Cəmi 10 saniyə çəkən öpüş zamanı partnyordan partnyora 80 milyonadək bakteriya keçir. Fransızsayağı öpüşlər isə daha risklidir.
Publika.az xəbər verir ki, hollandiyalı alimlər apardıqları araşdırmalardan sonra bu qənaətə gəliblər.
"Microbiome" jurnalının yazdığına görə, elmi tədqiqatda 21 öpüşən cütlük iştirak edib.
Alimlər gün ərzində 9 dəfə öpüşən insanların tüpürcəyində eyni mikrobların olduğunu aşkar ediblər.
Elmi ehtimallara əsasən insanın ağız nahiyəsində 700-dən çox bakteriya növü yaşayır.
Keçirilmiş təcrübələrdən alınan nəticələrə əsasən, tüpürcək bakteriyaları öpüş zamanı partnyordan partnyora asanlıqla keçdiyi halda dilin mikroflorası nisbətən sabit qalıb.
Alimlərin qənaətinə görə, bu sahədə aparılan tədqiqatlar gələcəkdə mikroblardan qorunma üsullarının təkmilləşdirilməsinə kömək edə bilər.
Alimlər insan orqanizmində 100 trilyonadək bakteriyanın yaşadığını və insanın mikrobiomu adlanan həmin mikrob koloniyasının öyrənilməsinin xəstəliklərin profilaktikası və müalicəsi üçün həlledici əhəmiyyət kəsb etdiyini bildirirlər.