Hazırda sivilizasiyaların qovuşmasının baş verdiyi, millətlərarası inteqrasiyanın mühüm əhəmiyyət kəsb etdiyi vaxtda belə bir tədbirin keçirilməsinə görə ATƏT PA-nın prezidentinə təşəkkür edən T.Mirkişili tədbirin keçirildiyi Karintiya bölgəsinin tarixinin və inkişaf mərhələlərinin xeyli maraq doğurduğunu qeyd edib.
Azərbaycanda milli azlıqların hüquqlarının dövlət səviyyəsində daim qorunduğunu qeyd edən deputat ölkədə onların həm öz adət-ənənə, dil, din, mədəniyyətlərini qoruduğunu, həm də cəmiyyətin bütün təbəqələrinə inteqrasiya olunduğunu qeyd edib. O, milli azlıqların nümayəndələrinin icra, qanunverici və məhkəmə orqanlarında yetərincə təmsil olunduğunu qeyd edərək, multikultural dəyərlərin inkişaf etdirilməsinin Azərbaycanın strateji dövlət siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
T.Mirkişili dünyada milli azlıqların hüquqlarının qorunması zamanı qarşıya çıxan problemlərdən söz açaraq bu problemləri yaradan əsas səbəb kimi üçüncü dövlətin müdaxiləsini əsas göstərib. O, Dağlıq Qarabağda azərbaycanlı və erməni icmaları arasında etimad, birgəyaşayış prinsiplərinin formalaşmasında Ermənistanın işğalçılıq siyasətinin dağıdıcı rolunu diqqətə çatdırıb və bu müdaxilələrin qarşısının hamı tərəfindən alınmalı olduğunu xüsusi vurğulayıb.