Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarıldı.
Teleqraf.com xəbər verir ki, bu barədə filmdə baş rolun ifaçısı Şahan Gökbakar "İnstaqram" səhifəsində bildirib.
O, azərbaycanlılara video müraciət edib: "Receb İvedik 5” filminin fraqmanını yayımladıq. Qısa zamanda izləmə rekordu qırdı, baxış sayı 10 milyonu keçdi. Buna görə hər birinizə təşəkkür edirəm. Bizi şərəfləndirdiniz. Gələk ikinci məsələyə. Filmdəki səhnə ilə bağlı çirkin bir siyasət başladı. Mən filmlərimi gülmək və güldürmək üçün çəkirəm. Amma bir Azərbaycan qardaşımın narahatlığı könlümü yaralayar. Boks səhnəsini filmimdən sevə-sevə çıxarıram. Bu qardaşlığımın sübutu olsun. Həm də filmimizin üzərinə pis niyyətlə gedənlərin oyununu əngəlləmiş olduq. Bütün türk xalqını hörmətlə qarşılayıram. Hamınızı çox sevirəm. Haqqınızı halal edin”.
Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar narazılığa səbəb olmuşdu.
Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar da həmin dialoq və epizodlardan narahat olduğunu, filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub ünvanlayacağını bildirmişdi.