16 May 2017 15:44
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, layihə haqqında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib. Qanun layihəsi 17 maddədən ibarətdir. Qanun kabel televiziyası şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Layihəyə əsasən, Azərbaycanda kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağan edilir. Buna görə yayımçı məsuliyyət daşıyacaq.

Kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur. Kabel şəbəkəsi yayımçısı dövlət maraqlarının qorunması məqsədilə kabel şəbəkəsi üzrə yayımlanması nəzərdə tutulan proqram paketini müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumla razılaşdırır.

Xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə verilməyən hər hansı xarici telekanalın yayımına görə yayımçı məsuliyyət daşıyır.

Kabel şəbəkəsi ilə yayımlanan mövcud teleradio proqramlarının məzmununa yayımçı nəzarət edir. Teleradio proqramlarının tərkibində dövlətin qanuni maraqlarına toxunan, etnik, irqi və dini ayrı-seçilik təbliğ edən verilişlərə görə proqramın sahibi məsuliyyət daşıyır. Yayımçı belə proqramların kabel şəbəkəsi ilə yayımını məhdudlaşdıra, dayandıra və ya yayım təşkilatı ilə bağladığı müqaviləni ləğv edə bilər.

Bundan başqa, layihədə qeyd olunub ki, Azərbaycanda kabel şəbəkəsi yayımçısı dövlət ehtiyacları məqsədi ilə icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən teleradio yayımı üçün lisenziya verilmiş yayımçıların proqramlarını ödənişsiz yayımlamağa borcludur.

Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan abonentin yaşayış və qeyri-yaşayış sahələrində kabel şəbəkəsinə teleradio proqramlarında monitorinq məqsədilə hər hansı müdaxilə qadağandır.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, Azərbaycan vətəndaşlarının kabel televiziyası ilə bağlı hüquqları kifayət qədər pozulur:

“İnsanların əsəbləri ilə oynayırlar. Bəzi kabel televiziyaları çox pis göstərir. Və ya bağlanır. Məhkəməyə də müraciət edəndə vətəndaş 2 ay-gedib gəlir. Axırda da şirkət 150 manat cərimə olunur. Buna görə də cərimələrin məbləği artırılmalıdır. Saat 12 oldu, yayım kəsilir. Yağış yağır, qar yağır, yayım kəsilir. Amma kabel televiziyları vətəndaşlara 1 manat da güzəştə getmir. Bundan başqa vətəndaşa seçim imkanı vermirlər. Bütün paketlərdə demək olar ki, eyni kanallardır. Üstəgəl, kanalların keyfiyyəti də yaxşı olmalıdır”.

Komitə sədri internet televiziyilarla bağlı sərt qanunların qəbul edilməsini də təklif edib:

“Xaricdə oturan 3-5 nəfər əlinə kamera götürüb insanlardan müsahibə alaraq, ölkəmiz haqqında danışırlar. Hansı ki araşdırma aparanda məlum olur ki, heç Azərbaycanda elə bir insan yoxdur. Aprel döyüşlərində də buna təsadüf etdik. O zaman silahlı qüvvələrimiz, xalqımız haqqında danışanların heç yeddi arxa dönənlərinin Azərbaycana aidiyyatı yoxdur. Onlar ermənidən pula alıb belə danışırdılar. Bunların qarşısı alınmalıdır. İnsanlara təsir göstərən informasiya mənbələrinə nəzarət olunmalıdır”.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycanda kabel televiziyaları vasitəsilə qonşu ölkələrin telekanalları yayımlanır: “Buna misal olaraq, Rusiya telekanallarını göstərmək olar. Bunların bir hissəsi musiqi və mədəniyyətlə bağlıdır. Amma digər telekanallardan bəzən Azərbaycana qarşı “zəhər” püskürülür. Ona görə də həmin televiziya kanallarının yayımının dayandırılması məsələsi barədə ciddi düşünülməlidir”.

Q.Həsənquliyev qeyd edib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün internet və kabel telekanallarının müqavilə ilə yayımlanmaq imkanı olmalıdır:

“Onlar kabel vasitəsilə yayımlana bilməlidir. Yəni, əgər yayımçı bundan imtina edirsə, əsaslandırılmış qərar verməlidir. Misal üçün, kifayət qədər səviyyəli internet televiziyasına “yox” deyilirsə, o zaman onlar da gedib məhkəmə qaydasında öz hüquqlarını müdafiə edə bilməlidir. Bizdə indi televiziyalarla bağlı vəziyyət belədir. Bəzən binalara çanaq antenaları quraşdırmağa icazə verilmir. İnsanlar da məcbur olub televiziyaları kabel telelviziya yayımçıları vasitəsilə seçirlər. Bu baxımdan da bu qanun çox önəmlidir.

Digər tərəfdən isə qanunda qeyd olunur ki, televiziya yayımı dayandırılırsa, onun yayımı 24 saat müddətinə mümkündür. Hesab edirəm ki, informasiya texnologiyaları əsrində bu qədər vaxt kifayət qədər böyük müddətdir. Əgər hər hansı qüsur varsa, yayımçıya onu 6-8 saat ərzində aradan qaldırmaq öhdəliyi qoyulmalıdır. Əks halda 24 saat çox böyük müddətdir”.

Daha sonra layihə birinci oxunuşda qəbul edilib.

Cavad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər