22 May 2017 13:59
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk tamaşalarına gedəcəkdim. Elə oldu ki, mayın 2-sinə doğum günümə və eyni zamanda iş günümə təsadüf etdi gedə bilmədim. Buna çox heyifsilənirdim. Çünki hər zaman sosial şəbəkələrdə izlədiyim yazı tərzinə, düşüncələrinə, kiçik gözləri ilə böyük dünyaya iri baxışlarla baxmaq cəhdinə heyrətləndiyim bir dostumun aktyor yanını da görmək nəsib olmamışdı.

Yaxın günlərdə elə yenə bu başı batmamış sosial şəbəkədə bir elanla qarşılaşdım ki, "20 may "Aktyorlar evi"ndə Əsasın təqdim etdiyi "Yuxu" tamaşası yenidən səhnəyə qoyulacaq".

Hə, bu, əla xəbər idi, amma yenə də iş gününə düşürdü. Onu da deyim ki, yuxarıda bəhs etdiyim dostumla yanaşı İpolita rolunun ifaçısı Aygün xanım da məni ora çəkən ikinci maraq idi. Paylaşılan fotolardan gördüyüm, simasında möhtəşəm bir saflıq olan bu xanımı da görməyi çox istəyirdim.

18 may bilet axtarışları uğurla nəticələnir, hətta o qədər bəhs etmişdim ki, iş yoldaşlarım da mənimlə bərabər bilet almışdılar. Qalırdı bircə işdən icazə almaq. Düşünəndə ki, tamaşa axşam saatlarında bitir və mənim də yolum Sumqayıtadı, demək, evdən də icazə almaq lazımdır.

Nəysə ki, işdə halımın pisləşib bir-neçə saat tez çıxmaq lazım olduğunu, evdə də eyni səbəblə bir neçə saat gec gələcəyimi deyib, bunu da yoluna qoydum və qalib ədasıyla da bir dərin nəfəs aldım.

İndi, yol bizim, sir bizim, deyib, tutdum üzü aktyorlar evinə gedən yolu. Yolda kimlərlə qarşılaşdım, kimlərlə. Yağış, şimşək, göy gurultusu, leysan - hamısı əl-ələ tutub gedirdi mənimlə üzü "Aktyorlar evi”nə. Hələ tamaşanın başlamasına bir saat var. Göy qəşş edib gülməkdən, o qədər gülür ki, gözündən sel gedir. İstədim başımı qaldırıb altdan yuxarı baxam, deyəm, "nolub ala, yekə kişisən, qoy bir başlasın, sora gül də". Sonra fikirləşdim ki, yəqin o, daha hündürdə olduğu üçün məşq prosesin izləyib belə qəşş edib gedir. Deməli, daha maraqlı olacaq tamaşa".

Düzünü desəm, ünvanı da tam bilmirdim. Bircə dostum Orxan Əzimdən öyrənmişdim ki, Rus Dram Teatrının yaxınlığında "ponçik" satılan yerin düz yanındadı. Ponçik olmasa da, ponçik satılan yeri tapmışdım və ünvana düz gəlmişdim. Foyeyə daxil olanda dostları da burda görüb anladım ki, məni bura çəkən qüvvələr tək məni çəkməyiblər.

Zala daxil olub, sıra yerlərimizi tapıb əyləşirik. Yanımda oturan iki xanım cox ciddi şəkildə ayaqyalın bir oğlanın zalı iri bir süpürgəylə süpürməsini müzakirə edirlər. Xanımlardan biri:

- Yəqin xəstədi. Geyiminə də bax. Əyağı da yalındı.

- Az, yaxşı, xəstəni bura niyə buraxırlar?

- Ağıllı adam əyağı yalın niyə süpürsün yeri? Özü də süpürgəsinə də bax, sən allah. Həm də heç adamları da saymır ee, eləcə öz kefində spürür.

- Az, həə. Biri gəlib dartıb aparmır ee bunu. İndi bu dəli ağılı camaatı qata qabağına əlindəki süpürgəylə.

- Əyağı da yalındı yee. Qarnı ağrıyajax onun.

“Hərə öz yerini alsın, tamaşa 3dəqiqəyə başlıyacaq” – xəbərdarlığı yanımdakı xanımları susdurdu.

Deyirəm, ölürük də, bildik-bilmədik mühakimə etməkçün. Qanımızdadı e bu, mümkünü yoxdu.

Tamaşa gözəl bir fon musiqisi ilə başlayır. Bayaqdan zalda süpürgə ilə gəzən oğlan elə eyni templə süpürə-süpürə səhnəyə çıxır və yorğun halda süpürgəsinə söykənib mürgüləyir.

Yanımdakı xanımın digərinə vurduğu dürtməyə mən dik atılıram:

- Az gördünnn, sənə demişdim aktyordu o?

- Aktyor demədin ee, xəstədi, dedin.

- Xəstə nədi, aktyor dedim. Sakit diyan, ta başlıyır.

Süpürgəsinə söykənib mürgüləyən oğlanı yuxu pərisi qanadına alıb aparır taa röyalar aləminə. Və tək onu yox, onunla bərabər zalda olan hamını. Beləliklə, tamaşa başlayır. Səhnədə kral rolunda bəhs etdiyim dostum Orxan Adgözəl görünür.

Yanımdakı xanımlardan biri:

- Allah, ölləm də bununçün. Yaraşığdı yee, yaraşığğ.

- Hə, ərin də onu deyir.

Orxan isə öz ampluasındadı. Oynadığı rola bir az soyuqqanlılıq, bir az da xarizma qataraq aktyorluq yanını da tam olaraq ortaya qoya bilirdi. Arada etdiyi improvizələr tamaşaçıların diqqətindən yayınmırdı.

Arxa sırada əyləşən kimsə deyirdi:

- Orxan atdı yenə.

Və bunu elə içdən, ləzzətlə deyirdi, hiss olunurdu ki, Orxanın atdığı hər nədisə, onun ürəyinə yağ kimi yayılırdı.

Mənim bir qulağım və gözüm tamaşada, biri isə səhnədə idi. Ona görə hər ikisini də daha aydın müşahidə edə bilirdim. Qarşı sırada orta yaşlı xanımla 80-90 kq civarında cavan bir xanım oturmuşdu. Ana-bala olduğları danışıqlarından bəlli olurdu.

Cavan xanım anasına əyilib onu məlumatlandırmaq üçün:

- Bu aktyorlar fiziki məhdudiyyətlidirlər, - dedi.

- Kül təpaa, fiziki məhdudiyyətli sənsən ee, onlar səndən aktivdirlər. Sən ye, yat elə.

- Mən nə dedim eee, yenə?

Tamaşa əsasında Pərilər şahzadəsinə yatdığı yerdə sehirli bir bitki qoxladırlar. Və o oyanıb kimi görsə, ona da aşiq olacaq. Nəticədə Pəri oyanıb bir eşşəklə qarşılaşır və ona aşiq olur. Bu an məndən arxada əyləşən kimsə deyir:

- Pəri kimi qızlar həmişə elə gedib eşşəklərə aşiq olurlar.

Səhnədə yenə möhtəşəm kral, onun saf, məsum üzlü kraliçası görünür və arxadan yenə həmin səs: "Orxan yenə atdı ee". Yadımda saxlamışdım ki, çıxanda o daydayı tapıb soruşacam: "Orxan nə atırdı elə ki, sizə belə ləzzət edirdi?"

Tamaşa öz tempi ilə davam edirdi, bir-birindən maraqlı səhnələr ard-arda düzülürdü. Zaman su kimi axıb getdi.

Yenidən açılışdaki möhtəşəm fon musiqisinin müşayəti ilə yuxular aləmindən qayıdaq süpürgəli oğlnın süpürgəsinə söykənib mürgülədiyi səhnəyə.

Möhtəşəm sonluq: oğlan süpürgəsinə söykənib əla epiloq deyir. Alqış səslərindən bircə bunu eşidirəm:

- Könlünüzə gələni dilinizə gətrməkdən qorxmayın!

Və hər kəs ayaqda alqışlayır. Bax budur tamaşanın uğuru: bütün zal onları dayanmadan, sevgiylə, coşquyla ayaqda alqışlayır.

Amma yanımdakı xanımlar susmaq bilmir:

- Orxanı görsəydim…

- Qucağında o qədər gül var, üzü görsənir ki?..

Tamaşa bitdi. Çölə çıxdım. Göy kirimişdi. Bu dəfə mən gülümsəyirdim. Lap o lətifədəki dovşan kimi hiss edirdim özümü. Göy məndən öncə izləyib gülmüş, bitirmiş, ən sonda mən gülmüş kimi. Tamaşanın bəxş etdiyi əla ovqatla addımlayıram. Havanın üzündə təbəssüm var. Elə xöşbəxt idi ki, adam bir anlıq qucaqlamaq istəyirdi onu. Və mən bu tamaşadan, o aktyorların oyunundan sonra özlüyümdə bir daha əmin oldum ki,

"Göz yaşı ilə rəsim çəkməzlər. Çünki göz yaşının rəngi olmur!"


Müəllif: Çinarə Ömray

Oxşar xəbərlər