənistan silahlı qüvvələrinin tərkibində döyüşməyə həvəsləndirməli idi.

Türkiyə kütləvi informasiya vasitələrinin 2016-cı ildə yaydığı məlumata əsasən, PKK-nın Qəndil və Qamışlıdakı düşərgələrinin döyüşçüləri, o cümlədən 400 nəfərlik “Ağrı qartalları” adlanan qrupu erməni əsilli terrorçular – Lübnan Qaradağ, Hemaran Kervaçyan və Servet Bagopşinin başçılığı ilə Ermənistana daxil olmuş və oradan da Qarabağa gətirilmişdir. Etnik xristian və müsəlman ermənilərdən, kürdlərdən və “kürdləşmiş ermənilərdən” ibarət olması ehtimal edilən dəstə bir müddət Ermənistanın Vardenis bölgəsindəki qapalı düşərgədə hazırlıq təlimləri keçmiş və sonra Azərbaycanın erməni işğalı altında olan Ağdam, Cəbrayıl və Füzuli rayonlarında yerləşdirilmişdir. Məlumata əsasən, bu planın təşəbbüskarlarından biri isə Kürdüstan Cəmiyyətləri Assosiasiyası (KCK – Koma Civaken Kurdistan) idarə heyətinin üzvü Bese Hozat idi.62 Türkiyənin digər mənbələri isə həmin qrupun tərkibində 120 nəfər suriyalı müsəlman erməninin də olduğunu bildirirlər. Bundan başqa, Türkiyə mediası sosial şəbəkədə PKK/HPG döyüşçülərinin Qarabağa gətirilməsinə dair videosüjetlər də yaymaqdadır.

2015-ci ilin dekabr ayının 19-da Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun Qarabağın işğal altında olan ərazilərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə növbəti hücumu uğursuzluqla nəticələnmiş, düşmən itki verərək geri çəkilməyə məcbur olmuşdur. Öldürülən “ermənilər” arasında əslən kürd olduğu bildirilən Ermənistan vətəndaşı, PKK-nın üzvü Fidar Aloyan da vardı. “Türkiyə” qəzetinin yazdığına görə, onun cənazəsi Ermənistanın və PKK-nın bayraqlarına sarınaraq dəfn edilmişdir. Həmin dövrlərdə Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan yaxın ətrafı ilə terrorçunun matəm mərasimində iştirak etmiş, ailəsinə başsağlığı vermiş, onun “erməni və kürd xalqlarının azadlığı uğrunda mübarizədə” böyük xidmətlərindən ağız dolusu danışmışdır.

Digər bir fakt: Kanadadakı erməni icmasının rəhbərlərindən olan, qondarma “Qərbi Ermənistan” və “Dağlıq Qarabağ Respublikası”nda konsertlər təşkil edən pianoçu-missioner Raffi Bedrosyan ABŞ-da çıxan “Armenian Weekly” qəzetində dərc etdirdiyi “Türkiyədə islamlaşdırılmış və ya gizli ermənilərin acınacaqlı vəziyyəti” (The Plight of Hidden or Islamized Armenians in Turkey) adlı məqaləsində maraqlı bir məqama toxunmuşdur. O, “erməni kimliyinə qaytarılmaq” məqsədilə Ermənistana gətirilmiş kriptoermənilərin təfəkküründə “vətənpərvərlik hissinin” tədricən oyanışına toxunaraq bunları yazır: “Yerevanda diyarbəkirli bir gənc bizə dedi: “Ermənistana gəlməmişdən əvvəl mən kürd idim və illər uzunu kürdlərin hüquqlarının qorunması üçün mübarizə aparırdım. Atam ölüm ayağında erməni olduğumuzu dedi. İndi Ermənistandan Diyarbəkirə erməni kimi qayıdıram. Sonra isə Artsaxa (Qarabağa) getmək, orada erməni kimi döyüşmək istəyirəm”.

