Rusiyanın Çuvaşiya respublikasında 51 yaşlı qadın müəllimə saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb müəllimənin şagirdlərinə qarşı etdiyi hərəkəti olub. Sosial şəbəkələrdə paylaşılan videodan sonra polis müəlliməni bölməyə dəvət edib.
Məlum olub ki, qadın bir neçə dəfə şagirdlərini açarla və digər dəmir alətlərlə döyüb, başına və sifətinə zərbələr endirib. O, özünə bəraət qazandırmağa çalışıb: "Sinif otağına girdiyimdə uşaqların bir-biri ilə dalaşdığını gördüm. Onları ayırmağa çalışdım. Uşaqlardan biri özünü çox pis aparırdı. Mən də cəzalandırdım".
Paylaşılan videoda müəllimənin uşaqları vurduğu açıq-aşkar əks olunub.
Hazırda müəllimə ilə bağlı istintaq davam edir. Onun məktəbdə işdən çıxarıldığı bildirilib. Əgər günahı sübuta yetirilərsə, qadını 7 ilədək həbs cəzası gözləyir.
Samir