Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk kinosu və dəb dünyasının ən məşhur simalarından biridir. Çağla Şıkeldən danışırıq.
Türkiyədə yaşayan Azərbaycan əsilli Çağla Şıkel model, aktrisa və teleaparıcıdır.
Çağla Şıkel 1979-cu il yanvarın 2-də İstanbulda Asuman və Hüseyn Şıkelin ailəsində doğulub. Maliyyə mütəxəssisi olan atası Hüseyn Şıkel Qarsda doğulmuş azərbaycanlı, anası isə çərkəzdir. Çağla ailənin ikinci övladıdır, onun özündən böyük Berna adlı bacısı var.
Çağla Şıkel təhsilə 1985-1989-cu illərdə İstanbulda Ahmet Hamdi Tanpınar orta məktəbində başlayıb. Dördüncü sinifdən etibarən İstanbul Dövlət Konservatoriyasında balet kurslarında iştirak edib. 1997-1999-cu illərdə Mimar Sinan Universitetində təhsil alıb.
Çağla Şıkel 1996-cı ildə “Odessia” adlı filmdə rol alıb. 1997-ci ildə Türkiyə gözəli seçilib. Həmin il Seyşel adalarında keçirilən Dünya Gözəllik Müsabiqəsində (Miss World 97) dördüncü, Avropa üzrə isə birinci yerə layiq görülərək ölkəsinə iki mükafatla qayıdıb.
1997-2003-cü illərdə Fransa, ABŞ, Almaniya, Çin, Rusiya, Yunanıstan, İsveçrə və Misirdə keçirilən dəfilələrdə iştirak edib.
2004-cü ildə “Cennet mahallesi”, 2008-ci ildə isə “Görgüsüzler” seriallarında oynayıb. Habelə ayrı-ayrı vaxtlarda “Avrupa Yakası”, “Zehirli çiçek”, “Bu gün ne giysem”, “Dostlar mahallesi” və “Jet sosyete” kimi məşhur ekran əsərlərində rol alıb.
Balet məşğuliyyətinə verdiyi 16 illik fasilədən sonra – 2013-cü ildə 11-ci Beynəlxalq Bodrum Balet Festivalında “Bach Alla Turca” adlı əsəri ilə səhnəyə geri döndü.
Çağla Şıkel 4 il pop müğənnisi Əmrə Altuğla eşq yaşayıb. 2008-ci ildə evləndiyi müğənnidən 2015-ci ildə boşanıb. İki övladı var.