Türkiyənin bütün aparıcı siyasi partiyalarına “kriptoermənilərin” sızdırılmasına dair materiallar, o cümlədən son dövrlərdə Fətullah Gülənin də “dönmə erməni” olması, onun rəhbərlik etdiyi dini-siyasi hərəkatın da “kriptoerməni məsələsinə” ciddi yardım göstərməsi barədə ifşaedici məlumatlar vaxtaşırı ictimaiyyətin diqqətinə çatdırılmaqdadır. Məsələn, F.Gülənin həmyerlisi və haqqında kifayət qədər məlumatlı olan AKP-nin Ərzurumdan olan millət vəkili Orxan Deligöz onun anasının etnik yəhudi, atasının isə İrandan köç etmiş erməni ailəsinin övladı olduğunu açıqlamışdır. Yeri gəlmişkən, Ermənistanın “Novosti Armenii” – “News.Am” internet qəzeti də bu barədə təsdiqləyici material yaymışdır. Türkiyənin “Yeni Şəfəq” qəzeti isə 2015-ci ilin aprel ayının 10-da Fətullah Gülənin 1965-ci ildə İstanbul ermənisi Qalustyana göndərdiyi məktubun mətnini dərc etmişdir. Məktubda bildirilir: “1915-ci ildə ermənilərə edilən böyük soyqırımını nifrətlə yad etməkdən yan keçə bilmədim. Öldürülən, qətl edilən insanların nə qədər böyük insan olduqlarını dərin bir hissiyyatla oxuyur, onları ehtiramla yad edirəm. Böyük peyğəmbərinizin – İsa əleyhissalamın övladlarının müsəlman olan cahil insanlar tərəfindən qətl edilməsini qınayıram”.

Ən nəhayət, türkiyəli jurnalist, “Yeni Akit” qəzetinin köşə yazarı Əbdurrəhman Dilipak “Yenə erməni məsələsi” başlıqlı məqaləsində kriptoermənilərin etnik kimliklərinə qayıdışı bəhanəsi altında gizlənən təhdidlər haqqında emosional, lakin sadə dillə bunları bildirir: “Almaniyada özünə “türk” deyən və ermənilərin “soyqırımı” iddiasına “evet” deyən ermənilərdən, “Çırpınırdı Qara dəniz” türküsünün də guya bir erməniyə aid olduğunu söyləyənlərdən xəbəriniz varmı? İddialara görə, aramızda türkləşmiş və müsəlman olmuş çox sayda müsəlman erməni var. İndi tək-tək də olsa, ortaya çıxır, dərnəklərini qurur, internet səhifələrini yaradırlar. Belələrinə yardım edənlər isə bizdən deyildir. Onlar kimi ingilislər, fransızlar, kimi də amerikalılarla iş birliyinə girən, Çanaqqala savaşında Almaniyaya yardım edən içimizdəki xainlərdir… Bu məsələ burada bitməyəcək. Diqqətli olaq. Cəhənnəmin yolları bəzən xoşniyyətli daşlarla döşənir”.

Xatırladaq ki, hələ 1773-cü ildə Hindistanın Mədrəs şəhərində qəbul edilmiş “ilk Ermənistan Konstitusiyasının” 7-ci maddəsində dinindən və məzhəbindən dönən ermənilər haqqında ultimativ şəkildə yazılırdı: “Müqəddəs Erməni kilsəsində vəftiz edilən (xaç suyuna salınan) və qeydiyyata düşən, lakin sonralar xristian dinindən imtina edən hər bir erməni ölümə layiqdir”. Həmin sənəddən təqribən üç yüz il vaxt keçsə də, qriqorian kilsəsinin “dönmələrə” münasibəti o qədər də dəyişməmişdir. Kilsənin bu gün də erməni cəmiyyətinə təlqin etdiyi əsas prinsipə görə, erməni etnik identikliyini müəyyən edən yeganə amil onların xristian dini identikliyidir. Təsadüfi deyildir ki, Ermənistan Respublikası Konstitusiyasında dinin dövlətdən ayrı olması barədə müddəa öz əksini tapsa da, sənəddə açıq şəkildə deyilir: “Ermənistan Respublikası Müqəddəs Erməni Həvari kilsəsinin erməni xalqının mənəvi həyatında milli kilsə olduğunu və milli mədəniyyətin inkişafında, milli özünəməxsusluğun qorunmasında müstəsna missiyaya malik olduğunu etiraf edir” (maddə 8;1).

(Ardı var)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər