Teleqraf.com Azərbaycan legionunun lideri, mühacirətdə SSRİ əleyhinə mübarizə aparan Əbdürrəhman Fətəlibəyli Düdənginskinin bir dostu ilə bərabər yazdığı “Kremlin nökəri Nazim Hikmət” adlı yazısını təqdim edir:
***
Türkiyədə seçki kampaniyası başladı. Türk milləti böyük bir şövqlə öz qanuni məclisini seçməyə hazırlaşır. Eyni vaxtda Sovet İttifaqında Türkiyəyə qarşı böyük bir təbliğata başlanıb. Kremlin pəncəsində inləyən Azərbaycan, Türkistan, İdil-Ural, Quzey Qafqaz, Ermənistan, Gürcüstan kimi türk-müsəlman və Qafqaz xalqlarında bu təbliğat xüsusilə şiddətli şəkildə həyata keçirilir.
Türkiyəyə qarşı aparılan bu təbliğat, xüsusilə, Türkiyə-Pakistan ittifaqı imzalandıqdan sonra büsbütün şiddətlənib. Kreml diktatorları Türkiyəyə qarşı apardıqları təbliğatda kommmunist şair Nazim Hikmətdən olduqca faydalanırlar.
Nazim Hikmət hələ 1921-ci ildə Sovet diktaturasının xalq və insan düşmənliyi məktəbində təhsil alırdı. Həmin il Moskvaya gəlib, Şərq zəhmətkeşlərinə məxsus Kommunist Universiteti adlanan məktəbə qeydiyyata düşüb.
Bu necə bir təhsildir? Oxuduğu nə idi? Buna Nazim Hikmətin öz sözləri ilə cavab versək, daha doğru olar. “On iki ilim” adlı şeirində Nazim Hikmət belə deyir:
Gündə iyirmi dörd saat Lenin
İyirmi dörd saat Marks
İyirmi dörd Engels
.......................
Gündə üç yüz qram qara çörək
İyirmi ton kitab
Və iyirmi dəqiqə özüm üçün...
Budur, Moskva ona belə bir ədəbiyyat öyrədirdi.
Şərq zəhmətkeşlərinin Kommunist Universitetindən məzun olduqdan sonra Nazim Hikmət çamadanını ağzına qədər Marks, Engels, Lenin və Stalinin əsərləriylə doldurub, Kremldən yolpulu da alaraq Türkiyəyə döndü. Öz təbiriylə, ana vətən torpağına ayaq basan kimi dərhal Kreml tərəfindən verilən vəzifəyə başladı. Onun vəzifəsi Türkiyə hökumətinə qarşı iftira və provakasiya, Sovet Rusiyası lehinə təbliğat aparmaq idi. Fəqət bu çirkin vəzifələrini həyata keçirərkən çuxura yuvarlandı. Çünki Türkiyə kəndli və fəhlələri Kreml nümayəndəsi Nazim Hikmətin sözlərinə inanmamışdılar.
Nazim Hikmət Türkiyə Kommunist Partiyasına ithaf etdiyi bir şeirində bu partiyanı Rus Kommunist Partiyasının qardaşı adlandırır və Rus Kommunist Partiyasını da Moskvada deyil, Ankara və İstanbulda görmək arzusunu izhar edir.
Türk millətinə və hökumətinə qarşı apardığı çalışmalar səbəbindən Nazim Hikmət həbs edilmişdi. Fəqət ümumi əfv elan edilincə, hər kəs kimi o da sərbəst həyata qovuşdu. Lakin buna baxmayaraq, Nazim kommunizmə, bu fikri beynində daşıyan hər kəsə qarşı nifrət duyan Türk milləti arasında yaşaya bilmədi. Ona görə də, Türkiyədə həyata keçməsi mümkün olmayan kommunizmi təkrar çamadanına qoyaraq nifrətini qazandığı xalqını buraxıb, Sovet Rusiyasına qaçdı.
Təbii ki, Kreml ona sevinclə qollarını açdı. Nazim Hikmət də indi Kremldəki ağalarının əmri ilə Türkiyəyə qarşı şeirlər, pyeslər yazır, Azərbaycan və Türküstan kimi Türk yurdlarında dolaşaraq kommunizmə nifrət edən Türk millətinin adına danışır.
Türk millətinin ancaq nifrətini qazanmış olan bu xain Azərbaycanı, Türküstanı, Quzey Qafqazı dolaşaraq xalqımıza Türkiyə haqqında mövcud olmayan uydurma hekayələr danışır.
Onun Türkiyəyə qarşı yazılmış olan “Türkiyəyə aid hekayə” və “Bir eşq nağılı” adlı pyesləri hələ də Azərbaycan səhnələrində oynanılır.
“Türkiyəyə aid hekayə”də bugünkü Türkiyə bir müstəmləkə kimi, türk xalqı isə guya Sovet Rusiyasını özünə müstəqbəl xilaskar kimi görən halda təsvir edilir. Bu pyesin bir yerində Stalin türk millətinin atası və hətta peyğəmbəri olaraq təsvir edilir. İndi isə artıq Stalinin yerinə Malenkovu qoymaq və onu türk və digər millətlərin peyğəmbəri olaraq göstərmək vacib olacaq...
Nazim Hikmət kommunist bir yazar deyil, namuslu bir yazar olsaydı, aşağıdakı mövzular üzrə pyeslər yazması vacib olardı: “Krımın Türk-müsəlman xalqından təmizlənməsi”, “Şimali Qafqazda müsəlman xalqın yox edilməsi”, “Azərbaycan və Türküstanda hökm sürən müstəmləkə köləliyi”, “Sovetlərin qucağında boğulan Ermənistan və Gürcüstan”, Demokratik Türkiyədəki gəlişmələr”, “Türkiyədə kommunist totalitarizminin kökündən çürüməsi”, “Azad dünyanın zəbt edilməz qalası Türkiyə”.
Xeyr. Kremlin nökəri Nazim Hikmət bu mövzularda yazı yaza bilməz. O, ancaq ağaları tərəfindən ona əmr edilən və Sovet diktaturasının işinə yarayan mövzularda, sifarişli yazılar yaza bilər.
Sovet imperializminin işinə gələn yazılar isə həqiqətin əksidir. Buna görə də Nazim Hikmət və ona bənzər digər Kreml nökərləri ayaqları ilə həqiqəti tapdalamaqdadırlar.
“Türk izi” dərgisi, 1954. 9-12-ci sayları.
Türkcəmizə uyğunlaşdırdı: Dilqəm ƏHMƏD