8 Noyabr 2018 12:36
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib. Teatrımızın əvəzolunmaz aktrisası Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı olarkən, sənət və özəl həyatı ilə bağlı maraqlı açıqlamalar vermişdi. Onun Teleqraf.com-a müsahibəsini qısa ixtisarla dərc edirik:

Azərbaycan tamaşaçısı onu “Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə ilə tanıdı. Bu rol o qədər uğurlu oldu ki, pyesin müəllifi İlyas Əfəndiyev sonrakı əsərlərində baş rolların böyük əksəriyyətini məhz Amaliya Pənahova üçün yazırdı. Parlaq simaya çevrilən aktrisa illər sonra öz teatrını yaratmaq qərarına gəldi. Həyat yoldaşı Yusif Muxtarla ərsəyə gətirdiyi Bakı Bələdiyyə Teatrı çoxsaylı maraqlı və özəl tamaşalar hazırladı...

Qurban Yaquboğlu: Niyə Bələdiyyə Teatrı teatr yaratmaq fikrinə düşdünüz? Siz parlaq sima idiniz, “Azdram”da İlyas Əfəndiyevin tamaşalarını oynayırdınız...

- 1990-cı ilin əvvəllərində, həqiqətən də, elə bir məqam çatdı ki, teatrın bütün repertuarı mənim çiynimdə idi. 18 tamaşanın 15-də baş rolda çıxış edirdim. İlyas Əfəndiyev mənə yazırdı, bu, özəl bir şey idi. İlk tamaşamın uğurundan sonra məhz mənə yazırdı.

“Çəkinirdilər ki, birdən gəlib onların yerini tutaram”

Q.Yaquboğlu: Bütün qadın rollarında sanki Sizi nəzərdə tuturdu...

- Bəli. Həm də obrazlar rəngarəng idi. Qərb klassikası, rus dramaturgiyasında Azərbaycan klassiklərinin bir çox əsərlərində çıxışlar elədim. Amma 1990-cı illərdə 20 Yanvar hadisələri oldu. Teatrlarda çaxnaşma baş verdi, hakimiyyət dəyişirdi, bilmirdin, kim hansı quruma xidmət edir. Teatrların çoxunu bağladılar. Mən o dövrdə çox müraciət edirdim ki, gedək cəbhə bölgələrinə. Müharibə artıq başlamışdı, təəssüflər olsun ki, bu, heç kimi narahat etmirdi. Biləcəriyə gedib tonqal qalayırdılar, başlarına 3-4 əsgər yığıb televiziyaya çəkdirirdilər. Neçə dəfə belə şeylərdən imtina edib ağır söz deyib çıxıb getmişəm. Müdiriyyətə də müraciət edəndə deyirdilər ki, nə işinə qalıb, maaşını alırsan, get otur, sənə heç nə lazım deyil. Amma mən riqqətə gəlirdim. Bilirsiniz, aktyor sənəti rejissordan, dramaturgiyadan, müdiriyyətdən asılıdır. Uzaqdan biz hamımız firavan görünürük, amma daxildə çox böyük və gərgin mübarizə gedir. Paxıllar, gözü götürməyənlər var. İstəməzdim bunu açıqlayaq, qoy elə tamaşaçının yaddaşında gözəl qalaq. Mən çox çirkinliklərlə rastlaşdım. Son vaxtlar lap bezmişdim. Mənə elə gəlir ki, yerlərindən, mənim nüfuzumdan qorxurdular. Çəkinirdilər ki, birdən gəlib onların yerini tutaram. Heç mən o fikirdə də deyildim. Amma artıq müstəqillik istədim. Almaniyada da oldum, oradakı teatrlara da baxdım, sənədləri hazırladım və teatrı açdıq.

“Yusif məni səhnədə görməyi xoşlayırdı”

Q.Yaquboğlu: Teatrı həyat yoldaşınız Yusif Muxtarla birgə açdınız. Akrtisaların həyatı həmişə maraqlı olur. Həyat yoldaşınızla nə zaman rastlaşdınız?

- Gəncədə doğulmuşam, 10 yaşından Bakıya köçdük, rus məktəbində oxuyurdum deyə Moskvaya getmək istədim. Valideynlərim qoymadı. Orada Kinematoqrafiya institutuna daxil olmaq istəyirdim, icazə vermədilər. 5-10-cu sinfə qədər məni heç bir dərnəyə qoymadılar, amma televiziya və radioda "Bənövşə" uşaq xoru açılmışdı. 1958-59-cu illər idi, 5 il getdim oxudum, solist oldum. Sonra bu, mənə teatrda kömək oldu. Teatrda 15-ə yaxın mahnı oxudum. Mənə o vaxt rəhmətlik rektor Vahid Hüseynov institutda şərait yaratdı, dinləyici kimi instituta gəldim. Mənə dəhlizdə qayıtdı ki, sən dili bilmirsən, bura Azərbaycan dilli universitetidir, necə gəlirsən? Dedim, nə bilim. Dedi icazə verirəm, gəl bütün dərslərə, otur dinlə. Şərait yarandı, bütün dərslərdə oturdum və dilə alışdım. 17 yaşında məktəbi bitirdim və instituta daxil olanda Yusif artıq ali məktəbi bitirmişdi. O, Dövlət İqtisad Universitetini qurtarmışdı. Məni görüb Mədəniyyət və İncəsənət Universitetində oxuduğum kursa daxil oldu. Yusif həm görkəmi, həm də danışığına görə səhnə üçün çox yararlı idi.

“17 yaşından əlini başımın üstünə qoydu, götürdü məni”

Q.Yaquboğlu: Amma heç vaxt səhnədə olmadı...

- Yox, oldu. 2 dəfə televiziya tamaşasında, 3 dəfə də Adil İskəndərovun diplom tamaşalarında çıxış etdik, onunla tərəf müqabili olduq. "Qırmızı yaylıqlı qovağım mənim", "Duel", "İki qardaş", Qəribə adam" tamaşalarında oynadıq. 30 il radioda aparıcı-diktor oldu, çox gözəl səsi vardı. 17 yaşından əlini başımın üstünə qoydu, götürdü məni (gülür).

Q.Yaquboğlu: Sizi səhnədə qısqanmırdı?

- Yox, o, məni səhnədə görməyi xoşlayırdı.

“Hamımız firavan görünürük, daxildə çox gərgin mübarizə gedir”

Dilqəm Əhməd: Söylədiniz ki, 90-cı illərdə vəziyyət gərgin idi, insanların kimə xidmət etdiyi bilinmirdi. Özünüz də həmin proseslərin içində olmusunuz. Bu gün həmin illər, Azadlıq meydanı, Sizin meydanda tək qadın olmağınız necə görünür?

- Çox qəribə dövr idi. İndi də bir şeyə təəccüb qalıram, necə olur ki, heç kəsin çağırışı və şüarı olmadan millət Azadlıq meydanına axışsın. Orada milyonlarla adam vardı. Görün, nə dərəcədə ruh yüksəkliyi vardı. İndi 100 nəfəri bir yerə toplamaq müşkül məsələdir. Minlərlə insan gecədən səhərədək meydanda qalırdı. Ondan qabaq dövləti devirmək cəhdi olmuşdu. Yadınızdadır, onda prezident iqamətgahı qarşısında ulu öndərimiz çıxış elədi. Mən də meydana gəlməyi özümə borc bildim. Çünki Heydər Əliyevin hələ Sovetlər Birliyində bizim sənətkarlarımızı, elm xadimlərini, ayrı-ayrı ziyalıları SSRİ-i miqyasında tanıtmağı ürəyimizi fəxarətlə döyündürürdü. Niyə gizlədək? Qafqazda Gürcüstan, Ermənistan tanınırdı, Azərbaycan deyəndə soruşurdular, gürcüsüz, ermənisiniz? Heydər Əliyevin gəlişi ilə yavaş-yavaş Azərbaycanı tanımağa başladılar. Onun sənətə verdiyi qiymət, haqqımızda əcnəbilər qarşısında ürəkdolusu çıxışı gözümün qabağındadır. Hər bir premyeradan sonra səhnə arxasına gəlirdi. Sovet vaxtındakı tarixi filmlərimiz bu gün klassikaya çevrilib. Hər bir bayramda ona xas filmlər göstərilir. Əvvəl yox idi axı. Düzü indi də yoxdur. Qurumların dəyişməsi, keçid dövrü bizi bir az geriyə atdı. Bütün təchizat, gözəl təmir olsa da, hələ özümüzü axtarırıq. Filmlərimizin qızıl fondda qalması üçün onları o səviyyəyə gətirib çıxara bilmirik. Düzdür, ayrı-ayrı gənclər kino festivallarında mükafatlar qazanırlar. Amma bu, sistem şəklinə düşməyib. Dünya kino sənəti ilə ayaqlaşmaq üçün nəyin daha yaxşı olduğunu axtarırıq. 1994-cü ildə respublikamız üçün təhlükə yarananda mən öz mövqeyimi bildirməli idim.

“Heydər Əliyevin sayəsində Kəbəyə daxil oldum”

Q.Yaquboğlu: Yeri gəlmişkən Heydər Əliyevlə nə zaman üzbəüz tanış olmaq imkanı yarandı?

- 1969-cu ilin qışında Dumbadzenin "Darıxma ana" tamaşasına baxmağa gəlmişdi. İlk dəfə onu lojada gördük. 1971-ci ildə İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesi əsasında səhnəyə qoyulmuş tamaşaya baxdı, səhnə arxasına gəldi və yaradıcı heyətə respublikada təsis olunmuş ilk dövlət mükafatını verdi. Yaradıcı heyətin tərkibində çox gənc aktrisa idim, o mükafat ilk dövlət mükafatım idi. Heydər Əliyev təqdim elədi. Xurşudbanu Natəvan tamaşasına baxdı, Ağdamda Natəvanın qəbrinin üstü götürüldü, Şuşada onun barelyefi açıldı, hamımız, başda Heydər Əliyev və xanımı Zərifə xanım olmaqla orda iştirak elədik. İlham Əliyev Moskva Dövlət Beynəlxalq Universitetində oxuyurdu, gəldi, Zərifə xanım fəxrlə dedi ki, ürəyi Azərbaycanla döyünür, vətənpərvərdir. Bütün bu hadisələr gözümün qarşısındadır. Heydər Əliyev Məkkəyə gedəndə nümayəndə heyətinin tərkibində mən də vardım. Heydər Əliyevin sayəsində Kəbəyə daxil oldum. Onun üzünə qapılar açıldı, yüz nəfərin içindən 20 nəfər keçə bildi, Allah-təala elə elədi ki, mən Kəbəyə girə bildim. Qapılar bağlandı və çox əsrarəngiz anlar yaşandı. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü idim, millət vəkili olanda görüşüb söhbət aparmışdıq. Hətta rəqs də eləmişəm.

D.Əhməd: Hansı rəqs idi?

- Azərbaycanın milli rəqsi. Dəvət elədi, oynadıq. Bilirsiniz, necə rəqs edirdi? Qartal kimi oynadı. Mən qorxumdan əsirdim, deyirdi qorxma, qorxma. Mən də qayıtdım ki, qorxuram ayağım bir-birinə ilişə, yıxılam (gülür).

N.Ehlamqızı: Yəqin tamaşaçılardan məktublar alırdınız...

- Əlbəttə, pərəstişkarlardan məktublar da, zənglər də, gül-çiçəklər də vardı. İndiyə kimi onlar var. Mən həmişə tamaşaçılarıma minnətdar olmuşam.

D.Əhməd: Üzvü olduğunuz Yeni Azərbaycan Partiyasından vəzifə gözləmisiniz, yaxud təklif olunub?

- Bu ona bənzədi ki, hər il ya Teatr Xadimləri İttifaqı, yaxud “Azdram” da bir söz buraxırlar ki, Amaliya teatra direktor gəlir. Mənim öz işim başımdan aşır. Heç kəsin yerində gözüm yoxdur, ürəklərini buz kimi saxlasınlar (gülür). Mən YAP-ın Səbail rayon təşkilatı üzrə İdarə Heyətinin üzvüyəm. Bu rayon partiyanın ilk rayon təşkilatından biridir. Eləcə də, Qadınlar Şurasında iş gedir. Vallah vəzifə elədir ki, bu gün var, sabah yox (gülür).

N.Ehlamqızı: Vurğuladınız ki, çoxları elə bilirdi “Azdram” a rəhbər vəzifəsinə gedəcəksiniz. Bu söz-söhbətlərə görə teatrın rəhbəri ilə Sizin aranızda soyuqluq yaranıb?

- “Azdram”ın indiki rəhbərliyi ilə aramda soyuqluq yaranmayıb.

D.Əhməd: Bəs Əbülfəz Elçibəyi necə xatırlayırsınız, onunla tanışlığınız olub? Həmin dövrdə aktrisa kimi çalışırdınız?

