Teleqraf.com bu mövzuda təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərlə müsahibəsini təqdim edir.
- Sülhəddin bəy, Brüsseldə NATO ölkələri liderlərinin zirvə görüşü keçirildi. Bu görüşlə Hərbi Alyans dünyaya və rəqiblərinə hansı mesajlar verir?
- Zirvə toplantısından əvvəl NATO Baş katibi açıqlama verib. Görüş konkret gündəlik əsasında keçirilib. Üstəlik ilk dəfə ABŞ və Fransanın yeni prezidentləri NATO-nun iclasına qatılırdı. Xüsusən də prezident Trampın toplantıya qatılması diqqətlə izlənilirdi. Amma gözlənilməz nəticələr də olmadı. Əsasən, beynəlxalq terrorizmlə mübarizə, miqrasiya və Rusiya məsələsi sammitin gündəliyində oldu. Eyni zamanda NATO-ya üzv ölkələrin hərbi xərclərinin artırılması da diqqət mərkəzində oldu. Bu baxımdan NATO-nun qlobal terrorizmlə, xüsusilə İŞİD-lə mübarizəyə qoşulması haqqında qərar qəbul edildi. Həmçinin Rusiya məsələsi gündəmə gəldi. ABŞ və Avropa Birliyi ölkələri arasında keçirilən görüşdən sonra aydın oldu ki, Rusiya məsələsində heç də tərəflər eyni mövqedə deyil. Yəni ABŞ və xüsusilə Tramp komandası Rusiya ilə bağlı müəyyən tərəddüdlər yaşamaqdadır. Çünki sanksiyalar məsələsi gündəmdədir, amma Vaşinqtonun sanksiyalarla bağlı mövqeyi tam aydın deyil. Tramp komandası hələlik bu məsələyə baxır. Hansı nəticəyə gələcəyi isə bəlli deyil.
- NATO zirvə görüşünün nəticələri nədən ibarət oldu?
- Birinci nəticə odur ki, artıq NATO hərbi ittifaqı rəsmi olaraq İŞİD-ə qarşı mübarizəyə qoşuldu. İkinci nəticə ondan ibarətdir ki, Ukrayna məsələsinə dair NATO-da razılaşma əldə edildi. Yəni bundan sonra da Ukraynaya dəstək davam edəcək. Söhbət siyasi və taktiki dəstəkdən gedir. Üçüncüsü, Rusiya əsas təhdidlərdən biri hesab edildi və Tramp da bunu bildirdi. Fikrimcə, Prezident Trampın bu məsələyə dair mövqeyi önəmli idi. Başqa sözlə, Rusiyadan gələn təhdidlərlə bağlı NATO-da ümumi mövqe formalaşdı. Məncə, bu da əsas nəticələrdən biridir. Digər tərəfdən, Tramp komandasının ABŞ-da seçki öncəsi NATO-ya olan münasibəti müsbətə doğru dəyişib. Həmçinin Çernoqoriyanın NATO-ya üzv qəbul edilməsi ilə bağlı proseduralar iyun ayında başa çatacaq. NATO-nun açıq qapı siyasəti davam edir və bu da mühümdür. Perspektivdə Gürcüstan və Ukraynanın da NATO-ya yaxınlaşması əhəmiyyətlidir. Həm də bu, Rusiyaya ciddi mesajdır. Başqa sözlə, Rusiya ilə bağlı NATO-dan yenidən birlik mesajı çıxdı. Düzdür, bu tam və qəti mesaj olmasa da, hər halda birlik mesajı oldu.
- NATO daxilində də problemlər var. Xüsusilə, Prezident Tramp tələb edirdi ki, üzv ölkələr hərbi ittifaqın maliyyələşməsi üçün üzərlərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Sizcə, bu problemlər aradan qaldırıldı?
- Tam olaraq aradan qaldırılmadı. Amma bu problemin aradan qaldırılması istiqamətində həmfikirlik baş verdi. Artıq tərəflər anlayır ki, NATO terrorizmlə mübarizəyə qoşulmalıdır. Bu, prezident Trampın tələblərindən biri idi. Üstəlik hər bir ölkən müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizinə çatdırmalıdır. Bu proses 10 il ərzində baş verməlidir. Həmçinin NATO-nun xərclərinin ədalətli bölünməsi məsələsində Avropa Birliyi ilə ABŞ arasında prinsipial razılıq var. Yəni, Trampın yeni prezident seçildiyi dövrlə müqayisədə indi NATO-ya baxışda müsbətə doğru dəyişikliklər var. Tərəflər arasında mövqelər xeyli yaxınlaşıb. Ancaq hələlik Rusiyaya münasibət məsələsində qəti birlik yoxdur və bu da Trampın mövqeyi ilə bağlıdır. İkincisi də NATO-nun xərcləri mövzusunda qəti mövqe bərabərliyi əldə edilməyib.
- Yaxın dövrdə NATO-Rusiya qarşıdurması güclənə bilərmi?
- Kəskin qarşıdurmanın olacağı gözlənilmir, amma mövcud qarşıdurma davam edəcək, zaman-zaman kəskinləşəcək. Çünki NATO Rusiya ilə bağlı siyasətini də müzakirə etdi. Və qərar ondan ibarət oldu ki, Rusiya ilə ikili siyasət davam etdiriləcək. Birincisi, NATO-nun müdafiə gücü artırılmalı və Rusiyaya güclü mesaj verilməlidir. İkincisi, Rusiya ilə məzmunlu dialoq davam etdirilməlidir. Bu faktiki olaraq NATO-nun şərq və cənub istiqamətlərində hərbi iştirakçılığı və aktivliyinin artırılması deməkdir və sözsüz ki, Rusiyanı qıcıqlandıracaq. Məzmunlu dialoq isə ilk növbədə Ukrayna məsələsində Rusiyanın geri çəkilməsi, Minsk razılaşmasına əməl olunması deməkdir. Bu da, istər-istəməz NATO-Rusiya münasibətlərini gərginləşdirəcək.