3 Oktyabr 2022 16:50
2 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasının “İnteract” təlim layihəsinin final təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov, "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov, eyni zamanda müstəqil kino təşkilatlarının təmsilçiləri, prodüserlər, tanınmış kino mütəxəssisləri iştirak ediblər.

Bildirilib ki, layihə may ayından start götürüb. Elan nəticəsində ümumi 150 nəfərdən çox gənc müraciət edib. Keçirilən mərhələli müsahibələrdən sonra mentorlar tərəfindən 60 gənc “INTERACT Film Lab” iştirakçısı olmaq imkanını qazanıb.

6 ay davam edən layihə çərçivəsində xaricdən dəvət olunmuş kino mütəxəssisləri yerli tələbələrlə nəzəri və praktiki dərslər həyata keçiriblər.

Rejissorluq üzrə Natalya Merkulova, ssenari yaradıcılığı üzrə Aleksey Çupov, təsvir rejissorluğu üzrə Yevgeni Rodin, quruluşçu rəssamlıq üzrə Quram Navrozaşvili və prodüser ixtisası üzrə Valeriya Lebid öz bilik və bacarıqlarını seçilmiş iştirakçılarla bölüşüb.

Tədbirdə çıxış edən Natalya Merkulova layihədə iştirakından məmnun olduğunu, tədris müddətində istedadlı gənclərlə bərabər çalışdığını bildirib.

Daha sonra isə pitçinq gerçəkləşib. Belə ki, Film Lab iştirakçılarının komanda halında ərsəyə gətirdiyi 14 final yaradıcılıq işi qonaqlara təqdim olunub. Kino sahəsinin seçilmiş üzvlərindən ibarət münsiflər heyəti təqdim olunan yaradıcılıq işlərindən seçim edərək, növbəti mərhələ üçün Mədəniyyət Nazirliyinə bununla bağlı məlumat verəcək.

Təqdimatın sonunda bu proqramı uğurla tamamlamış 32 iştirakçı sertifikatlarla təmin olunub.


Müəllif: Nərmin Muradova, Foto: Elmin Zahidzadə

Oxşar xəbərlər