- Mən sizə dedim 90-cı illərdə teatrların vəziyyəti necə idi. Bir çox teatrlar bağlandı. Bilmirəm siyasətə qoşulmaq istəmədilər, ya nəyəsə görə bağlandı. Mən bir şeydən utandım açığı, Elçibəyin iştirakı ilə Moskvaya intervü verilirdi. Orada tərcüməçi oturdu. Çox gülünc vəziyyət yarandı. Azərbaycanın öz imici və dəsti-xətti vardı. Çünki biz öyrəşmişdik Heydər Əliyev sinə-dəftər idi, rusca, azərbaycanca danışırdı. Məncə Elçibəy rusca bilirdi, tərcümə ilə müsahibə verməsi yaxşı alınmadı. Onun hakimiyyəti nə çəkdi ki? Onların dövründə sözsüz teatr işləyirdi, Azadlıq meydanına gedirdik, biz hamımız rus qoşununa qarşı çıxırdıq. İstəyirdik biz də hansısa formada kömək edək.

N.Ehlamqızı: Bir az da övladlarınızdan danışardınız. Hazırda nə işlə məşğuldurlar?

- Bir oğlum, bir qızım, üç nəvəm var. Övladlarımda istedad vardı, amma onları kənarlaşdırdım, kiçik nəvəmdə sənətə məhəbbət daha çoxdur.

Q.Yaquboğlu: Övladlarınızı niyə sənətdən kənarlaşdırdınız?

- Çünki çox çətin, etibarsız sənətdir. Gərək bu sənətdə özünü gündəlik təsdiqləyəsən. Tamaşaçı məndən də amansızdır. Qızım iki universitet qurtarıb, indi özünün özəl işi var, iki övlad böyüdüb. Böyük nəvəm də iki ixtisaslıdır. Onu sənət çəkdi, foto ilə məşğuldur. Orada çalışır. Oğlum diplomatdır, onun da oğlu Amerikada universiteti bitirmək üzrədir. Kiçik nəvəm 8-ci sinifdə oxuyur. Kinoya çəkilmək istəyir, nağara, gitara çalır, mahnı oxuyur, rəqs eləyir.

“Babək” filmini işıqlı xatırlayıram”

Q.Yaquboğlu: "Babək" filminin çəkilişlərini necə xatırlayırsınız? Filmdə fərqli səhnələr var, o film yaradıcılığınızda hansı rol oynayıb?

- Eldar Quliyev filmə hazırlıq işləri apardı və möhtəşəm film alındı. Çox çətin çəkilişlər idi. Naxçıvanda yay vaxtı, istidə çəkilib. Qala inşa olunmuşdu, maket idi. Bir də bütün səhnələr daxili pavelyonlarda qurulmuşdu. Döyüşlər hamısı açıq havada çəkilmişdi. Rasim Balayev 30 kiloluq geyimdə, 40 dərəcəlik istidə saqqal, bığda böyük əziyyət çəkdi. O filmi işıqlı xatırlayıram.

“50 ildən sonra da tamaşaçılar üçün maraq kəsb edirəm”

N.Ehlamqızı: Amaliya xanım, Siz obrazlarınız və işinizlə tamaşaçıların xatirində qalmısınız və hər zaman yaratdığınız obrazlar müzakirə edilib. Amma son zamanlar estetik əməliyyatınız çox müzakirələrə səbəb oldu. Bu cür xəbərlərə reaksiyanız necədir?

- Çox mənfidir. Mənə elə gəlir ki, o nadanlıqdır. Bu haqda danışmaq gülüncdür. Dünyada nəinki sənətkarlar sırasında, müəllimlər, siyasətçilər, prezidentlər arasında bu təcrübə var. Allah özü sənətçiyə deyib ki, özünlə məşğul ol. Mənə elə gəlir ki, bu cür söz-söhbətlər nəyinsə xatirinə olan bir şey idi, xoşagəlməz alındı. Hər halda siz məni, görkəmimi də görürsünüz. Onların yazdıqlarına heç cavab da vermirəm. Onu da deyim, kimsə paxıllıq naminəmi elətdirib, babalı öz boynuna. Gündəmdə bu cür olmaq heç kimə başucalığı gətirmir. Gündəmdə sən sənətinlə, istedadınla ol. Mən xoşbəxt sənətkaram ki, 50 ildən sonra da tamaşaçılarda maraq kəsb edirəm. Deməli, nə isə deyiləsi sözüm var, tükənməmişəm. Bax bununla fəxr edə bilərəm. Amma bu gün burnumu, qulağımı yoxsa saçımı kəsdirdim, bunun heç kəsə dəxli yoxdur, bu, hər kəsin öz şəxsi işi, həyatıdır. Buna müdaxilə etmək düzgün deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər