14 Sentyabr 2017 09:38
2 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un "Söz sözü çəkər" layihəsinin növbəti qonağı tanınmış bəstəkar və şair Xanım İsmayılqızıdır.

- Şeir yazmaqla musiqi bəstələmək arasında hansı fərqlər var?

- Şeir yazmaqla musiqi bəstələmək arasında oxşarlıq çoxdu. Hər iki halda normallıqdan çıxıb anormallığa, adi şüurdan qopub şüuraltına daxil olursan. İnsanın bir haldan başqa hala düşməyi kimi...

İntəhası, yaradıcı insanlar digərlərindən fərqli olaraq bu hallarını ifadə edə bilirlər. Şairlər sözlə, bəstəkarlar səslə eynən rəssam kimi hisslərinin, düşüncələrinin şəklini çəkə bilir. Hər iki halda gözə görünməyən duyğular dilimizin, əlimizin rəqsinə köçür. Bir fərq var: şeir kağızla qələmin, musiqi isə fortepianonun dillərinin öpüşündə görünür.

- Belə bir sual: gedən ayaqlardısa, niyə əlvida işarəsi olaraq əl göstərilir?

- Ən böyük gedişlər ayaqsız olur... Əlinə gələnin əlindən getməsinin üsyanıdı əllərin vidası.

- İnandıqlarınızı itirdinizmi, itirdiklərinizə inandınızmı?

- İtirib tapdım da, tapıb itirdim də. Ola biləcəkləri və ola bilməyəcəkləri yaşadım da. Allahımdan küsdüm və barışdım da.

Bəlkə də insanlıq budur, həyatın əsli belə olmalıdır?.. Bilmirəm. Bəzən belə bir ifadə işlədirik - yeddi qatımdan keçdi. İçimin və göyümün yeddi qatinın hər birindən keçə-keçə inandıqlarımı da itirə bildim, itirdiklərimə də inana bildim.

- Sizcə, ölümdən sonra nə var?

- Boşluq... Əvvəllər ölümdən sonranı çox düşünərdim. Artıq ölümdən əvvəli necə yaşaya biləcəyimi düşünürəm.

- Yuxularınız sizə yol göstərirmi?

- Yuxularım mənim bir başqa dünyamdı. Orda hər şey aydın görünür. Mənim yuxularım mənə olacaqları göstərir. Bəzən tanıdıqlarımın başqa üzünü də açır, bilmədiklərimi öyrədir... Demək olar ki, hər gün yuxu görürəm, təbii, yata biləndə... Ağlıma gələnlərin və gəlməyənlərin mükəmməl filminə baxıram orda. Bir də yuxuların gözəlliyi ondadır ki, nə o dünyası var, nə bu dünyası. Hər şey və hər kəs bir dünyadadır. Yuxularımın aldanışı da həqiqət şəklindədi.

- Bəs şəkillər?

- Şəkillər - o anın sözünü gözümə köçürən, xatirələri oyadan, ürəyimi titrədən, ruhumu silkələyən sükut şəklində...

- Özünüzü hansı musiqi kimi hiss edirsiniz?

- Simfoniya kimi...

- Qadın hansı meyvəyə bənzəyir?

- Nəyə bənzədiyimizi əks-cinsin nümayəndələri daha aydın görə bilir...

- Şairlər üçün gözlər nəyi ifadə edir?

- Hislərin saflığını və bozluğunu, ürəyin böyülküyünü və kiçikliyini, duyğunun varlığını və yoxluğunu, yalanı və doğrunu, sevgini və nifrəti... Dilə gəlməyənlər gözdə görünə bilir.

- Sevgi ürəyin işidir, qəlbin, yoxsa beynin?

- Sevəndə ağıl olmaz - deyərlər. Təbii ki, qəlb işidir.

- Darıxanlara nə tövsiyələriniz var?

- Darıxmağın zirvəsində olan adamam. Mənim özümə tövsiyə verən gərək...


Müəllif: Emin Akif